“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Özü də bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir.
Cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də. Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. Beynəlxalq ictimaiyyətdə buna “İlham Əliyevin reallıqları” deyirlər. Tam haqlıdırlar”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, indi Cənubi Qafqaz cənab İlham Əliyevin yaratdığı reallıqların müsbət təsiri, düzgün istiqaməti, qarşılıqlı faydalılığı, ən əsası isə möhkəm sülh və təhlükəsizlik şəraiti ilə yeni həyatına başlayır: “Nəzərə alaq ki, Cənubi Qafqaz bölgəsi ötən əsrin 80-ci illərindən etibarən qanlı savaş mənbəyinə çevrilmişdi. Kənar qüvvələrin iştirakı ilə başlayan, böyük tələfatlarla, kütləvi insan itkisi, qaçqınlıq və köçkünlük problemləri ilə müşayiət olunan bu müharibələr silsiləsində məhz Azərbaycanın Vətən savaşı dönüş nöqtəsi oldu.
Bölgəmizdə maraqları olan məlum dövlətlərin və beynəlxalq təşkilatların yaratdıqları süni əngəllərlə həlli uzanan münaqişələrdən birinin belə yüksək peşəkarlıqla və qısa müddətdə nizamlanması, şübhəsiz ki, regionda yeni situasiya yaradır. Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir”.
Ramil Usubov bildirib ki, Müzəffər Ali Baş Komandan tarixi ədaləti və beynəlxalq hüququn onilliklərlə pozulan əsas müddəlarını öz qüdrəti ilə, millətinin və Silahlı Qüvvələrinin gücü ilə bərpa etdi, bu prosesin gedişində görünən və görünməyən kənar müdaxilələri, təsirləri qətiyyətlə neytrallaşdırdı, bacarıqla dəf etdi: “Möhtərəm Prezidentimiz sübut və nümayiş etdirdi ki, dövlətinin gücü, xalqının iradəsi və məhz düzgün milli siyasətlə çoxlarına mümkünsüz görünəni mümkün etmək olar. Bu, bölgəmiz üçün də ilk idi və mükəmməl başlanğıc oldu. Qarabağın azadlığı ilə bitən bu prosesin daha geniş miqyasda regional təsiri var, özü də bu təsir çox böyükdür.
Azərbaycan savaşın başlandığı 1990-cı illərdə itirdiyi iki istiqamət üzrə mühüm strateji mövqelərdə mütləq suverenliyini artıq təmin edib. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ilkin işlərə başlanılıb, onların yeni reallıqların şərtlərinə uyğun prinsipiallıqla aparılacağına əsla şübhə yoxdur. Prezident İlham Əliyevin qətiyyətli qərarı budur ki, tarixi ərazilərimizdə bir qarış torpaq belə nəzarətimizdən kənarda qala bilməz.
Digər mühüm amil isə uzun onilliklər dünyanın təhlükəli bölgələri sırasında olan Cənubi Qafqazda artıq bir ildir ki, möhkəm və etibarlı təhlükəsizlik sisteminin formalaşdırılması prosesinin başlanmasıdır. Bu da “dəmir yumruğ”un yaratdığı reallıqdır. Təhlükəsizlik sistemi bölgə dövlətləri üçün iqtisadi, sosial, ticarət, nəqliyyat-logistik, siyasi, milli maraqların qorunması və bu kimi digər həyati əhəmiyyət kəsb edən istiqamətləri əks etdirir”. Azərbaycan Prezidentinin təşəbbüsü olaraq bölgənin əsas üç dövləti və Cənubi Qafqazın sərhəd qonşularının iştirakı ilə yeni əməkdaşlıq formatının yaradılması üçün aparılan işlər də məhz buna yönəlib: “Dövlət başçısının siyasi iradəsi budur ki, Azərbaycanın bərqərar etdiyi tarixi ədalət Cənubi Qafqazı qarşıdurma, münaqişə ocağından inkişaf və rifah mərkəzinə çevirsin, bölgədə tam yeni iqtisadi-ticarət münasibətləri formalaşsın, regional kommunikasiyalar tədricən qitələrarası logistik qovşaq funksiyası daşısın. Bu və digər tədbirlər nəticə etibarilə region ölkələrinin və xalqların rifahının yüksəlməsinə, ən əsası isə təhlükəsizliyin daha etibarlı və möhkəm təməllərə söykənməsinə böyük töhfə verəcək.
Cənab İlham Əliyev müəllifi olduğu tarixi zəfərlə Qafqazda bərqərar etdiyi təhlükəsizliyin əsaslarını indi regional əməkdaşlıq, tərəqqi və rifahla daha da möhkəmləndirir və onu bütün bölgənin nailiyyəti kimi təsbit edir. Möhtərəm Prezidentin bütün qərar və addımları milli maraqları ehtiva etməklə yanaşı, regional mənafeləri də əks etdirir”.
Bugünkü dövlətimiz tarixin ən qüdrətli Azərbaycanıdır: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin bu möhtəşəm nəticəsini reallaşdıran isə, əlbəttə ki, möhtərəm Prezidentdir, onun uğurlu fəaliyyətidir.
Cənubi Qafqazda gedən inkişaf prosesinə bölgənin daxilindən və kənardan müəyyən hallarda maneələr, təxribatlar törədilməyə cəhd edilir. Bunların bəzilərindən ictimaiyyətimiz məlumatlıdır. Ancaq bütün bu cəhdlər əbəsdir. Dövlət başçısının mahir diplomatik məharəti, qətiyyətli siyasəti nəticəsində hər bir təxribat, mənfi təsir təşəbbüsü dərhal zərərsizləşdirilir. İndi heç kəs, heç bir qüvvə Azərbaycanla hədə tonunda danışa bilmir.
Cənab Prezidentin azad edilmiş ərazilərdə verdiyi bəyanatlar, mesajlar Azərbaycan dövlətinin Qarabağ bölgəsi, Qafqaz regionu ilə bağlı strateji baxışlarını, niyyətlərini tam və geniş ifadə edir. Dövlət başçısının bəyanatları bütün dünyaya səsləniş, məğlub Ermənistana isə aydın, konkret çağırışdır. Hər kəs bir daha anlayır ki, Qarabağda tarixi ədaləti hərbi gücüylə təmin edən cənab Prezident İlham Əliyev indi bölgədə mədəniyyət, quruculuq, inkişaf gücünü tətbiq edir, möhkəm və etibarlı təhlükəsizlik mühiti yaradır”.