26 Yanvar 2022 17:22
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları erməni xalqının və ölkənin gələcəyi üçün açar rolunu oynaya bilər. Əgər o doğrudan da sözlərində sona kimi səmimidirsə, bunu normal qarşılamaq olar. Amma ilkin olaraq Azərbaycan və Ermənistan arasında qalıcı sülhün olması vacibdir. Bu amil Türkiyə üçün əsas şərtdir. Ermənistanla normallaşacaq münasibətlərdə Türkiyə Azərbaycanın mövqeyinə uyğun hərəkət edir. Bu məsələlərdə Azərbaycanın istəmədiyi heç bir addım atılmayacaq. Bunu dəfələrlə Türkiyə Prezidenti və xarici işlər naziri də açıqlayıb.

Bunu Teleqraf.com-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Keçmiş səfirin sözlərinə görə, bölgədə yeni bir reallıq yaranıb və buna uyğun addım atılmalıdır:

“Bu mənada N.Paşinyan sözlərində səmi olarsa, qonşu Ermənistan gələcəkdə Türkiyə və Azərbaycanla iş birliyində iştirak edə bilər. Erməni baş nazirin açıqlamalarından da məlum olur ki, saxta soyqırımı ideyaları ilə bağlı məsələləri erməni lobbisi yaymağa çalışır. Həmçinin Türkiyəyə qarşı ərazi iddialarından da imtina edilməlidir. Amma biz hələ də ABŞ-da və digər ölkələrdə olan erməni lobbisinin istəyi ilə bu cür addımların atıldığını görürük. Amma erməni lobbisi də Ermənistanda olan reallıqları bilməlidir. Çünki onların addımları erməni xalqına ziyandan başqa heç nə vəd etmir. Erməni xalqı bu gün çətin şəraitdə yaşayır. Ona görə də onların da Ermənistanın gələcəyini sual altına almaları ilə bağlı düşüncələrinə son qoyulmalıdır”.

Diplomatın fikrincə 30 illik dövürdə Ermənistanın nələri itirdiyi ortadadır:

“Bu gün Paşinyan başda olmaqla Ermənistanda Türkiyəyə qarşı ərazi iddiasında olmağın ziyanlarını da hər kəs bilir. Aqos qəzetinin icraçı direktoru Hrant Dink də vaxtilə belə bir açıqlama vermişdi ki, başqa ölkələrin saxta soyqırımı tanımağı bizim üçün beş qəpik etməz. O, erməni diasporuna da belə bir çağırış etdi: “1915-ci ildə ilişib qalmayın. Özünüzü dünyadakı insanların saxta soyqırımı qəbul edib-etməməsi ilə zəncirləməyin". H.Dink bu cür halların mənasız olduğunu açıq şəkildə etiraf etmişdi”.

Hulusi Kılıç hesab edir ki, artıq erməni diasporu bu cür məsələlərdən əlini çəkməlidir:

“Heç bir ölkə diasporu tərəfindən idarə olunmamalıdır. Paşinyan da məhz bunu açıqlamağa çalışır. Etiraf edir ki, diaspordan asılılığa və onlardan direktivlər almağa son qoymaq lazımdır. Bununla da yeni bir səhifənin açılması gündəmə gəlir. Sözsüz ki, Türkiyə və Azərbaycan olaraq atılacaq hər bir addıma qarşılıqlı adekvat reaksiya olacaq. Bunu Türkiyə və Azərbaycan Prezidentləri də açıq şəkildə bəyan edib. Xalqların düşmənçiliyi anlayışı yoxdur, siyasi liderlər əlaqələri məhv edirlər. Ona görə də Paşinyanın son açıqlamalarını müsbət qarşılamaqla yanaşı bunun icrası da gözlənilir. Bunun sonunu gözləmək lazımdır. Çünki Türkiyənin əsas şərti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər