5 Yanvar 2022 17:25
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda nələr baş verir? Maye qazın qiymət artımı ilə başlanan etirazın siyasi mərhələyə keçməsi və xaosun ayaqlanması bu sualın cavabının sadəcə sosial məsələdən ibarət olmadığını asanlıqla deməyə əsas verir.

- Hökumət əhalinin qiymət artımı ilə tələbini yerinə yetirdi;

- Prezident hökuməti istefaya göndərməklə, siyasi güzəşt də etmiş oldu;

Etirazçılar istəyinə nail oldu, lakin proseslər səngimək əvəzinə idarəolunmaz vəziyyət aldı.

“Hakimiyyət yıxılmayacaq”.

Prezident Tokayevin bu açıqlaması prosesin açarı hesab edilə bilər və baş verənlərin daxili sosial problemlərdən yox, geosioyasi mahiyyətindən xəbər verir. Ölkənin birinci şəxsi bununla dövlətə qarşı “xaos planını” işə salanlara mesaj verirdi.

“Rəngli inqilab” ssenarisi: Qazaxıstanı kimlər alovlandırır?

Hadisələrin inkişafı və inqilab ssenarisi diqqəti Qərb yönəldir, çünki “Maydan” hadisələrinə bənzərliyi çoxdur. Və Qərbin Qazaxıstanda hakimiyyət çevrilişi ilə əldə etmək istədikləri var:

1. Rusiya-ABŞ toqquşması Şərqi Avropa və Cənubi Qafqazdan sonra rusların “zəif qarnı” olan Mərkəzi Asiyaya köçürülür;

2. Vaşinqton xüsusilə Pekinlə mübarizəni Çinin sərhədləri yaxınlığına çəkir: Əfqanıstandan sonra Qazaxıstan ikinci gediş hesab edilə bilər;

3. 2018-ci ilin aprelində Paşinyan Ermənistanda “küçə inqilabı” edəndə Qərb Avropa paytaxtlarında mənzillənənən Qazaxıstanın müxalifət liderlərini aktivləşdirdi: qazax müxalifəti Brüsseldə ABŞ və Avropa İttifaqı nümayəndələri ilə Astanada hakimiyyətə gəlməyin yollarını müzakirə edirdi; Brüsseldə keçirilən qurultayda onlar “Ermənistanda inqilab və bu nümunənin Qazaxıstanda tətbiqi”ni də gündəmə gətirmişdi;

4. Qərb mediası son illər, xüsusilə 2018-ci ildən sonra “Nazarbayev sonrası dövr” üzərində silsilə məqalələr tirajlayırdı;

5. Və Rusiya-ABŞ toqquşmasının həlledici görüşü öncəsi baş verənlər Qərbin ruslara “yumşaq qarnından” zərbə endirməsi kimi görünür;

Amma və lakin...

iki əsas amil proseslərdə Qərbin iştirakı ehtimalını zəiflədir:

Birincisi, Nursultan Nazarbayev “post-Nazarbayev” ssenarilərinə qarşı hakimiyyətdaxili dəyişiklikliyə getdi və müdaxilə imkanlarını azaltdı;

İkincisi, Qərbin dəstəklədiyi Qazaxıstan müxalifətinin liderləri ölkədən kənardadır və onların etirazçı kütləni idarə etmək imkanları minimumdur;

Məhz bu amillər prosesin arxasında “rus izi” ehtimalını gücləndirir. Rusiya cənubda və bütün ittifaqlarında əsas müttəfiqi olan Qazaxıstanda proseslərin nəzarətdən çıxmasında niyə maraqlıdır?

İlk baxışdan inandırıcı görünməyə bilər, hərçənd, son dövrlər rəsmi Nur-Sultanın siyasi oriyentasiyasında müəyyən yeniliklər etməsini və ölkə daxilində millətçi qanadın ön plana çıxmasını ruslar bölgədəki maraqlarına risk olaraq görür.

a) Qazaxıstan Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirir;

b) 2018-ci ildə Türkiyə ilə imzalanan hərbi əməkdaşlıq sazişi bu ilin mart ayında təsdiqləndi;

c) Ötən həftə Qazaxıstanda rus dilinin rəsmi statusu ləğv olundu;

Moskva bu proseslərdən narahatdır. Və baş verənlər fonunda Almaniyanın Elm və Siyasət Fondunun (SWP) 2016-cı ildə Qazaxıstanla bağlı hazırladığı ssenari yada düşür. Ssenariyə görə, 2021-ci il və sonrası Qazaxıstanda milli siyasi xətt güclənəcək və “rus dilinə” təhlükə yaranmağa başlayanda Rusiya proseslərə müdaxilə edəcək.

Mümkündür ki, Rusiya proqnozlaşdırılan ssenarini işə salır.

Rusiya mediası və ekspert cameəsində son bir neçə ildə aparılan kampaniya da bu kontekstdə diqqət çəkir:

- Qazaxıstanın şimalında “rusdilli əhali”nin qorunması ilə bağlı çağırışlar edilir, hətta Rusiya hökumətinin müdaxilə etməsinin vacibliyi gündəmə gətirilir;

- Rus dilinin statusunun ləğv edilməsi Nur-Sultanın Moskvadan qopması kimi dəyərləndirilir;

- Türk dövlətlərinin inteqrasiyasının sürətlənməsi Rusiyanın Mərkəzi Asiyadakı maraqlarına təhlükə kimi təqdim edilir;

Qazaxıstanda etirazların idarəolunmasında Qərblə müqayisədə Rusiyanın daha çox imkana malik olması da burada nəzərə alınmalı əsas amillərdəndir.

Moskvanın “Qazaxıstan ssenarisi”nin bir neçə hədəfi ola bilər:

1. Mövcud hakimiyyətə “gücünü göstərmək” və milli xəttin arxa plana keçməsinə nail olmaq;

2. Rəsmi Nur-Sultanın Türk Dövlətləri Təşkilatında rolunu azaltmaq;

3. Mərkəzi Asiyanın digər türkdilli ölkələrinə “görk olsun” nümunəsini hazırlamaq;

4. Qazax hakimiyyətinə, eləcə də bölgədəki digər ölkələrin hakimiyyətinə “kənar müdaxilə” riskini göstərməklə, Rusiyanın “təhlükəsizlik çətiri” rolunu artırmaq;

Qazaxıstanın “rus ittifaqları”nda təmsil olunmasına baxmayaraq, ABŞ və Çinlə münasibətlərini də gücləndirməsi, xüsusilə Pekinlə yaxınlıq xəttini seçməsi Moskvanı narahat edən məqamlardan biridir. Və bu, həm də baş verənlərdə “niyə indi” sualının cavabını aydınlaşdırır:

- Çin 2022-ci ildə “siyasi qapanma” strategiyasını tətbiq edəcək, mümkündür ki, Rusiya bundan istifadə edərək, Qazaxıstanı ən yaxşı halda “ağıllandırmaq” istəyir; hərçənd, rusdilli əhalinin yaşadığı şimal bölgələrini götürmək kimi daha pis ssenarilər də istisna deyil; Krımdan sonra Putin hakimiyyətinin genişlənmək strategiyasında “yeni qələbəyə” ehtiyacı da mənfi ssenarinin reallaşması riskini artırır;

Diqqətçəkən əsas məqamlardan biri də Rusiyanın baş verənlərə münasibətidir. Rəsmi Moskva bəyan edib: “Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər. Baş verən proseslərə heç kim kənardan müdaxilə etməməlidir”. Neyteral mövqedir, hərçənd, Rusiyanın bölgədə əsas müttəfiqinə ruslardan xəbərsiz kənar müdaxilə olsaydı, Moskvanın reaksiyası daha sərt olacaqdı.

İndi hər şey Qazax xalqından asılı olacaq...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər