16 Dekabr 2021 16:06
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Brüssel görüşünün nəticələrini necə dəyərləndirirsiniz?

- Hər görüşdən-görüşə Azərbaycanın haqq işinin dünya tərəfindən qətiyyətlə müdafiə edildiyini görürük. Eyni zamanda Azərbaycanın mövqeyi bu gün regionun, o cümlədən Ermənistanın da maraqlarına cavab verir. Azərbaycanın təklif etdiyi ərazi bütövlüyü, mehriban qonşuluq, kommunikasiyaların açılması, hərbi əməliyyatların qarşısını alan mexanizmin qurulması kimi konstruktuv təkliflərdir.

- Sizcə, Soçi və Brüsseldə səslənən təkliflər və bəyanatlar hansı prinsipləri ehtiva edir?

- Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev artıq yeni bir reallıq yarandığı barəsində elan verdi. Brüssel görüşü bir müddət əvvəl Soçidə olan görüşlərin məntiqi davamıdır. Tamamilə mümkündür ki, bundan sonra olacaq görüşlər Brüssel görüşündən də qabağa getsin.

- Erməni tərəfinin real duruma reaksiyası necədir?

- Ermənistanda bu gün Azərbaycanın mövqeyinin onun da maraqlarına cavab verdiyi anlamı ifadə edilir. Delimitasiya və demarkasiya ilə bağlı birgə kommisiyanın yaradılması, Zəngəzur dəhlizinin açılması ilə bağlı hazırlığın görülməsi bu qəbildən olan məsələlərdəndir. Prezident İlham Əliyevin Avropa İttifaqının, NATO-nun baş katibi ilə görüşlərində Azərbaycanın mövqeyini hərtərəfli və əsaslı izah etməsi Avropa Birliyinin yekun sənədində ərazi bütövlüyünün dəstəklənməsi, hərbi əməliyyatların gündəmdən çıxarılması qətiyyətini bildirməsinə səbəb oldu. Ona görə də, Brüssel görüşü post-münaqişə dövrünün ən əhəmiyyətli hadisələrindən biri sayıla bilər.

- Sülhə çağırışla bağlı Azərbaycanın mövqeyi Avropada bir daha səsləndi. Erməni tərəfinə bununla bağlı hansı təsiredici yanaşmalar sərgilənə bilər?

- Azərbaycan öz mövqeyini ortaya qoyub. Hətta Vətən müharibəsindən əvvəl də Azərbaycanın çağırışlarında məqsəd sülhün bərqərar olması idi. Amma sülh heç də hansısa ölkənin torpağı hesabına başa gəlməməlidir. Azərbaycan göstərdi ki, ərazi bütövlüyünü təmin edib və bu gün onun Ermənistanla hər hansı bir problemi yoxdur. Azərbaycanın sülhə çağırışı regionda stabilliyin qorunmasında, əməkdaşlığın formalaşmasında çox ciddi bir amildir. Növbəti dəfə ölkəmiz bu məsələdə öz mövqeyini ortaya qoydu. Dövlətimiz problemlərin həllinə konstruktiv yanaşmasını sərgilədi. Beynəlxalq təşkilatlarla işləmək, problemin həllində marağı olan qüvvələri bir daha əməkdaşlığa cəlb etmək Azərbaycanın mövqeyindədir.

- Brüssel görüşlərində ATƏT-in Minsk qrupuna istinad edilməməsi nə ilə bağlı idi?

- Bəzi dairələrin zorla ATƏT-in Minsk qrupa xüsusi bir səlahiyyət vermək cəhdləri artıq birdəflik aradan götürüldü. Yekun sənədlərdə, bəyanatlarda artıq Minsk qrupu anlayışı yoxdur. O, problemin həlli ilə məşğul olmur. Əgər üç böyük dövlətin sədrlik etdiyi qrup regionun yenidən qurulması, bərpa işlərinin aparılması, humanitar əlaqələrin yaradılması məsələsinə dəstək verəcəksə, Azərbaycan onun köməyini qəbul etməyə hazırdır. Əksinə 27 sentyabr 2020-ci ildən əvvəlki vəziyyətə çağırışlar olacaqsa, Azərbaycan bunu qətiyyətlə rədd edəcək.

- I Qarabağ müharibəsi zamanı itkin düşmüş soyadaşlarımız və mina xəritələri ilə bağlı məsələlər gündəmdə oldu. Bu məsələnin beynəlxaq tribunalardan səslənməsinin effektivliyi nə dərəcədədir?

- Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarından əvvəl özünə qarşı daha bir ittihamın olmasından qaçmaq üçün mina xəritələrini təqdim etdi. Əslində göstərilir ki, bu xəritələr tam deyil və doğruluğu şübhə altındadır. Bu ya başdansovdu, yaxud da ki, məqsədli şəkildə hazırlanmış tam uyğun olmayan bir xəritə kimi təqdim edilib. Eyni zamanda bu gün ortada olan məsələlərdən biri də I Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın taleyinin müəyyənləşdirilməsidir. Ermənistan Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi olduğu dövrdə bu problemi həll etmək mükün olmadı. Ermənistan əməkdaşlıqdan imtina edirdi. Əgər bu gün iki dövlət arasında normal münasibətlər qurulursa, artıq bu problemə qayıtmaq, öyrənmək olar. Onsuz da Ermənistanın nə zaman hansı ərazini işğal etməsi və Azərbaycan vətəndaşlarının hansı dövrdə, hansı şəraitdə yoxa çıxması barəsində məlumatlar var. Həmin məlumatlarla Ermənistan arxivlərində olan məlumatları tutuşdurmaqla hər bir kəsin taleyini müəyyənləşdirmək olar. Artıq həqiqətin üzünə açıq baxmaq lazımdır. Ermənistan keçmişdə etdiklərini etiraf etməyi bacarmalıdır. Nəzərə alsaq ki, indi Ermənistanda yeni hökumətdir. Bu gün onlar Azərbaycanla yeni münasibətlər qurmaq istədiklərini zəif də olsa bildirirlər. Ona görə də, mütləq itkin düşmüş azərbaycanlıların problemləri də öz həllini tapmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər