6 Yanvar 2022 20:57
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Türkiyə-Ermənistan arasındakı əlaqələrin kəsilməsi bu münasibətlərin xarakterini necə şərh etmək olar?

- Türkiyə-Ermənistan münasibətlərinin pozulması, diplomatik əlaqələrin kəsilməsi erməni tərəfinin Azərbaycan torpaqlarını işğalı faktı ilə bağlıdır. Məhz bu işğal faktına görə, qardaş Türkiyə Ermənistanla münasibətləri kəsməkdə tamamilə haqlı idi. Amma ara-sıra bu əlaqələrdə müəyyən hərəkətliliklər də oldu. 1993-ci ildə Türkiyə öz hava məkanını və digər nəqliyyat imkanlarını açmışdı. Biz o zaman Türkiyə səfirliyi qarşısında piket keçirdik. Həmin vaxt qardaş ölkənin səfiri bizi qəbul etmişdi. Görüşdə də belə davranışların iki qardaş əlaqələrinə xələl gətirdiyi önə çəkildi. Bundan sonra digər istiqamətlərdə də işlər aparıldı. Nəhayət qardaş ölkə Ermənistanla bütün əlaqələri dayandırdı.

- “Futbol diplomatiyası” adı altında edilən cəhdlərin uğursuzluğu nə ilə bağlı idi?

- Türkiyənin keçmiş prezidenti Abdullah Gülün dövründə Ermənistanla "futbol diplomatiyası" adı altında bir arzuolunmaz vəziyyət yaranmışdı. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün səylər göstərilirdi. ABŞ, Avropa İttifaqı, Rusiya və İsveçrənin iştirakı ilə Surix protokolları imzalandı. Buna qarşı da Azərbaycan cəmiyyəti özünün etirazlarını ortaya qoydu. O vaxt siyasətçilər olaraq qardaş ölkədə fəaliyyət göstərən siyasi partiyalardan olan yeddi millət vəkilini Bakıya dəvət etdik. Burada böyük bir konfrans keçirildi. Konfransda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı fikirlər səsləndirildi və bunun yolverilməzliyi vurğulandı. Bu amilin bir millət iki dövlət fəlsəfəsinə zidd olduğu önə çəkildi.

- Surix protokollarının əhəmiyyətini itirməsi hansı amillərlə əlaqədar idi?

- Prezident İlham Əliyevin ardıcıl qətiyyətli mövqeyi və diplomatik səyləri nəticəsində Surix protokallarının da əhəmiyyəti itmiş oldu. Bundan sonra qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Milli Məclisdəki tarixi çıxışı bütün məsələlərə bir daha aydınlıq gətirdi. Məhz Türkiyə dövlət başçısı Bakıda bir daha bəyan etdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmayınca, sərhədlərin açılması mümkün olmayacaq.

- O dövr üçün Türkiyə-Ermənistan əlaqələrinin qurulmasında, sərhədlərin açılmasına edilən cəhdlərdə əsas məqsəd nə idi?

- Məqsəd Türkiyəni Azərbaycandan ayırmaq idi. Bununla da Azərbaycanı təkləmək istəyi vardı. Amma Türkiyəni bizdən ayırmaq kimi məkrli oyunlar baş tutmadı. Məhz bundan sonra Türkiyə Azərbaycanla bütün məsələlərdə bərabər addım atdığını ortaya qoydu. İndi isə vəziyyət tamam başqadır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, tarixi qələbə əldə edilib. Bu qələbə Cənubi Qafqazda mövcud reallığı dəyişib. Artıq Azərbaycanla Ermənistan sərhədlərin dəqiqləşməsi, sülh sazişi ilə bağlı mövzular gündəmdədir. Məhz bu proseslərin tərkib hissəsi kimi Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində işlər gedir. Artıq bu məsələlərin həlli üçün hər iki tərəfdən diplomatlar təyin edilib. Digər məsələlərin də zamanla ardıcıl həlli mümkün olacaq.

- Hazırkı dövrdə atılan addımların Azərbaycanın mövqeyi ilə sinxronlaşdırılması necə təmin edilir?

- Qardaş Türkiyə rəhbərliyi də açıqlayıb ki, Ermənistanla aparılan hər bir danışıq ən xırda detala qədər Azərbaycanla razılaşdırılır. Bütün bunlar onu göstərir ki, Türkiyə bu prosesləri Azərbaycandan kənar həyata keçirmir. Bu məsələlər Azərbaycan Ermənistan münasibətlərinin gedişinə uyğun icra edilir. Ermənistanda olan revanşistlər və kənar oyuncular burada nə qədər pozucu olsalar belə 2022-ci il üçün ciddi nəticələrin əldə olunacağı gözlənilir. Paralel olaraq Zəngəzur dəhlizi ilə bağlı da mühüm addımların atılması müşahidə ediləcək.


Müəllif: Tapdıq Qurbanlı