3 Fevral 2022 23:56
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə ki, Azərbacanla Türkiyə arasında dünyada misli görünməyən qardaşlıq, sirdaşlıq məkrli qüvvələri narahat etməyə bilməz. Xüsusən türk dünyasının döyünən ürəyi kimi xarakterizə olunan böyük mənada Qarabağın 28 ildən sonra tarixə müharibələr möcüzəsi kimi düşən ədalət uğurunda 44 günlük savaşla işğaldan azad olunması hadisəsini iki ildir sinirə-həzm edə bilməyən həm ölkələr, həm də onların vassalı olan məkrli siyasətçilər var.

Təəssüf belələrindən birinin şəxsiyyət vəsiqəsində türk yazılıb. Demək ki, şəxsiyyətin milliyyətlə hərdə az, hərdən də heç əlaqəsi olmurmuş. Kaş əksi baş verəydi. Şəxsiyyətlə milliyət bir-brini tamamlayaydı.

Onun adını böyük və qara hərflərlə yazaq ki, yadımızdan çıxmasın. TÜRKİYƏNİN CÜMHURİYYƏT XALQ PARTİYASINDAN OLAN MİLLƏT VƏKİLİ AYKUR ƏRDOĞDUN

Müxalifətçidir. Dövlətlə, ölkəylə, iqtidarı səhv salan siyasətçilərdəndir. Əlbəttə iddia deyil, onun davranışlarından hasil olan nəticədir. Deyir: “2007-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış sazişə görə təbii qaz minimum 70 dollara alınırdı, maksimum 120 dollara. Bu müqavilə Türkiyənin xeyrinə idi. Sonralar 2008-ci ildə Azərbaycanın təklifi ilə 2010-cu ildə görüş keçirilib. Bu görüşə əsasən qiymət limiti aradan qalxıb və nəticədə Türkiy təbii qaza həddindən çox pul xərcləməyə məcbur olub. Belə anlaşma korrupsiyaya yol açır. Evinizdə soyuqdan donarkən təbii qaza niyə bu qədər pul ödəyirsiniz”.

Heç bir mütəxəssis araşdırması aparmadan populist açqlama ilə gündəmə gəlmək, müxalifətçi olduğunu bu şəkildə primitiv etirazlarla çatdırmaq və sonda xalqın zəif damarını tutubmuş kimi “evinizdə soyuqdan donarkən” şəklində arxeaik fikir işlətmək həqiqətən gülünc doğurur.

Budur, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Türkiyəli deputatın səfsəfəsinə sərrast cavab verib. Media bu cavabı Rəsmi Bakının mövqeyi kimi dəyərləndirib. Məlumatda oxuyuruq:

“İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.

Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
TANAP layihəsinin toplam investisiya məbləği 6.3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi zamanı təmin edilən məşğulluq sayı pik vaxtlarda 15.000 nəfərə çatıb və investisiya məbləğinin böyük hissəsi yerli istehsalçılar hesabına təmin edilib. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə sənayesinə və müvafiq sektorlara böyük əlavə dəyər təmin edilib. Xüsusilə vurğulamaq istərdik ki, bu layihədə qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi eyni zamanda layihədə BOTAŞ şirkəti vasitəsilə 30% ortaq olduğu üçün eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.

Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir.

Türkiyənin ən iri müəssisələrindən olan “Petkim”ə gəldikdə, Azərbaycan Dövlət Neft Şirkətininin Türkiyədə olan törəmə şirkəti SOCAR Türkiyə 2008-ci ildə 2 milyard 40 milyon ABŞ dolları investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olub. Növbəti illərdə “Petkim”ə qoyulan əlavə investisiyaların ümumi məbləği 1.2 milyard dollara çatıb.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq investisiyası əsasında “STAR” Neft emalı zavodunun tikintisi və onun “Petkim” neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə Respublikası ərazisində əlavə 2 milyard ABŞ dolları dəyərində məhsulların istehsalına şərait yaradıb. Belə ki, Türkiyədə əvvəllər həmin məhsulların xaricidən alınmasına 2 milyard ABŞ dolları xərclənirdi.

Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bugünədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaradıb.

CHP millət vəkilinin Azərbaycan və Türkiyə liderlərinin guya ki, “qarışıq və qaranlıq əlaqələri” kimi təqdim etdiyi tamamilə əsassız ittihamları rədd edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, iki xalq arasındakı qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.

Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, CHP nümayəndəsi anti-Azərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz.

Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə biz, məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq”.

Populizm zirvəsindən diyirlənən şəxs bu cavabdan xəcalət çəkməlidir. Xülyalardakı əngillikdən “fikir” püskürən Erdoğduya ustad dərsi olan XİN-in şərhindən sonra ittiham tərəfin üzr istəməkdən başqa yolu yox idi. Çox acı aqibətdir ki, bu yolu da görməzdən gəldi. CHP-li deputat sosial şəbəkə hesablarında yazıb ki, üstünə gələn bu cavablardan çəkinmir və onu fikrindən döndərmək mümkün olmayacaq.

Əlbəttə, mümkün olmayacaq. Adamın gərək birinci fikri olsun ki, onun da doğru olmadığını izah edəsən. Erdoğdunun dedikləri eynən Qərbin və Avropanın hadisələrdən xəbərsiz olan siyasətçilərin Qazanda nə bişdiyini bilmədən “bir çömçə də mənə ver” devizinin tərkib hissəsidir. Necə olur, qaz, enerji müqavilələri neçə ildir bağlanıb, bu adamın yadına indi düşür ki, bəs təftiş etmək lazımdır. Şuşa Bəyənnaməsinin Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunacağına sayılı günlər qaldığı, Azərbaycan Milli Məclisində artıq qəbul edildiyi ərəfədə belə boğazdan yuxarı fikirlər söyləmək heç də düzgünlük aşiqi yox, yalanın məcnunu olmaqdır.

Ümumiyyətlə CHP-nin atəşlə oynadığı artıq sirr deyil. Bir vaxtlar Türkiyənin Azərbaycanda səfiri olmuş Əhməd Ünal Çeviközün Türkiyə ilə Ermənistan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması üçün necə canfəşanlıq etdiyini unutmamışıq. Bu, o dövr idi ki, Ermənistan işğalçılıq siyasətindən zərrə də geriyə çəkilmək istəmir, Azərbaycana qarşı terrorçu əməllərini genişləndirirdi. Politoloq Elçin Mirzəbəyli yazır: “Həmin dövrdə Türkiyə xarici işlər nazirinin müavini vəzifəsini daşıyan Əhməd Ünal Çeviköz bütün gizli danışıqların əsas ideoloqlarından və iştirakçılarından biri kimi xüsusi missiya icra edirdi və sabiq nazir müavinin bu missiyanı necə cani-könüldən yerinə yetirdiyinin şahidlərindən biri də mənəm. Çeviköz arabulçuluqla məşğul olanda, ona Türkiyə-Ermənistan münasibətləriylə bağlı Ankarada, sözügedən şəxsin iş otağında verdiyim sualdan necə qəzəbləndiyini, nəinki diplomatik, hətta insani münsibətlərin sərhədlərini aşaraq qızarıb-bozardığını, səsini yüksəltdiyini yaxşı xatırlayıram. Və həmin görüşdə mənimlə eyni nümayəndə heyətinin tərkibində iştirak edən həmkarlarımızın da Çeviközün hədəqədən çıxmış gözlərini hələ də unutmadıqlarını düşünürəm”.

Əhməd Ünal Çeviköz hazırda CHP sədrinin xarici əlaqələr üzrə baş müşaviri, həmçinin bu partiyanın Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sözçüsüdür. Çeviközün Avropa Şurası Parlament Assambleyasında sosialistlər, demokratlar və yaşıllar fraksiyasının fəal üzvlərindən biri olub və həmin fraksiya AŞPA-da ölkəmizin əleyhinə hazırlanan proseslərin əsas təşkilatçısı olub.

CHP-nin adını çəkdiyimiz iti yetkilisinə qulaqburma verəcəyi siyasi əxalaq nümayişi olardı. Azərbaycanın müxalifət partiyaları da CHP-ni belə bir mövqe sərgiləməyə dəvət etməlidir. Qalib ölkə adına atılan çamura susqunluq göstərə bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər