17 Dekabr 2021 16:25
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədri, Mətbuat Şurasının keçmiş icraçı katibi, “Zərdabi” Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

– Rəhim müəllim, media ictimaiyyəti sizi daha çox özlərindən biri sanır, amma siz həm də fəaliyyəti birbaşa Güney Azərbaycanla bağlı olan Azərbaycan Demokrat Firqəsinə başçılıq edirsiniz. Ona görə də istərdik ki, söhbətimizə güneylə bağlılığınızın kökləri barədə danışmaqla körpü salaq...

– Bu köklərdən danışmaq üçün keçmişə varmaq lazımdır. Mənim valideynlərim kim olub, onlar hansı yolu tutublar. Hansı yol onları mühacir həyatı yaşamağa vadar edib. Nəyə görə onlar gözlərini əbədi yumanda həsrətlə, nisgillə yumublar. Mən bu həsrətdən danışmaq və sözümü 1946-cı il dekabrın 13-nə – Azərbaycan Milli Hökumətinin süqut etdiyi günə gətirmək istəyirəm. Həmin gün valideynlərim övladları - yəni, mənim böyük bacı-qardaşımla Arazın bu tayına (Azərbaycan SSR-ə) gəlirdi. Onlar qoşunla gəlirdilər və yenidən mübarizəni davam etdirmək üçün geri qayıtmalı idilər.

– Sayları nə qədər idi?

– Bu taya keçən silahlı fədailərin ümumi sayı 6 min nəfərə yaxın olub. Fədailərin yanında ailə üzvləri, övladları var idi. Onları hesaba almayanda bu, böyük bir qoşun deməkdir. Onlar sonuncu dəfə Astaraçayı adlayanda sanki bu ayrılığın ömrünün uzun olacağını bilirmişlər kimi həsrətlə o taya baxırdılar. Heç kimin gümanına gəlmirdi ki, bu ayrılıq 40,50,60 il çəkəcək. Amma bu bir fakt idi. O insanlar bu taya gələndən sonra silahlarını təhvil verdilər, təlimləri dayandırdılar. Bildiyiniz kimi Seyid Cəfər Pişəvərinin qoşunları Şəkidə və Şəmkirdə təlim keçirdilər. Günlərin bir günündə (1947-ci il iyun ayının 11-də) o qüvvənin qayıtmasının qarşısını almaq üçün Pişəvərinin olduğu avtomobili qəzaya uğratdılar və o, əməliyyat masasından qalxa bilmədi. Pişəvərinin ölümündən sonra fədailər oturaq həyata tərzinə keçməyə məcbur oldular. Beləliklə, dünənki fədailər məcbur oldular ki, hərəsi bir işin qulpundan yapışsınlar. Mənim atam, fədai başçısı Məhəmməd Huşiməndi də Gəncədə çayqırağı adlanan məhəllədə adi çayxana (Gəncədə çayçı deyirlər-S.Həmid) işlətməyə başladı.

1978-79-cu illərdə İranda bizim arzularımızı həyata keçirəcək inqilab oldu. Çox təəssüf ki, inqilab bundan da betər şəraitdə baş tutdu. İran hazırda orta əsr şəraitindən də qəddar şəkildə bir dövlət qurub. Bu dövlətdə insanların milli və insani hüquqları pozulur, azadlıqları tapdanır. Bu gün İranda elə elə bir xalq yoxdur ki, o hökumətdən razılıq hissi ilə danışsın.

– Sovet İttifaqında fədailərin statusu necə idi? Onlar sovet vətəndaşı idilər, yoxsa başqa hansısa statusda yaşayırdılar?

– Çox maraqlı sualdır. Fərz edin ki, mən 39 yaşımda – 1990-cı ildə vətəndaşlıq almışam. O vaxtadək ona görə vətəndaşlıq götürmürdüm ki, elə bilirdim vətəndaşlıq götürsəm, o taya getməyimə imkan verilməyəcək. Sərbəst şəkildə getmək olardı, amma söhbət mənim mənsub olduğun siyasi düşərgədən gedirdi. Fədailərin, onların ailələrin 90 faizi o arzu-istəklə vətəndaşlıq almadılar və qeyri-vətəndaş olaraq ömürlərini başa vurdular. O vaxt iki cür pasport verilirdi – qeyri-vətəndaş pasportu vətəndaşlığı olmayanın pasportu. Birincini o tayda anadan olanlara verirdilər. Mən bu tayda anadan olmuşam, amma siyasi işlə məşğul olduğum üçün mənə yaşıl pasport, yəni vətəndaşlığı olmayanın pasportunu verdilər. Bir yaşında bu taya gələn bacım heç bir siyasi işlə məşğul olmasa da “politemiqrant” (siyasi mühacir) pasportu daşıyırdı. Seçimin özündə də bir qeyri-ədalətlilik var idi.

Bəzən belə fikirlər səsləndirilir ki, o dövrdə bizlərin hüququ tapdanıb, pozulub. Belə deyil. Əslində bizim üçün lazım olan hər şeyi veriblər. Bizə şərait yaradılıb, təhsil aldıq, ev-eşik sahibi olduq. Hətat lazım gələndə evləndiriblər. Sovet hökuməti bizə hər şey verdi. Təkcə biz yox, sovet Azərbaycanında bütün ölkələrdən olan emiqrantlar bütün hüquqlarla təmin olunublar. O dövrdə SSRİ-də 4 böyük mühacir təşkilatı var idi. Bunlar yunan, ispan, İran və Afrika ölkələrindən olan mühacir təşkilatları idi.

– Ancaq fədailər arasında şimalda təqiblərə məruz qalan və həbs olunanlar da az olmayıb. Məsələn, Azərbaycan Milli Hökumətinin maarif naziri Məhəmmd Biriya...

– Biriya məsələsini şişirtmək lazım deyil. O mənada ki, Biriya əbədi azadlıq arzusunda idi. O, belə bir insan idi. Ona tay olacaq heç bir model yoxdur. Elə bir adam yoxdur ki, onu Biriya ilə müqayisə etmək mümkün olsun.

– Belə deyək, azadlıq aşiqi idi.

– Bəli, azadlıq aşiqi idi. Yerə-göyə sığmırdı. Onun şeir söylədiyi videolara baxanda adamın tükləri biz-biz durur. Bu taya gələndən sonra o özünə sığa bilmədi. Onu həbs etdilər, Sibirdə yatdı. Yenidən geri qaytardılar. Bir əhvalatı danışım. Bu binada bizim akt zalımız var idi. Orada tədbirlər keçirilirdi. 1971-ci ildə Mirzə İbrahimovun 60 illik yubileyi qeyd olunurdu. Zalda arxa cərgələrdən bir nəfər ayağa qalxıb dedi ki, yoldaşlar mən də Mirzə İbrahimova bir şeir yazmışam, icazə versəydiniz onu söyləyərdim. Hələ biz bilmirik ki, bu kimdir. Gənc nəsil onu tanımır axı... “Ay mənim sevimli Mirzə qardaşım” rədifli şeir idi. Şeiri dedikdən sonra yerində əyləşdi. O oturandan sonra Mirzə İbrahimov dedi ki, siz tanıdınızmı bu kimdir? Dedi ki, bu Məhəmməd Biriyadır. Dedi ki, onun daxilinə poeziyadan bir şam qoyulmuşdu. Sonra əlavə etdi ki, Biriya barmağı ilə onu söndürdü. 1979-cu ildə İrana qayıtdı. Bu zaman mollalar ona dedilər ki, sovet hökumətini söy. Dedi ki, yox. Orada olanların ən pisi sizin ən şərəflinizdən şərəflidir. Onu zəhərləyərək aradan götürdülər. Bu, Məhəmməd Biriya simvoludur ki, gözümüzün önündə dayanır.

Başqa fədailərin tutulması, həbsə atılması kimi hallar olmayıb. Fədailər sadəcə öz işləri ilə məşğul idilər. Bu taya gələn fədailərin cəmi 15 nəfərinin ali təhsili var idi. İndi isə bu tayı adlayanlar arasında 200-dən yuxarı elmlər doktoru, elmlər namizədi var. Yüzlərlə həkim, digər sahənin işçiəri var.

Onu da deyim ki, milli hökumət süqut etdikdən qısa müddət sonra 30 min insan həbs edilib, onların böyük əksəriyyəti edam olunub. Üç yüz min insan Ərəbistan yarımadasının ilan mələyən çöllərinə sürgün edilib.

– Bu dəqiq məlumatdır?

– Lap dəqiq məlumatdır. Rəhmətlik Söhrab Tahirlə görüş keçirildi. O dedi ki, fars dilini bilməklə İranın hər yerini gəzə bilməzsən. Azərbaycan dilini bilməklə isə İranı kəndbəkənd gəzə bilərsən.

– Atanız apardıqları mübarizə, Milli Hökumət, Pişəvəri barədə nə danışırdı?

– Atam fədai dəstəsinin başçısı olub. Dəstədə təqribən 200-dən yuxarı fədai var idi. Evimiz həmişə qonaq-qaralı olardı. Yadıma gəlir ki, savadlıları az idi və bir kitabı bəzən bütövlükdə yavaş-yavaş səhərədək oxuyurdular. Yeyib-içən kişilər idi, qabaqlarında araq olurdu. Oxuyurdular, dinləyirdilər, gözlərindən yaş gəlirdi.

– Yəqin ki, şeir oxuyurdular...

– Təkcə şeir yox, “Azərbaycan ruznaməsi”ni oxuyurdular. Mirzə İbrahimovun İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk aylarında Güney Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələri geniş epik lövhələrlə, fikri dərinliklə və ustalıqla təsvir etdiyi “Gələcək gün” romanı sonuncu nöqtəsinə kimi oxuyurdular. Tez-tez də “ay namərdlər” deyərdilər.

– Bəs sizin özünüzün Azərbaycan Demokrat Firqəsi ilə əlaqələriniz necə yarandı?

– Mən universiteti bitirəndən sonra Neftçalada ”Gündoğar” qəzetində işləməyə başladım. O zaman partiyaya keçdim. Yerli təşkilatın məsulu, büro üzvü oldum. Təşkilatı möhkəmləndirmək üçün məni Salyana gətirdilər. Yəni, Salyana gəlişim heç də jurnalistika ilə bağlı deyildi. Şükürlər olsun ki, Azərbayan Demokrat Firqəsini layiqli bir təşkilat kimi ortaya qoya bildik. O vaxtlar firqəni zor gücünə gətirib İran Xalq Partiyasına (Hizbitudeyi İran) birləşdirmişdilər. 1993-cü ildə artıq partiya ayrıldı və bu gün müstəqil addımlayır. 2019-cu ildə firqənin ikinci qurultayı keçirilib. İlk qurultay isə 1945-ci il sentyabrın 3-də keçirilib. Hazırda Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə təşkilatlarımız var. O təşkilatlar da çox fəal işləyirlər. Hazırda 21 Azər həftəsi davam edir. Biz dekabrın 10-dan 17-dən 21 Azər həftəsi keçiririk. Firqənin Clubhouse konfrans zalında onlayn qaydada silsilə tədbirlər keçiririk. Hər gün axşam saat 8-də təqribən 3 saatlıq verilişlərimiz olur. Müxtəlif ölkələrdən – Amerikadan, Kanadadan, Skandinaviya ölkələrindən, Almaniyadan, həmçinin, Azərbaycandan iştirakçılar qatılırlar. Məsələn, dünən Azərbaycan Milli Hökumətinin təhsil islahatları barədə müzakirələr apardıq. Tədbirin aparıcısı Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, alim Səməd Bayramzadə idi.

– Firqənin statusu nədir?

– Firqənin 1945-ci ildə qəbul olunan nizamnaməsi qüvvədədir. 1960-cı ilə kimi müstəqil təşkilat kimi fəaliyyət göstərib. Sonra Moskvanın göstərişi ilə İran Xalq Partiyasına birləşib. 1993-cü ildən ayrılıb və ayrıca təşkilat kimi fəaliyyət göstərir. Bu bina bizim ofisimizdir. Eyni zamanda burada İranlı Mühacirlər Cəmiyyəti yerləşir. Pandemiyadan əvvəl burda çoxlu tədbirlər keçirirdik. Amma bu tədbirlərin hamısı İranlı Mühacirlər Cəmiyyətinin xətti ilə keçirilir. Partiya özü belə deyək, gizlində olan partiyadır. Amma faktiki olaraq fəaliyyətdədir. Heç kimin bizlə işi yoxdur. Nomal fəaliyyətdəyik. Mən İranlı Mühacirlər Cəmiyyətində həm də sədr müaviniyəm.

– Bəs sədr kimdir?

– Sədr Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin İbrahiminin adını daşıyan Firudun İbrahimidir.

– Onun nəyidir?

– Qardaşı oğludur.

– Atanız Güney Azərbaycanın hansı bölgəsindəndir?

– Ərdəbilin Nünəkəran kəndindən. Anam da oralıdır. Onlar həm də qohum idilər. Atam anam rəhmətə gedəndən sonra 17 il tək qaldı. Evlənmədi. İranda elə bir siyasi təşkilat yoxdur ki, onun Nünəkəranda ilk təşkilatı yaranmasın.

– Maraqlıdır. Yəqin siyasi cəhətdən aktiv kənddir...

– Həddən artıq aktiv kənddir. Seyid Cəfər Pişəvəri ilə 11 il zindanda yatan Məhəmməd Dehqani də mənim babamdır. Həbsdən buraxılandan sonra da onlar birgə mübarizə aparıblar. Pişəvəri həbsdən buraxılandan sonra bir neçə Tehranda qaldı. Azərbaycaan gələndən sonra baxdı ki, İran deyilən bir mühitə ümumiyyətlə kommunizm ideologiyası yaramır. Niyə yaramır, onu deyim. “Hizbitudeyi-İran” təşkil olunanda onun tərkibində cəmi 5-6 faiz adam fəhlə sinfinin nümayəndəsi idi. Fəhlə sinfi olmadan hansı kommunist partiyasından söhbət gedə bilər?

– Mən elə soruşmaq istəyirdim ki, Azərbaycan Demokrat Firqəsinin ideyası kommunizm idi?

– Yox, heç vaxt kommunizm söhbəti olmayıb. Bu partiya sadəcə olaraq İranda əzilən, hüquqları tapdanan bütün xalqların pasibanıdır. İranda mövcud olan vəziyyətə fikir verək; bütün siniflərin hüquqları tapdalanır. Pişəvəri tamamilə əsaslı şəkildə firqəyə Azərbaycan Demokrat Firqəsi adını qoyub. Pişəvəri yazıdrıd ki, İran çoxmillətli dövlət olduğundan hər hansı millətin bir başqası üzərində ağalığı, yaxud üstünlüyü qeyri-mümkündür. Pişəvəri yazırdı ki, İran çoxsinifli dövlət olduğundan hər hansı sinfin digəri üzərində ağalığı qeyri-mümkündür. Həmin dövrdə İranın rəiyyəti də rəiyyətlik edirdi, xanı da nökərdən geri qalmırdı. Rza şah ölkəni elə bir günə qoymuşdu ki, ölkədə varı-dövləti olan adamlar qalmamışdı. Pişəvəri partiyanı təsis edəndə orada bəylər-xanlar, din xadimləri iştirak edirdi. Yaxşı, burda hansı kommunizmdən söhbət gedə bilər?

– Amma sosializm modeli olub. SSRİ-yə yaxınlıq və onlardan olan dəstək də bu səbəbdəndir...

– Sosializmin modelləri çoxdur. Kommunistlərin qurduğu sosializm modeli var ki, burada sinfi fərq ortaya gəlir. Bir də var, firqənin qurduğu model. Burada insanın insan tərəfindən istismarına yol verilmir.

– O tayda qohumlarınız varmı?

– Əsas qan qohumlarım ordadır. Bu taydakı sonradan yaranan qohumluqlardır.

– Yollar açılandan sonra o taydakı qohumları gedib görmək imkanınız olubmu?

– 1992-ci ildə risk edib gizli şəkildə getmişəm. Nünəkəran kəndinə gedib çıxdım. Elə bildirlər ki, arxamca Demokrat Firqəsini yığıb gətirirəm. Çünki atamla yanaşı onun fədai dəstəsi əsasən bu kənddən təşkil olunmuşdu. Tədricən bu eyforiya aradan qalxdı.

– Bəs qohumlarınız bu taya gəlirlərmi?

– Bakıya, Salyana qonaq gəlirlər. Söhbət edirik. Sadəcə olaraq hərənin öz bildiyi özündə qalır. Əgər kiminsə bizə ideya yaxınlığı varsa, onunla işimizi görürük.

– Pişəvərinin müəmmalı qəza nəticəsində ölümü barədə danışdıq. O, doğrudanmı avtomobil qəzasına salınıb, yoxsa bədbəxt hadisənin qurbanı olub?

– Pişəvəri Bakıya qoşunu çıxarıb İrana qayıtmaq üçün məşvərət etmək məqsədilə gəlirdi. Yevlax yaxınlığında körpüdə qəzaya salınıb. Mən onun qəza keçirdiyi yerə baxmışam. Maşın bilavasitə Pişəvərinin əyləşdiyi yerdən vurulub. Həmin vaxt onun sürücüsünü dəyişmişdilər. Sürücü erməni olub və sağ qalıb. Çox ustalıqla hazırlanmış bir iş idi. Pişəvərini qoşunla İrana getməyə qoymazdılar. Bunun qarşısını almağın ən yaxşı yolu sərkərdəni aradan götürmək idi və aradan götürdülər. Ona görə də biz Pişəvəri barədə danışarkən çox vaxt şəhid Pişəvəri deyirik. Əslində Pişəvəri bu həyatı özü seçmişdi və bilirdi ki, o şəhid olmasa, fədailəri deyəcək ki, sən bizi bu taya gətirdin, sonra isə gedib vuruşmağa imkan vermədin. Amma məsələnin kökləri çox dərində idi. 1945-ci ildə Milli Hökumət qurulması istiqamətində addımların atıldığı bir vaxtda ABŞ Yaponiyaya nüvə zərbəsi endirmişdi. Nüvə zərbəsi təkcə Yaponiyanın kapituliyasına səbəb olmadı, dünyanın hər yerində güclü tərəflərin gözünün odunu aldı. Bütün bunlardan sonra SSRİ Güney Azərbaycan hərəkatını müdafiə edə bilmədi. Açıq şəkildə deyə də bilmədi ki, bu səbəbdən sizin müdafiənizdən çəkilirəm. Mahiyyətcə Pişəvəri bu yolun qurbanı oldu. Çox adam deyir ki, SSRİ o zaman gərək güc gələydi. Müharibədən çıxmış, gücünü itirmiş, çoxlu əhali itkisinə məruz qalmış yenidən Qərb dünyası ilə üz-üzə gəlməli idi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər