24 Dekabr 2021 14:27
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır. Proses davamlı, dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanıb. Cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir: “Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 il həsrətində olduğumuz torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi. Bu reallıq dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Məhz son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb. Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu günə qədər ölkədə COVID-19 pandemiyasindan zərər çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atır: “Azərbaycan həm də qlobal təşəbbüslər irəli sürür. Dünyada ədalətin bərqərar olmasına layiqli töhfə verir. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüslərin müəllifi və icraçısıdır. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Dünyanın 130-dək dövləti tərəfindən bu təşəbbüs dəstəklənib. Bu gün Avropa İttifaqı, Avropa Şurası, NATO eləcə də müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanla iki və çoxərəfli əməkdaşlığa maraq göstərir. Ölkəmizdə həmçinin son 18 ildə insan hüquq və azadlıqlarının, xüsusilə də qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə qanunvericilik bazasının və institusional müxanizmlər davamlı olaraq təkmilləşdirilir. Ümumiyyətlə isə Prezident İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın qadın və uşaqlara, bütövlükdə Azərbaycan vətəndaşına göstərdikləri diqqət və qayğı göz önündədir”.

Komitə sədri hesab edir ki, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, qüdrətli ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində Qarabağ, Şərqi Zəngəzur, bütövlükdə Azərbaycanın inkişafı təmin edilir. Bütün bu reallıqların banisi isə cənab Ali Baş Komandan İlham Əliyevdir”.


Müəllif: Tapdıq Qurbanlı