15 Fevral 2022 14:57
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Bəyannaməsi iki qardaş ölkə üçün təhlükəsizlik təminatıdır. Bu, Azərbaycan-Türkiyə əlaqələrində rəsmi müttəfiqlik sənədidir. Bəyannamənin ən vacib maddəsi iki ölkənin təhlükəsizliyi ilə bağlıdır. Tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və yaxud təhlükəsizliyinə qarşı üçüncü bir dövlət və ya dövlətlər tərəfindən təhdid olarsa, birgə hərəkət etmək imkanları mövcuddur. Bu, BMT Nizamnəməsinin prinsiplərinə uyğun bir addımdır.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, kənar təhdidlərə qarşı birgə addım atmaq üçün beynəlxalq hüquqa uyğun olan bütün məsələlər bu sənəddə öz əksini tapıb:

“Həmçinin təhlükəsizliyə təhlükə olarsa, iki ölkə silahlı qüvvələrinin birgə koordinasiyası mümkündür. Dünyada belə bir müttəfiqlik sənədinin oxşarı mövcud deyil. Həmçinin sənəddə hərbi sahədə əməkdaşlığın artırılması da vacib amil kimi qeyd edilib. Birgə hərbi təlimlər, hərbi sənaye sahəsində olan əməkdaşlıq imkanları formalaşacaq”.

Sabiq səfir hesab edir ki, Şuşa Bəyannaməsi NATO-nun 5-ci maddəsində həmçinin KTMT-da əksini tapan prinsiplərə uyğundur:

“1921-ci ildə imzalanmış Qars müqaviləsindən başlayaraq 1994-cü ildə imzalanmış Azərbaycanla Türkiyə arasında bağlanmış müqavilə, 2010-ci ildə imzalanan Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım müqavilələri bütün bu sahələri əhatə edir. Bu müqavilələr ikitərəfli və çoxtərəfli müttəfiqlik razılaşmalarıdır”.

Hulusi Kılıca görə, 44 günlük müharibədən sonra Silahlı Qüvvələrin qarşılıqlı şəkildə əlaqələndirilməsi və digər sahələrdə əməkdaşlıq imkanları artırılır:

“Zəngəzur dəhlizi ilə bağlı məsələ də bu sənəddə yer alıb. Naxçıvan Qars dəmir yolu xəttinin bərpası iki ölkə arasında əlaqələrdə mühüm töhfə olacaq. Bütün bu prinsiplərdən çıxış edərək Şuşa Bəyannaməsinin tarixi bir sənəd olduğu bir daha öz təsdiqini tapmış olur. İki qardaş ölkə Prezidenti tərəfindən bu sənədin təsdiqlənməsi bizim üçün yeni bir yol xəritəsidir”.


Müəllif: Tapdıq Qurbanlı