15 Fevral 2022 09:05
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın bəlasının əsası 1994-cü ildə Budapeşt anlaşmasının imzalanması ilə qoyuldu. Həmin sammitdə ABŞ Ukraynanın o vaxtkı prezidenti Kravçuku vadar etdi ki, Kiyev nüvə silahlarından imtina etsin və SSRİ-nin yeganə nüvə varisi kimi Rusiya qəbul olunsun. İndi bunun Ukrayna üçün hansı nəticələrə gətirib çıxardığını görürük. Yəni 1990-cı illərdə Rusiya və ABŞ arasında əldə edilmiş anlaşma ilə Ukraynanın bəlasının əsası qoyuldu. Yenə də görürük ki, Rusiya və Amerika arasında Ukrayna ilə bağlı bazarlıq davam edir”.

Politoloq Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ukrayna ətrafındakı gərginlik savaş həddinə çatmış kimi görünür. ABŞ Rusiyanın hər an Ukraynanı işğal edəcəyini iddia edir, Kreml isə bunu təkzib edir. Kiyev gərginliyin süni şəkildə artırıldığını bildirir. Sizcə, bu gün Ukrayna ətrafında baş verənlərin əsl izahı necə ola bilər?

- Həqiqətən Ukraynanın ərazi bütövlüyünün pozulması və belə bir müharibənin başlaması Qərbi və ya ABŞ-ı narahat edirsə, onlar indiyədək bunun qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməli idilər. Amma onlar Ukraynanı silahlandırsalar da, öz diplomatlarını və ATƏT-dəki nümayəndələrini Donbasda çıxarmaqla, Ukraynanı Rusiya ilə tək qoymuş olurlar. Təbii ki, bu, xoş gedişat deyil. Müharibə anonsunun verilməsi və bu fonda seyirçi mövqeyində dayanmaq, tam fərqli anlam kəsb edir.

İndi Rusiyanın əsas məqsədi budur ki, Ukraynanın NATO-ya üzvlüyü prosesi tam dayandırılsın, ABŞ və alyans da buna yazılı zəmanət versin, eyni zamanda, Kiyev də rəsmi şəkildə üzvlükdən əl çəksin. Rusiya təkcə nəzəri olaraq yox, praktiki baxımdan da Ukrayna ilə bağlı bu prosesi dayandırmaq istəyir. Moskva hesab edir ki, Ukrayna NATO-ya üzv olsa, Rusiyanın dövlət maraqları birbaşa təhdid altında olacaq və bu, hətta Rusiyanın süqutuna gətirib çıxara bilər. Bunun üçün də hər varianta əl ata biləcəklərini düşünürlər.

Biz Qərb və anqlo-sakslarla Rusiya arasında siyasi alverin getdiyini görürük. Burada Almaniya və Fransanın mövqeyi ABŞ və Britaniyanın mövqeyi ilə üst-üstə düşmür. Yaxınlarda tərəflər arasında Ukrayna ilə bağlı dialoq baş verəcək. Ərdoğan həm Zelenski-Putin görüşünü təklif edib, həm də Ukrayna Vyana sazişini imzalayanlardan Rusiyanın iştirakı ilə təcili toplantının keçirilməsini istəyib. Həqiqətən də durum elə bir yerə gəlib çatıb ki, təcili olaraq belə bir toplantı keçirilməlidir. Ən azı BMT səviyyəsində iclas çağırılmalıdır, amma təəssüf ki, bunu görmürük. Bir daha görürük ki, güc beynəlxalq münasibətlərdə “ən böyük tənzimləyici”dir. Beynəlxalq hüquq mexanizmi işləmir, üstəgəl, beynəlxalq təşkilatlar və bir sıra böyük dövlətlər ikili standartlara üz tuturlar.

Ukraynada baş verənlər Azərbaycan üçün də önəmlidir, buna görə də oradakı hadisələr bizim tərəfimizdən diqqətlə izlənilir. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan hələ də Ukraynadakı diplomatlarını çıxarmayıb, hətta sadə vətəndaşlarla bağlı da çağırışlar edilməyib. Bəzi mənbələrdən gələn məlumatlara görə, artıq ukraynalı oliqarxlar təcili şəkildə ölkəni tərk edirlər. Bu da Ukrayna daxilindəki durumu izah edən vacib amillərdən biridir. Ümid edək ki, bu məsələ müharibəsiz ötüşəcək.

- Bəs Minsk anlaşması məsələlərin diplomatik yolla həlli baxımından Kiyev üçün uyğun variantdırmı?

- Hesab edirəm ki, Ukraynanın Minsk razılaşması ilə qəbul etməli olduğu bəndlər onun üçün çox təhlükəlidir. Çünki bununla Donetsk və Luqanska çox geniş muxtariyyət verir, Donetsk və Luqanska Ukrayna hökumətinin qərarlarına qarşı veto hüququnu təmin edir. Yəni gələcəkdə Ukrayna NATO və ya Avropa Birliyinə üzv olmaq istəsə, onlardan veto qərarı gəlsə, bu alınmayacaq. Hesab edirəm ki, indiki halda Minsk sazişinin həyata keçirilməsi mümkün deyil. Minsk sazişləri 2014-15-ci illərdə imzalanıb. Bundan sonra Ukrayna konstitusiyasına dəyişiklik edildi və avro-inteqrasiya yolu götürüldü. Bu, artıq özlüyündə Minsk sazişindən imtina demək idi.

Rusiya isə hesab edir ki, bu saziş imzalanıbsa, yerinə yetirmək lazımdır. Hətta Rusiya bu sazişi BMT Baş Assambleyasının sammitində qaldıranda dünyanın əksər ölkələri tərəfindən müsbət qarşılanmışdı. İndi biz Rusiyanın Ukraynanı bu sazişi yerinə yetirməyə məcbur edilməsinin şahidi oluruq.

Ukraynanın bəlasının əsası 1994-cü ildə Budapeşt anlaşmasının imzalanması ilə qoyuldu. Həmin sammitdə ABŞ Ukraynanın o vaxtkı prezidenti Kravçuku vadar etdi ki, Kiyev nüvə silahlarından imtina etsin və SSRİ-nin yeganə nüvə varisi kimi Rusiya qəbul olunsun. İndi bunun Ukrayna üçün hansı nəticələrə gətirib çıxardığını görürük. Yəni 1990-cı illərdə Rusiya və ABŞ arasında əldə edilmiş anlaşma ilə Ukraynanın bəlasının əsası qoyuldu. Yenə də görürük ki, Rusiya və Amerika arasında Ukrayna ilə bağlı bazarlıq davam edir.

- Ukraynada gərginliyin artdığı vaxtda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətdən gedəcəyini açıqlaması diqqət çəkdi. Bu da belə bir sual yaradır ki, əslində hədəf Qazaxıstandan sonra Orta Asiyanın digər ölkələri – Özbəkistan və Türkmənistandır. Yəni Rusiya Ukrayna məsələsi ilə diqqəti buradan - əsas hədəflərindən yayındırırmı?

- Berdiməhəmmədovun bu qərarı dünyada təəccüblə qarşılandı. Bu qərara qədər bu məsələ müzakirə mövzusu belə deyildi. Amma Berdiməhəmmədovun istefası onun tamamilə hakimiyyətdən gedişi kimi də qəbul edilməməlidir. Məlumdur ki, o, hakimiyyəti oğluna ötürür. Beləliklə, Niyazovdan fərqli olaraq, varis məsələsini əvvəlcədən müəyyən edir ki, sonradan gec olmasın. Berdiməhəmmədov ötən ilin payızından yeni komanda formalaşdırmaqla məşğul idi. İndi onun və hakimiyyəti təhvil alacaq Sərdar Berdiməhəmmədovun əsas vəzifəsi bu iqtidarı daxildəki müxtəlif klanlardan qorumaq olacaq.

Görünən budur ki, Sərdar Berdiməhəmmədov hakimiyyətdə tək olmayacaq. Daxildən ona ciddi dəstək olacaq.

Bəzi mənbələrin iddiasına görə, guya bu, Rusiyanın gedişidir. Amma Sərdar Berdiməhəmmədovla atasının xarici siyasətə yanaşmasında o qədər də fərq yoxdur. Təbii ki, Sərdar bu baxımdan daha təcrübəsizdir. Eyni zamanda, Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan prezidenti olması Rusiya üçün heç bir təhdid təşkil etmirdi. Görünür, Berdiməhəmmədov həm səhhətini, həm daxildəki, həm də Qazaxıstandakı prosesləri nəzərə alaraq, özü üçün belə bir “təhlükəsiz fond” yaratmaq istədi.

- Keçmiş sovet məkanında baş verənlər Azərbaycana nə vəd edir? Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında Şuşa bəyannaməsi bizi bu kimi təhlükələrdən sığortalayırmı?

- Artıq Şuşa bəyannaməsi Azərbaycanı kənardan gələ biləcək böyük təhlükələrdən qoruyur. Bu, Azərbaycan ətrafında “təhlükəsizlik oxu” yaradır. Çox yaxşı bilirik ki, Cənubi Qafqaz bir sıra böyük dövlətlərin işğal planlarında yer alır. Biz Şuşa bəyannaməsini imzalamaqla gələcək təhdidlərdən özümüzü sığortaladıq. Bununla tək olmadığımızı, Türkiyənin yanımızda olduğunu bildirmiş olduq. Unutmayaq ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərindədir. Bu da 2025-ci ildə bir sıra çağırışlarla üzləşməyimizə səbəb ola bilər.

Artıq Azərbaycan daxilində olan və xarici ölkələrlə yaxın olan şəxslərlə bağlı ciddi tədbirlər görülməkdədir. Bu baxımdan, gələcəkdə Azərbaycan və Türkiyə arasında inteqrasiya daha da güclənməlidir. Biz “Bir millət – iki dövlət” konsepsiyasını “Bir millət – bir dövlət” anlayışı ilə əvəzləyə bilərik. İqtisadi, siyasi və hərbi əlaqələr o qədər inteqrasiya edilməlidir ki, bir sıra güclər Azərbaycana qarşı hücumun Türkiyəyə hücum olduğunu bilmiş olsunlar.

Ukraynada baş verən gəlişmələr bütün MDB ölkələri üçün bir örnəkdir ki, orada cərəyan edən olaylar nə ilə nəticələnə bilər. Yəni Rusiya Ukraynada istəklərinə nail olsa, bu, Cənubi Qafqaz və Orta Asiyanı da həmin hədəfə gətirə bilər. Əgər Ukraynadakı status-kvo indiki kimi qalarsa, Rusiya və ABŞ arasında Cənubi Qafqaz uğrundakı mübarizənin daha aktiv fazaya keçməsini görə bilərik. Hər halda Azərbaycan dostlarının və düşmənlərinin kimlər olduğunu yaxşı bilir. Təbii ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən, Rusiya və İranla iqtisadi əlaqələrini inkişaf etdirir, bu yöndə birgə layihələr həyata keçirilir. Buna baxmayaraq, gələcək illərdə baş verə biləcək hadisələrə hazırlıqlı olmaq lazımdır. Buna görə də, Şuşa bəyannaməsi tarixi əhəmiyyət daşıyır. Cənab prezidentin bunu Qars müqaviləsi ilə müqayisə etməsi də təsadüfi deyildi. Bu da onu göstərir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və ya sərhədlərinin toxunulmazlığı üçün bu bəyannamə olduqca vacibdir. Bu, vaxtında atılmış çox vacib addımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər