Dövlət başçısı bir neçə dəfə Ermənistana Azərbaycanın sülh şərtlərini bildirib. Bir neçə gün öncə Ağdam səfərində də Prezident İlham Əliyev qarşı tərəfə ölkəmizin sülhlə bağlı şərtini bir daha xatırlatdı. Azərbaycan Ermənistanla sülh sazişini imzalamaqda maraqlıdır. Amma başlıca şərt Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bu gündə 1991-ci ilin sentyabr ayından Azərbaycan ərazisində yaradılmış qeyri-qanuni, separatçı, cinayət qurumun qalıqları mövcuddur: “Çox təəsüf ki, Azərbaycanla açıq əməkdaşlıq edən tərəflər də buna göz yumur. Görünür bir çoxları bu qanunsuz silahlıların Azərbaycan ərazisində qalmasına himayədarlıq edir. Ermənistanın özü də bu gün separatizmə dəstək verir. Azərbaycan ərazisində hələ də qalmış erməni silahlılarının olması buna misaldır. Amma bu qanunsuz silahlılar ərazilərimizdən dərhal çıxmalıdır. Əks halda Azərbaycan özünün suveren ərazisində istənilən vaxt anti-terror əməliyyatları icra etməyə hazırdır”.
Millət vəkili hesab edir ki, Laçın dəhlizi ilə bağlı məsələ qısa zamanda öz həllini tapmalı və bu əraziyə daxil olanlar ölkəmizin qanunvericiliyinə uyğun hərəkət etməlidir: “Zəngəzur dəhlizi, sərhədlərin dəqiqləşməsi məsələsi başa çatmalıdır. Bütün bu şərtlər icra edildikdən sonra Ermənistanla sülh sazişi imzalamaq mümkündür. Ölkə başçısı da açıq şəkildə bəyan etdi ki, erməni vandallığı, Ağdamı tamamilə məhv etmiş bir toplumun hərəkətlərinə hüquqi siyasi qiymət veriləcək. Xalqımız da erməni barbarlığını heç vaxt yaddan çıxarmamalıdır”.