Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra darmadağın edilən Ermənistan və hərbi-siyasi rəhbərliyi yenə də" çoxqütblü” oyunlarını davam etdirmək niyyətindədir. Soçi görüşündən sonra ümid edilirdi ki, Nikol Paşinyan və onun komandası, erməni cəmiyyəti olanlardan konkret nəticə çıxararaq, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün səylər göstərəcək. Amma bunların əksi müşahidə edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanla danışıqlara və əldə edilən razılaşmalara heç vaxt sona qədər inanmaq olmaz.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, 1918-1920-ci illərdə biz bu vandal cəmiyyətə güzəştə getdik:
“Tarixi Azərbaycan torpağı olan İrəvan saxta erməni dövlətinə güzəşt edildi. Bu da bizim tariximiz üçün təəssüfedici bir məqamdır. Ermənistan Azərbaycan xalqının bu güzəşti ilə üzərinə bir çox öhdəliklər götürdü. Bu onunla bağlı idi ki, erməni tərəfi bundan sonra Azərbaycana qarşı ərazi iddialarında olmayacağı ilə bağlı üzərinə öhdəliklər götürmüşdü. Eyni zamanda bu öhdəliklərlə Ermənistan Zəngəzur və Naxçıvan istiqamətində hərbi təxribatlara son qoyacaqdı. Lakin erməni tərəfi o dövrdə bu öhdəliklərin heç birini icra etmədi”.
Millət vəkili hesab edir ki, 44 günlük müharibədən sonra bütün dünyaya yalvaran erməni tərəfi yenə də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır: “Son təxribatlar da göstərir ki, bu toplumla normal müstəvidə danışmaq, razılıq əldə etmək mümkün deyil. Eyni zamanda sərhəd yoxdursa, Azərbaycan üçün də yoxdur. Biz də bunu cavabsız qoymamalıyıq".
Fəzail Ağamalıya görə, bu gün Azərbaycanın yaratmış olduğu reallığa beynəlxalq birlikdən mühüm dəstək var:
“Azərbaycan tərəfi bu gün tarixi ədaləti bərpa edib. Qarşı tərəf bundan sonra da təxribatlara davam etsə, onu sona kimi cəzalandırmaqda davam etməliyik”.