28 Dekabr 2021 09:14
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünənə qədər Paşinyanı sıxan, reallığı əks etdirən fikirləri dilinə gətirməyə imkan verməyən maneələr aradan qaldırılmış kimi görünür. Bu baxımdan, Paşinyanın Qarabağın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq normaları ilə izah etməsi, sözün əsl mənasında sürprizdir. Bu, təkcə bizim üçün yox, erməni və beynəlxalq ictimaiyyət üçün də sürprizdir”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını etiraf etdi. O həmçinin bildirdi ki, Qarabağ ermənilərə məxsus ola bilməz. Ermənistan baş nazirinin bu açıqlamasını necə başa düşməliyik?

- Bundan əvvəl Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Nikol Paşinyan indi də, ölkəmizin ərazi bütövlüyünü tanıyacağının siqnallarını verir. Üstəgəl, qondarma “Qarabağ Respublikası” ilə bağlı əvvəlki fikirlərindən tamamilə uzaqlaşdığını və beynəlxalq hüquq normalarına uyğun olaraq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu tanımağa hazır olduğunu, ən başlıcası isə həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri qaydasına salmaq əzmində olduğunu nümayiş etdirdi. Bu, həqiqətən də təəccübləndirici mövqedir. Çünki ilk dəfədir ki, Ermənistanda bir hökumət başçısı beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Bu da onu göstərir ki, sülhyaratma yolunda perspektivlər açıla bilər. Bölgədə əmin-amanlığın yaradılması və xalqlararası münasibətlərin reabilitasiyası istiqamətində yeni addımların atılması mümkündür.

Paşinyan müharibədə məğlub olmuş ölkənin rəhbəri olmasına baxmayaraq, seçkilərdə qalib gələrək öz mövqeyini gücləndirmiş liderdir. Bu da onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətinin özü də parçalanıb. Bu cəmiyyətin əksəriyyəti isə seçkilərdə Nikol Paşinyana səs verib. Yəni erməni cəmiyyətinin əksəriyyəti Qarabağla vidalaşmağa, yaxud Azərbaycanın ərazi bütövlüyünü tanımağa, bölgədə münasibətlərin dinc yolla inkişaf etdirilməsinə səs verməyə hazırdır. Zənnimcə, bunlar kifayət qədər müsbət məqamlardır. Bölgənin siyasi perspektivinə baxdıqda deyə bilərəm ki, gələn il bölgə tamamilə əmin-amanlıq və sülhün bərqərar olduğu regiona çevrilə bilər.

- Yəni Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması müqabilində sülh sazişi imzalamağa hazırdırmı?

- Məncə, hazırdır. Nikol Paşinyan Brüssel görüşündən sonra kifayət qədər inamlı hərəkət edir. Üstəgəl, daxildəki “Qarabağ klanı”nın müqavimətini qırıb, ölkənin bütün strukturlarında öz kadrlarını yerləşdirməyə nail olub. Demək olar ki, “Qarabağ klanı”, “Daşnaksütyun”un radikal millətçi qanadı və bu qüvvələrə bağlı ekspertlər böyük ölçüdə neytrallaşdırılıb. İndi onlar adi bir mitinq keçirə, ictimai rəyə nəzarət edə bilmirlər, irəli sürdüyü fikirlər də reallıqla uzlaşmır. Bu isə o deməkdir ki, Nikol Paşinyanın əl-qolu açılıb. Dünənə qədər Paşinyanı sıxan, reallığı əks etdirən fikirləri dilinə gətirməyə imkan verməyən maneələr aradan qaldırılmış kimi görünür. Bu baxımdan, Paşinyanın Qarabağın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq normaları ilə izah etməsi, sözün əsl mənasında sürprizdir. Bu, təkcə bizim üçün yox, erməni və beynəlxalq ictimaiyyət üçün də sürprizdir.

Zənnimcə, bu proses dönməz xarakter ala bilər. Təbii ki, bundan sonra Paşinyana hücumlar da gözləniləndir, amma əgər Paşinyan cəsarətlə Azərbaycanın ərazi bütövlüyünün tanınacağının siqnallarını verirsə, demək, başladığı prosesi axıra çatdırmağa da cəhd edəcək. Yəni Nikol Paşinyan bu yöndə daha cəsarətli addımlar ata bilər. Bölgədə sülhün bərqərar edilməsi istiqamətində Azərbaycan siyasi rəhbərliyinin irəli sürdüyü cəsarətli qərarları da qəbul edə bilər. Ola bilsin ki, müəyyən məsələlərlə bağlı qarşılıqlı kompromislərə ehtiyac yaransın. Amma bizim üçün ən önəmli olan məsələ budur ki, sərhədlərimiz və ərazi bütövlüyümüz tanınsın. İndi Ermənistan rəhbərliyi bu yöndə addımlar atmağa hazırmış kimi görünür. Biz də bunu təqdir etməli və bu addımların ardıcıl olması və dönməz xarakter alması üçün səylərimizi artırmalıyıq.

- Paşinyanın bu açıqlaması haradan qaynaqlanır: Brüssel, yoxsa Soçi prosesinin nəticələrindən? Çünki bunu Brüsseldən qayıdan Paşinyanın açıqlaması kimi şərh edənlər də az deyil.

- Mən başda Prezident Makron olmaqla, Fransa tərəfinin atdığı addımları qətiyyən qəbul edə bilmirəm. Çünki bunlar destruktiv addımlardır. Amma bir fakt da var ki, Azərbaycan hər gün güclənməkdə və beynəlxalq nüfuzunu artırmaqdadır. Bəli, Brüssel görüşünün Paşinyana müəyyən təsirləri ola bilər, bunu istisna etmirəm. Amma bunun daha çox onun realist və ayıq siyasətçi kimi reallıqları görməyə başlamasından qaynaqlandığını düşünürəm. Yəni o, görməyə başlayıb ki, Qarabağ avantürasına yenidən girsə, həm “Qarabağ klanı”nın daxildəki uzantıları fəallaşacaq, həm Azərbaycanla sülh müqaviləsi imzalamaq, həm də Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq mümkün olmayacaq.

Ermənistanın inkişafı isə Azərbaycan və Türkiyə ilə münasibətlərdən xeyli dərəcədə asılıdır. Bura Ermənistanın İranla bağlı illüziyalarının puç olması da daxildir. Üstəgəl, İran Azərbaycanla münasibətlərində 180 dərəcə dönüş edib, bizimlə olan normal əlaqələrini könüldən inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Buna nümunə kimi Mehri dəmir yolunun açılmasına etiraz etməmələrini, Culfadan İrana dəmir yolu xəttinin açılmasını dəstəkləmələrini və s. göstərmək olar. Türkmənistan qazının İran və Azərbaycan üzərindən ötürülməsinə dair iki ölkə arasında imzalanmış müqavilə də tarixi əhəmiyyətə malikdir. İranın bu məsələdəki mövqeyi təqdiredicidir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da bu yaxınlarda bildirdi ki, Azərbaycan Ermənistanın İranla bağlı ümidlərini alt-üst etdi.

Hesab edirəm ki, Paşinyan ayıq, praqmatik siyasətçidir. O, hansı tərəfə baxır-baxsın, görür ki, həqiqət Azərbaycanın tərəfindədir, indiyədək danışılan və uydurulan əfsanələrin hamısı boşdur və reallıqları qəbul etməlidir. Üstəgəl, Paşinyan xalqına verdiyi vədləri yerinə yetirməli - Ermənistanı inkişaf etdirməli və xalqın maddi rifahını qaldırmalıdır. İqtisadi sıçrayışa nail olmağın yolu isə Azərbaycan və Türkiyə ilə quracağı münasibətlərdən asılıdır. İndi Ermənistanın siyasi rəhbəri mövcud reallıqları ölçüb-biçməli və bunu qəbul etməlidir.

Hesab edirəm ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etməsi İran və Gürcüstanla da münasibətlərinin inkişafına səbəb olacaq. Bu da Ermənistanın iqtisadi inkişafına nail olmağın əsas yoludur. Üstəgəl, Avropa Birliyinin ayırdığı yardımlar da ölkə iqtisadiyyatını dirçəltməyə kömək edəcək. Amma sülh müqaviləsini imzalamadan bu inkişaf proqramlarını həyata keçirmək mümkün olmayacaq. Paşinyan isə sülh müqaviləsini imzalamağa hazırmış kimi görünür. Qarşıdan gələn ildə bölgədə sülh və əmin-amanlığın qarantı kimi, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını görə bilərik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər