2 Dekabr 2021 15:36
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəbi təqdim edirik:

- Cənab səfir, Kolumbiya Mədəniyyətinin Xaricdə Təşviqi proqramı çərçivəsində Azərbaycan Milli Kulinariya Asossiasiyası ilə birgə tədbiriniz baş tutdu. Bu tədbir haqqında məlumat verə bilərsinizmi?

- Bu tədbirin əsas məğzi Kolumbiya mətbəxini tərənnüm etməkdən ibarətdir. Kolumbiya mətbəxinə aid yeməkləri aşbaz Rey Guererro bişirdi və mətbəximizə aid iki təam təqdim edildi.

Tədbirimiz Kolumbiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü və onların irəli sürdüyü Kolumbiya Mədəniyyətinin Xaricdə Təşviqi proqramı çərçivəsində baş tutdu. Bu proqram əsasında biz dünyanın müxtəlif yerlərində mədəni tədbirlər həyata keçiririk. Bu tədbirlərdən birini də hər il Kolumbiya mətbəxinə aid edirik. Bu proqram çərçivəsində digər mədəni layihələr də var ki, bunlar sırasında musiqi, rəqs və konsertlərdir.

- Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlər hansı müstəvidə daha çox inkişaf edib?

- Azərbaycan və Kolumbiya arasında hər sahədə əməkdaşlıq inkişaf edir. Lakin mədəniyyət və təhsil sahəsində əməkdaşlığımız daha genişdir. Bu il dekabrda əməkdaşlığımızın 27-ci ilini qeyd edəcəyik. 27 il ərzində Azərbaycanla həmrəyliyə dayanan geniş müstəvidə olan əməkdaşlığı həyata keçirməyə çalışdıq. Azərbaycanı dost ölkə kimi görürük. Bizə hər mənada dəstək olur, biz də öz növbəmizdə Azərbaycana dəstək olmağa çalışırıq.

- Siz Kolumbiyanın Azərbaycanda təyin etdiyi ilk fövqəladə və səlahiyyətli səfirisiniz. Maraqlıdır ki, özünüz və ailənizin ölkəmizə adaptasiyası necə oldu?

- Azərbaycanda Kolumbiya səfirliyini 2014-cü ildə açmışıq. 2019-cu ildən Azərbaycanda ilk səfir təyinatı oldu. Bu da əlbəttə ki, Kolumbiya Prezidenti İvan Duke Markesin Azərbaycana olan xüsusi dost münasibətindən irəli gəlir. Mən Azərbaycana səfir təyin olunan zaman Azərbaycanla əməkdaşlığımızı istənilən müstəvidə inkişaf etdirmək üçün daha da aydın tapşırıqlar aldım. Azərbaycanıa bağlı şəxsi təəssüratım odur ki, Kolumbiya ilə coğrafi cəhətdən müxtəlif ölkələr olsa da çox maraqlı ölkədir. Azərbaycan Kolumbiyanın dost ölkəsidir. Ölkəm haqda məlumat vermək istərdim, Kolumbiya Azərbaycandan uzaq məsafədə yerləşir, And dağları ilə əhatə olunub. Ətrafında Sakit okean yerləşir. Çox gözəl mədəni tədbirləri yüksək olan ölkədir. Bu da onun mədəniyyət və coğrafiyasının müxtəlif olmasından irəli gəlir. Bu gün burada təqdim etdiyimiz tədbir göstərir ki, Kolumbiyanın mətbəxi rəngarəngdir. Azərbaycanda olduğu kimi daha çox ət məhsulları ilə qidalansaq da bizdə dəniz məhsulları da zəngindir.

- Cənab səfir, səhv etmirəmsə, Ukraynada təhsil aldığınız zaman Azərbaycana gəlmisiniz. Maraqlıdır ki, uzun illər sonra Azərbaycanda nə kimi dəyişiliklərin şahidi oldunuz?

- Öncə suala görə təşəkkür edirəm. Düzdür, mən 1980-ci illərdə Ukraynada təhsil almışam. Azərbaycana isə ilk dəfə 1986-cı ildə gəlmişəm. O zaman gənc idim. Mən Azərbaycana gələndə inkişaf yox idi, amma səfir seçilən zaman nostalji hisslərə qapıldım və bura gələndə Azərbaycanın nə qədər inkişafda olduğunu gördüm. Lakin insanların qonaqpərvərliyində az da olsa dəyişiklik yoxdur. Azərbaycanlılar hər zaman bizi qonaqpərvər qəbul edib və çox səmimi xalqdır. Azərbaycan mənim çox xoşuma gəlir.

- Xalqlarımızın oxşar və fərqli xüsusiyyətləri nələrdir?

- Azərbaycanla başlıca fərqimiz coğrafi uzaq məsafədə yerləşməyimizdir. Ancaq hər iki millət sosial-iqtisadi cəhətdən mübarizə aparan, ölkəsinin daha da irəli getməsinə çalışan xalqdır. Hər iki xalq uzun illər konflikt və münaqişələrdən əzab çəkib. Bu kimi oxşarlıqlar bizi beynəlxalq arenada da siyasi müstəvidə bir-birimizə dəstək olmağımıza sövq edir. Digər fərqli xüsusiyyətimiz dilimizdir. Biz Xarici İşlər Nazirliyi arasında ispan dilinin kursunun tədrisi proqramını həyata keçirdik ki, Azərbaycanın dövlət qulluqçuları bu proqramdan yararlanırlar. Bu proqram hər il baş tutur və sırf dövlət xadimləri üçün nəzərdə tutulur. 500-ə yaxın dövlət xadimi bu kurslardan yararlanıb və ispan dilli xarici ölkələrə təyinat alıb. Bu da bizi çox sevindirir. Çünki Azərbaycanın dövlət xadimləri ispan dilində Kolumbiya ləhcəsi ilə danışırlar.

- Azərbaycan ilə Kolumbiya arasında təhsil mübadiləsi var? Azərbaycanda kolumbiyalı tələbələr təhsil alırmı?

- Təhsil sahəsinə əməkdaşlığa dövlət qulluqçuları ilə ispan dilinin öyrənilməsi ilə başladıq. Bu təşəbbüs o qədər uğurlu alındı ki, başqa layihələr də həyata keçirmək istəyirik. Hazırda layihələr üzərində işləyirik. Bunu deyə bilərəm ki, Azərbaycan rəsmi səviyyədə Kolumbiyada Qoşulmama Hərəkatına üzv olduğu üçün hər il təqaüd proqramları təklif edir. Hər il bu təqaüd proqramları çərçivəsində bir-iki tələbəmiz iştirak edir. Bundan da əlavə ADA Universiteti də təqaüdlər təşkil edir. Biz də öz növbəmizdə "ICETEX" adlı layihə çərçivəsində azərbaycanlı tələbələrə təqaüd proqramları təklif edirik. Sadəcə olaraq dil baryerlərinə görə bəzən baş tutmur. Lakin biz bunu mükəmməlləşdirməyə çalışırıq. Səfirlik olaraq bu kimi proqramların təşviqi üçün Azərbaycanda bir sıra festivallarda iştirak edirik. Bunlardan da biri kitab sərgisidir ki, hər il aktiv şəkildə iştirak edirik. Azərbaycan və Kolumbiya arasında mədəni sahədə kitabları sərgidə nümayiş etdiririk.



- Kolumbiya mətbəxi çox xoşumuza gəldi. Dəvətiniz üçün təşəkkür edirik. Maraqlıdır ki, siz Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?

- Ümumiyyətlə, burada səfir olduğum müddətdə Azərbaycan mətbəxi məni təəccübləndirdi. Dolma və antrikotun aşiqiyəm. Salatlarınız da çox xoşuma gəlir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər