“Rusiya-Qərb münasibətləri konteksində indi beynəlxalq geopolitik vəziyyət o qədər də ürəkaçan deyil. Aydındır ki, Rusiyanın Ukraynaya hücumu müasir dünyanın geopolitik durumunu dəyişəcək. Bunu ABŞ Prezidenti Co Bayden də elan etdi. Bu sözdə həqiqət payı var. Ona görə hesab edirəm ki, Rusiya belə bir ağılsız addım atmayacaq. Ən azından vəziyyətin haraya qədər gedib çıxa biləcəyini hesablayırlar”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədrinin fikrincə, əslində hazırda geopolitik durum gərgin olsa da, vəziyyət çıxılmaz həddə deyil:
“Ən azından silahlar deyil, diplomatlar və siyasətçilər danışır. Bu o deməkdir ki, vəziyyətdən çıxmaq imkanları var. Bu imkanlar nədən ibarətdir, bax bunu oturub müəyyən etmək, araşdırmaq lazımdır. Bunu da siyasətçilər etməlidir”.
Sərdar Cəlaloğlu qeyd edib ki, vəziyyətdən çıxmaq üçün Rusiyaya müəyyən təhlükəsizlik qarantiyası vermək mümkündür:
“Ancaq o şərtlə ki, Rusiya da keçmiş sovet respublikalarının hamısı üçün təhlükəsizlik qarantiyası versin. İndi Rusiya birtərəfli qaydada istəyir ki, müəyyən təhlükəsizlik qarantiyası alsın, halbuki özü ətrafındakı bütün respublikalar üçün təhlükəsizlik təhdidi yaradır. Bu da ədalətli olmur. Bu səbəbdən də qarşılıqlı güzəştlər olmalıdır. Rusiya öhdəlik götürməlidir ki, ətrafında olan respublikalara təhdid yaratmayacaq. Bu halda heç Ukraynanın NATO-ya daxil olmasına da ehtiyac qalmaz. Rusiya digər ölkələrin ərazisindəki qoşunlarını çəkməli, işğal etdiyi ərazilərdən də çıxmalıdır. Əvəzində bu dövlətlərdən heç vaxt Rusiyanın əleyhinə olacaq hərbi bloklarda iştirak etməyəcəyinə dair öhdəlik götürməlidir. Rusiya da imperiya maraqlarından imtina etməlidir. Yoxsa, bir tərəfdən mənə koloniya kimi baxırdan, bir tərəfdən də deyirsən ki, təhlükəsizliyini təmin etmə. Bu cür olmur”.
S. Cəlaloğlu hesab edir ki, indiki halda dünya müharibəsi olmayacaq: “Amma Rusiya öz-özünü ciddi bataqlığa salıb. Yəqin ki, başqa müstəvidə Ukrayna-Rusiya razılaşması əsasında gərginlik aradan qalxacaq. Bunun əksi müharibədir ki, bu da dəhşətli faciələrə yol aça bilər”.