Prezident İlham Əliyevin NATO baş katibi Yens Stoltenberqlə görüşündə gözlənildiyi kimi, əsas diqqət Cənubi Qafqazda post-müharibə vəziyyətinə yönəldi. NATO tərəflər arasında münaqişənin bitməsini təqdir edir. Dövlət başçımız isə bir daha bəyan etdi ki, Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Əsas məqsəd təbii ki, regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmaqdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəklinə görə, rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir:
“Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır. Amma Ermənistan da xoş məram sərgiləməlidir. Prezident İlham Əliyevin NATO baş katibi ilə görüşündə verdiyi əsas mesaj budur ki, biz iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik. Amma təbii ki, Ermənistan Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Azərbaycan Zəngəzur dəhlizinin hüquqi rejim nöqteyi-nəzərindən Laçın dəhlizinin eynisi olmasını tələb edir və tamamilə haqlıdır. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Dövlət başçısı vurğulayıb: "Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı çox dəqiq və prinsipial mövqe ortaya qoydu”.
Deputat hesab edir ki, əslində Ermənistan bu məsələdə maraqlı olmalıdır: “Çünki regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Bu barədə də dövlət başçımız beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırdı. Nə qədər paradoksal səslənsə də, Ermənistan qəbul etmək istəmədiyi Zəngəzur dəhlizi sayəsində Naxçıvan vasitəsilə İranla, eyni zamanda Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Belə olan halda, Ermənistanın destruktiv yanaşması birmənalı şəkildə qəbul edilmir. Dorğudur, NATO baş katibi Alyansın tərəf tutmadığını bildirdi. Bununla belə, xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi zamanı NATO bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırdı. 2020-ci ilin oktyabr ayında NATO-nun baş katibi Yens Stoltenberqin Ermənistan Prezidenti Armen Sərkisyanla keçirdiyi mətbuat konfransı zamanı Ermənistan prezidentinə NATO-nun bu münaqişə ilə məşğul olmadığını xatırlatması İrəvanın ümidlərini puça çıxardı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı. Yəni, NATO bu gün də qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır, münasibətlərin normallaşdırılmasını davam etdirməyi vacib sayır. Bu məsələdə Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir. Ermənistan isə məsuliyyəti artıraraq, prosesə töhfə verməyə məcburdur”.