Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, II Qarabağ Zəfərindən sonra Azərbaycana regional və qlobal müstəvidə olan hazırkı yanaşmaları necə dəyərləndirirsiniz?
- Bu məsələni üç istiqamət üzrə şərh edib, qiymətləndirmək olar. Soçi görüşünün ardınca Brüsseldə keçirilən görüş Azərbaycana, onun liderinə olan yanaşmalar xüsusi ilə diqqət cəlb etdi. Brüssel səfərində Prezident İlham Əliyev NATO baş katibi Yens Stoltenberqlə görüşündə mövcud münasibətləri açıq şəkildə müzakirə etdi. 1994-cü ildən Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO Azərbaycanla çox sıx əməkdaşlıq edir. Bu təşkilatla ölkəmiz arasında əməkdaşlıq platforması çərçivəsində çox mühüm tədbirlər keçirilib. NATO Cənubi Qafqazda Azərbaycanla, Gürcüstan və Ermənistanla münasibətdə daha sıx əməkdaşlıq edir. Təşkilatla birgə keçirilən treninqlər, seminarlar, təcrübə mübadiləsi proqramları ilə bağlı birgə tədbirlər həyata keçirilir.
- Cənubi Qafaqazda qalıcı sülhün təminatı üçün Avropa Birliyi ilə əməkdaşlığın təsirləri nə dərəcədə böyükdür?
- Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı ölkə başçısı ilə Stoltonberq arasında da müzakirələr aparıldı. NATO baş katibi Azərbaycanın bu siyasətinə dəstək nümayiş etdirdi. Çünki Azərbaycan müharibədən sonra Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdır. Bu məsələdə Azərbaycanın istəyi odur ki, biz Ermənistanla ərazi bütövlüyünün tanınması, bütün məsələlərin həlli müstəvisində mümkün sülh müqaviləsinin bağlanmasının tərəfdarıyıq. Təbii ki, delimitasiya və demarkasiya məsələlərinin ardınca nəqliyyat qovşaqlarının açılması da mühüm şərt kimi qəbul edilir. Sözsüz ki, bu məsələlərdə də NATO Azərbaycana özünün mühüm dəstəyini ifadə etdi. Ölkəmiz beynəlxalq sülhyaratma missiyasında NATO proqramı çərçivəsində Əfqanıstanda öz missiyasını uğurla icra edib. Məhz Əfqanıstanda da son hadisələr fonunda oranı ən son tərk edən Azərbaycan və Türkiyə sülhməramlıları olub. NATO məhz buna görə də, Azərbaycana xüsusi bir təşəkkür etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Brüssel görüşlərində Azərbaycana açıq dəstəyini ifadə etdi. Ölkə başçısı hansı məsələləri qaldırmışdısa, Avropa İttifaqı ona dəstək ifadə etdi. İndiyə qədər əldə edilmiş bütün üçtərəfli razılaşmalarda təsbit edilmiş məsələlər Avropa İttifaqı tərəfindən də dəstək ifadə edildi.
- ATƏT-in Minsk Qrupu və digər məsələlərlə ilə bağlı erməni tərəfinin iddialarının arxa plana keçməsi hansı amillərlə bağlı idi?
- Bu görüşə getməzdən əvvəl də erməni tərəfi ATƏT-in Minsk qrupu və statusla bağlı iddialar səsləndirirdi. Brüssel görüşlərində bu məsələlərin heç birinə toxunulmadı. Ona görə də, Avropada keçirilən son görüş Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyev də vurğuladı ki, Minsk qrupu Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına, delimitasiya və demarkasiya, mina xəritələri ilə bağlı məsələlərdə özünün yardım təklifini irəli sürə bilər.
- Avropa İttifaqı bu məsələdə nə dərəcədə effektiv rola malikdir?
- Ərazilərin minalardan təmizlənməsi və mümkün təhlükəsizlik zonalarının yaradılması ilə bağlı Avropa İttifaqının da dəstəyinə ehtiyac var. Aİ bu məsələlərə öz dəstəyini göstərəcəyini ifadə etdi.
- Zəngəzur dəhlizi məsələsinə Avropadan olan yanaşmaları necə şərh etmək olar?
- Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasına açıq dəstəyini ifadə etdi. Vurğulandı ki, Laçın dəhlizinə hansı status veriləcəksə, Zəngəzur dəhlizi də eyni mövqeyə malik olmalıdır. Burada dəhlizlərin fərqləndirilməsi kimi məsələlər yolverilməzdir. Prezident də elə Avropada keçirdiyi görüşlərin əvvəlindən də bu məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu. Aİ sammitində müzakirə edilən məsələlərin spektoru və Azərbaycanın irəli sürdüyü məsələlər böyük maraqla qarşılandı. Burada dövlətlərin ərazi bütövlüyü məsələsi açıq şəkildə ifadə edildi. İlk dəfə olaraq I Qarabağ müharibəsi zamanı itgin düşmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məsələ Avropa Birliyinin gündəliyində öz əksini tapmış oldu. Sözsüz ki, Ermənistan baş nazirinin səsləndirdiyi məsələlər yekun bəyanata uyğun gəlmədi. Avropanın nüfuzlu təşkilatında yalnız Azərbaycanın mövqeyi açıq şəkildə dəstək qazanmış oldu. Ölkəmiz bir daha Cənubi Qafqazda sülhə, təhlükəsizliyə töhfə verməyə hazır olduğunu bəyan etdi. Bunun üçün bu günə qədər əldə edilmiş üç bəyanatla Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.