Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Haaqa məhkəməsi Azərbaycanla bağlı mühüm qərar verdi. Bu qərar necə dəyərləndirilməlidir?
- Haaqa məhkəməsi bir daha Azərbaycanın haqlı mövqeyini təsdiq etdi. Bu əslində Azərbaycanın diplomatik və beynəlxalq hüquqda ciddi uğuru kimi qiymətləndirilməlidir. Artıq Azərbaycan beynəlxalq səviyyədə Haaqa kimi məhkəmədə özünün mövqeyini müdafiə edəcək bir sistemin formalaşmasına nail olub. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsinin ölkəmizlə bağlı vermiş olduğu tarixin qərar çox önəmlidir. Çünki bundan sonra da Ermənistanla siyasi, diplomatik sahədə olduğu kimi hüquq müstəvisində də mübarizə davam edəcək. Qarşı tərəf hələ də özünün faşist ideologiyasından imtina etməyib. Uzun illərdir zəhərlənmiş qruplarla mübarizədə hüququn aliliyinin təmin olunması mühüm göstəricidir.
- Bu, Azərbaycana beynəlxalq müstəvidə hansı üstünlüklər qazandırır?
- Bu uğurların bundan sonra da davamı olacaq. İndiyə kimi Ermənistan Azərbaycana qarşı ərazi və digər məsələlərdə əsassız iddialar irəli sürürdü. Artıq proseslərin axarı dəyişib. Azərbaycan Ermənistanın işğalçılıq və vandallığını beynəlxalq hüquq müstəvisinə çıxarmaqla öz haqlı iddialarının təminatına nail olur.
- Beynəlxalq hüququn qərarları Ermənistana nə dərəcədə təsirlidir?
- Ermənistan heç vaxt beynəlxalq hüquqa və hümanizm dəyərlərinə sadiq qalmayıb. Bu son razılaşmalarda da özünü açıq şəkildə göstərir. Ermənistan tərəfi 2020-ci il 10 noyabr razılaşmasından sonra bölgədə kommunikasiyaların açılacağına dair öhdəliklər götürsə də, bunun icrasından boyun qaçırır. Hazırkı Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə bu proseslərin reallaşmasına razılıq ifadə etsə də, Qərbdəki himayədarlarının vasitəsi ilə mümkün qədər vaxtı uzatmağa çalışır. Ermənistan indiki halda Avropanın Rusiyaya qarşı hansısa bir kəskin mövqeyinin formalaşmasına can atır. Məqsəd də əldə edilmiş razılaşmalardan mümkün qədər imtina etməkdir. Eyni zamanda Ermənistan rəhbərliyi Qərbdəki dairələrin vasitəsi ilə Azərbaycana qarşı iddialarını davam etdirmək niyyətindədir. Amma bütün bunlar heç bir əhəmiyyətə malik deyil. Qalib və güclü Azərbaycan qarşısında Ermənistanın heç bir manevr imkanları mövcud deyil.
- Haaqa məhkəməsinin qərarı Brüssel görüşünün mahiyyətinə necə təsir edə bilər?
- Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarının qəbul edilməməsi Brüssel görüşü öncəsi bu ölkə üçün əlavə problemlər yaradıb. Dekabrın 15-də keçirilməsi nəzərdə tutulan bu görüşə Paşinyan zəif və aciz durumda qatılacaq. Azərbaycan isə Brüssel görüşünə daha güclü arqumentlərlə qatılmaq üstünlüyünə nail olub. Bu sözsüz ki, Haaqa məhkəməsinin Azərbaycanın haqlı mövqeyinə vermiş olduğu mühüm qiymətdir. Məhz bu qərarın üstünlüyü fonunda Azərbaycan Brüssel görüşünə qatılmış olacaq.
- Görüşdən hansı gözləntilər var?
- Brüssel görüşünün nəticəsinin elə də ciddi bir məsələlərlə yadda qalacağına inam yoxdur. Ümumi razılaşmaların ifadə edilməsi mümkün ola bilər. Amma bu görüşdə hansısa bir sənədin imzalanacağını da söyləmək çətindir.
- Sizcə, son təxribatlar fonunda bu görüşün baş tutmaması ehtimalı nə qədər güclüdür?
- Bu görüş öncəsi Ermənistan tərəfindən ciddi təxribat faktları var. Eyni zamanda Ermənistan artıq bu görüşün keçirilməsinin mənasızlığını nümayiş etdirəcəksə, Azərbaycan da bundan imtina edəcək. Bundan sonra isə tamam fərqli bir situasiya yarana bilər. Amma əksinə bu görüş baş tutarsa, Azərbaycan öz güclü mövqeyi ilə önə çıxmış olacaq.
- Moskvada “3+2” formatı çərçivəsində keçirilən görüş proseslərin irəliyə aparılmasına necə təsir edə bilər?
- Ermənistanın bu platformada iştirakdan başqa çıxış yolu yoxdur. Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan bu formada qarşılıqlı müstəvidə iş aparmaq, əməkdaşlıq qurmaq imkanı əldə edir. Bu platformanın reallaşmasında Türkiyə, Rusiya mühüm rola malikdir. Ermənistanın isə bu platformanın əleyhinə çıxması üçün heç bir arqumenti yoxdur. Çünki bu platforma mahiyyət etibarı ilə yeni bir əməkdaşlıq imkanı açacaq. Bununla da regionda sülhün və təhlükəsizliyin təminatı, əməkdaşlığın genişlənməsi mümkün olacaq. “3+2” platformasına daxil olan ölkələr arasında əməkdaşlığın inkişafında bu qarşıya qoyulan əsas hədəfdir.