ABŞ başda olmaqla qərb ölkələri ilə Rusiya arasında təhlükəsizlik danışıqları uğursuzluğa düçar oldu. Kremlin “qırmızı xətt” hesab edərək irəli sürdüyü tələblərin heç biri qəbul edilmədi. Bundan sonra Rusiya ilə Qərb arasında münasibətlər daha da kəskinləşdi və Ukraynanın real təhlükə ilə üz-üzə qalması müşahidə olunur.
Teleqraf.com bu mövzu ətrafında Milli Məclisin deputatı Rasim Musabəyovla müsahibəni təqdim edir:
- Rasim müəllim, Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik mövzusunda danışıqlar başa çatdı. Nəticəni necə qiymətləndirirsiniz?
- Bunu bizim qiymətləndirməyimizə ehtiyac yoxdur. Ruslar özləri bu danışıqlara qiymət verərək deyirlər ki, “proval” olub, heç bir nəticə olmayıb.
- Yəni?
- Rusiyanın tələbləri keçməyib. Onların irəli sürdüyü tələblər Qərb tərəfindən müsbət qarşılanmayıb.
- Sizcə niyə?
- Rusiyanın irəli sürdüyü tələbləri əslində qarşılamaq da mümkün deyildi. Bu tələbləri o halda irəli sürmək və əldə etmək mümkün olardı ki, sən müharibədə rəqibini məğlub edəsən və tələbləri keçirəsən.
- Kreml bu tələblərin keçmədiyini bildiyi təqdirdə nədən onları irəli sürmüşdü?
- Mən deyə bilmərəm. Əslində hamı üçün əsas müəmma bundan ibarətdir ki, öncədən belə təkliflərin qəbul edilməyəcəyini bildikləri halda nədən belə tələblərlə çıxış ediblər. Bir fikir belədir ki, çox şey tələb et ki, nəsə ala biləsən. Ola bilsin ki, bu prinsip əsas götürülərək belə tələblər irəli sürülüb. İkincisi də ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı hərəkətə keçmək üçün bəhanələr axtarır. Məsələn, ruslar tələb edirlər ki, NATO 1997-ci ilə qədərki sərhədinə çəkilsin. Bu axı mümkün deyil. Amma ruslar ola bilər ki, hesab ediblər ki, bunun müqabilində NATO Ukrayna və Gürcüstan məsələsindən geri çəkilə bilər. Bu halda Ukrayna bəhanəsi əldən çıxardı. Moskva da elan edirdi ki, tələbləri yerinə yetirilib. Amma göründüyü kimi bu tələblər qəbul edilməyib. Əlbəttə, bu halda Rusiya deyə bilər ki, məcburam ki, Ukraynada əl-qol açım.
- Qərb diplomatları elan edirlər ki, Rusiya ilə danışıqlar davam edə bilər. Yeni danışıqlardan nə gözləmək olar?
- Amerika danışmaqdan heç zaman boyun qaçırmayıb.
- Bu danışıqlarla rusların könlünü almaq istəyirlər?
- Könlünü almırlar, deyirlər ki, aqressiya lazım deyil, gəl, otur, danışaq. Bəli, sən deyənlər qəbuledilməzdir. Amma sən deyirsən ki, raketlər sənin sərhədinə yaxınlaşır. Gəl, müzakirə edək, görək hansı məsafədə bu raketlər irəliləməlidir. Yox, əgər siyasi tələblər qoyursan ki, Rusiyanın təsir dairəsi tanınsın, heç kəs təsir dairəsi tanınmayacaq.
- Danışıqların faktiki alınmaması Moskvanı aqressivləşdirə bilərmi?
- Bəli, istisna etmirəm ki, Ukrayna ilə bağlı aqressiv addımlar atıla bilər.
- Ukraynaya müdaxilə ola bilər?
- Bəli, ola bilər. Təki biz səhv edək, amma mən düşünmürəm ki, ABŞ və Avropa ölkələri heç nədən yüngüllük edərək özlərindən çıxırlar. Görünür, ortalıqda nələrsə var. ABŞ elan edir ki, kəşfiyyat məlumatlarına əsasən ruslar yaxın bir ayda Ukraynaya hərbi müdaxilə etməyə hazırlaşır.
- Ukraynaya hərbi müdaxilə baş versə hansı nəticə olacaq?
- Düşünmürəm ki, bu Rusiya üçün uğur gətirsən. Aydındır ki, Ukrayna Rusiyaya qalib gələ bilməz. Amma Rusiya üçün də hərbi müdaxilə çox riskli ola bilər. Söhbət ondan gedir ki, müdaxilə baş verəcəksə, bu, minlərlə itkilərlə müşayiət oluna bilər. Ukrayna 2014-cü ilin Ukraynası deyil. Əksinə, indi müqavimət imkanları var, üstəlik mübarizə aparmaq üçün də hazırlanıb.
- Belə atmosferdə Qərb vahid mövqedən çıxış edə biləcəkmi, yoxsa 2014-cü ildə Krımın ilhaqında olduğu kimi fərqli mövqelər müşahidə ediləcək?
- Yox, bu daha Krım məsələsi deyil. Rusiyanın hərbi müdaxiləsinin də hansı şəkildə ola biləcəyi bəlli deyil. Bir var Donbasla işini məhdudlaşdırsın, yəni lokal hərəkət etsin. Eləcə də cürbəcür təxribatlar etsin. Bir də var dənizdən hücum nəticəsində Mariupula, Azov dənizinin sahilinə çıxsın. Buradan dəniz desantı ilə Krıma qədər yolu nəzarətinə götürə bilər. Deyirlər ki, Krım susuz qalıb və ruslar Ukraynadakı su anbarına çıxmaqla bu problemi həll edə bilər. Əlbəttə, biz hərbçi deyilik, amma Rusiyanın hərbi müdaxiləsinin hara qədər gedə biləcəyinə dair müxtəlif versiyalar var. Bu da tamamilə aydındır ki, Qərb gəlib ukraynalıların əvəzinə vuruşmayacaq, amma Ukraynanın müqavimətini təşkil etmək üçün bu ölkəyə hərbi dəstək verəcək. Eyni zamanda Rusiyaya qarşı kifayət qədər sərt sanksiyalar da tətbiq oluna bilər. Hər bir halda bu çox pis variantdır. Gərginlik hamı üçün problem yarada bilər.
- Qərb elan edir ki, bu dəfə Ukraynaya hərbi müdaxilə baş versə, ölümcül sanksiyalar tətbiq ediləcək. Halbuki 2014-cü ildən bu yana tətbiq edilən sanksiyalara baxmayaraq Moskvanın strateji baxımdan müqavimətini qırmaq mümkün olmayıb...
- İndi Qərb konkret Vladimir Putinin ətrafında olan insanları hədəfə almaq niyyətində ola bilər. Həmin insanlar bir trilyon dollara yaxın pullarını Qərbdə yerləşdiriblər. Onların müsadirəsi gündəliyə gəlir. Oliqarxların pulları hədəfə gələ bilər. Yeri gəlmişkən, mən istisna etmirəm ki, bu oliqarxların uşaqları, məşuqələri, xanımları Qərb ölkələrində yaşayır. Onları oradan vurub çıxara bilərlər. Yəni cürbəcür addımlar atıla bilər. Nələri edəcəklər və ya etməyəcəklər məsələsi bizlik deyil. Amma hər halda bu gərginlik təkcə Rusiya ilə də məhdudlaşmayacaq. Məsələn, Rusiyanı bank sistemindən məhdudlaşdırsalar, bu, bizə də təsir edə bilər. Nəzərə alın ki, bizim Rusiya ilə böyük dövriyyəmiz var, haradasa 3 milyard dollardan çoxdur. Rusiyada bizim bir milyona yaxın soydaşımız var və işləyirlər. Onların çətinlikləri ola bilər. Yəni demək istəyirəm ki, bu təkcə Rusiya ilə məhdudlaşmayacaq. Rusiya ilə əlaqədə olan dövlətlər üçün də başağrısı olacaq. Özü də heç nəyə görə. Sadəcə olaraq Rusiya deyir ki, mənlə bazarlıq elə, mənim təsir dairəmi tanı...
- Ən vacibi Rusiyanın təsir dairəsini tanımaq niyyəti yoxdur?
- Onsuz da böyük ölkələr başa düşürlər ki, Rusiyanın öz sərhədləri ətrafında real təsirləri mövcuddur. İqtisadi, mədəni əlaqələr, maraqlar var. Amma deyən də ki, yox, burada mən “dədəlik” edəcəyəm, kimin necə siyasət aparacağını mən müəyyən edəcəyəm, bunu heç kəs qəbul etməyəcək. Nə Rusiya ilə sərhəd olan dövlətlər, lap müttəfiqləri, nə də özünü Rusiyanın təsir dairəsi hesab etməyən Ukrayna, Gürcüstan və digər dövlətlər. Sən gəlib onların torpaqlarını işğal etmisən və həm də deyirsən ki, gəlib burada “dədəlik” edim. Diqqət edin, deyirdilər ki, İvanişvili Rusiyaya yaxın adamdır. Amma o da anlayır ki, Gürcüstanın torpaqları işğal edilib və sən gəlib gürcüləri Rusiyaya tabe etdirmək imkanında deyilsən və bunu gürcü xalqına da həzm etdirmək mümkün deyil. Yəni heç kim oturub Rusiya ilə hansısa təsir dairəsi haqqında müzakirə aparmaq niyyətində deyil.