Ermənistanda siyasi xaos davam edir. Ölkə başçısı Armen Sərkisyanın istefa verməsi bunu bir daha təsdiqləyir. Maraqlıdır, Sərkisyan özü də etiraf edir ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir. Yəni hazırda Ermənistanda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri, vasitələri yoxdur. Əslində, yaranmış mənzərə 44 günlük müharibədən sonra Ermənistanda yaşanan siyasi və iqtisadi böhranın dərinləşdiyini göstərir. Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. Sərkisyan gileylənir ki, prezident dövlətçiliyin qarantı olmalıdır, amma o, hazırda qarant deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, əslində, Sərkisyanla Paşinyan arasında fikir ayrılığı aydın şəkildə görünür: “Prezident əksər taleyüklü məsələləri mətbuatdan öyrəndiyini açıq etiraf edirdi. Ötən ilin fevralında Armen Sərkisyan baş qərargah rəisi general-polkovnik Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazirin qərarını dəstəkləməmişdi. Ardınca isə aprel ayında seçki məcəlləsinə dəyişikliyin edilməsinə dair parlamentin qəbul etdiyi sənədi imzalamaqdan da imtina etmişdi. Ona görə də Ermənistanda hər kəs Sərkisyanın müharibədən sonra istefa verəcəyini gözləyirdi. Lakin sabiq prezident deyir ki, həmin vaxt daxili parçalanmanın daha da dərinləşməsindən ehtiyatlandığı, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün o vaxt bu addımı atmayıb”.
Millət vəkilinə görə, Ermənistanda bu gün daxili parçalanma daha kritik həddə çatıb: “Faktiki cəmiyyətin gələcəklə bağlı ümidi yoxdur. Bu istefa böhranı daha da dərinləşdirəcək. Çünki böhranın kökündə Sərkisyanın prezident postunda oturması dayanmırdı. Hətta bu ölkədə yeni prezident seçilsə də, dövlət başçısının səlahiyyətləri artırılsa da böhrandan xilas olmaq mümkün deyil. Əsas problem Ermənistan forpost olmasındadır. Bu ölkədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hansısa qüvvələrin əlində alət kimi istifadə olunur”.
Könül Nurullayeva hesab edir ki, Ermənistanın gələcəyi hətta bu ölkənin özündə belə nikbin proqnoz verən yoxdur: “İndiki məqamda Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformasına qoşulmaq, rasional qərarlar verməkdir”.