Bir ildən artıqdır ki, II Qarabağ müharibəsi başa çatıb. Amma 2020-ci ilin 10 noyabr və ondan sonra əldə edilmiş razılaşmalara riayət etməyən Ermənistan vaxtaşırı olaraq sərhəd xəttində təxribatlara əl atır. Bu təxribatları erməni tərəfi daha çox Kəlbəcərin sərhəd kəndləri ərazisində törədir. Ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. Güclü və qalib Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi bu dəfə də qarşı tərəfə sarsıdıcı zərbə vuraraq, onlara layiqli cavab verib.
Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcəri təmsil edən deputatı Aqil Məmmədov deyib.
Onun fikrincə, Ermənistan Soçi və Brüssel görüşlərində üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən mümkün qədər boyun qaçırmağa çalışır: “Sülh sazişi və sərhədlərin dəqiqləşməsi məsələləri gündəmə gəldiyi müddətdə Ermənistan bu cür təxribatlara əl atır. Ermənistan KTMT-yə sədrliyi və Qazaxıstandakı hadisələr fonunda bir qədər cəfəng fikirlərə düşüb. Ona görə də, bu təxribatlar məqsədli şəkildə həyata keçirilir. Düşünürlər ki, təkrar olaraq KTMT-yə müraciət etməklə öz çirkin niyyətlərini reallaşdıra bilərlər. Amma erməni tərəfi növbəti dəfə də bu absurd ideyalarını gerçəkləşdirə bilməyəcək”.
Millət vəkili xatırladıb ki, Azərbaycan tərəfi, xüsusi olaraq da dövlət başçısı yeni il müraciətində Ermənistanı düşmənçilik siyasətinə son qoymağa, normal qonşuluq nünasibətləri formalaşdırmağa çağırdı: “Azərbaycan dövləti hər zaman sülhə, əməkdaşlığa, əlaqələrin normallaşmasına maraqlı olub. Amma qarşı tərəf hər zaman olduğu kimi yenə də pozucu, dağıdıcı mövqeyini ortaya qoyur. Eyni zamanda Ermənistan 44 günlük Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Qarşı tərəf bu cür təxribatlardan əl çəkməklə sülhə, təhlükəsizliyə töhfə verən addımlar atmalıdır”.
Aqil Məmmədova görə, Kəlbəcər strateji nöqteyi nəzərdən mühüm əhəmiyyətə malikdir: “Eyni zamanda bu rayon faydalı qazıntıları ilə zəngindir. Rayon Qarabağa çıxış üçün ikinci mühüm qapı hesab edilir. Ermənilər hələ sovet dövründə buranı ələ keçirmək planları qururdu. Amma ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə bu cəhdlərin qarşısı alınıb. İndiki halda ermənilərin davamlı olaraq Kəlbəcər istiqamətində təxribatlarının heç bir nəticəsi olmayacaq. Qalib Azərbaycan ordusu hər zaman düşmənin bütün təxribatlarına cavab verib. Ali Baş Komandanın son Hadrut səfərində də açılışını etdiyi komando briqadası məhz bu cür təxribatların qarşını almaqda mühüm önəmə malikdir”.