16 Fevral 2022 20:27
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ölkə başçısı növbəti dəfə Ermənistana Azərbaycanın sülh şərtini səsləndirdi. Qarşı tərəfin isə davranışları ilə prosesi qeyri-müəyyən müddətə yubatmağa çalışır. Sizcə, prosesi qısa zamanda yekunlaşdırmaq üçün hansı təsiredici addımlar atıla bilər?

- Ermənistan tərəfi prosesi uzatmağa çalışsa da sülhün olacağına dair ümidlər mövcuddur. Azərbaycan sülh məsələsində ona görə təkidli davranır ki, bizim dövlət olaraq məqsədlərimiz var. Ölkəmizin istəyi odur ki, ərazi bütövlüyü, tarixi ədalətin bərpasına nail olaq. Amma təbii ki, bunlara nail olamaq üçün müxtəlif üsullar var. Bu üsulların seçimində əsas meyar ondan ibarətdir ki, bu və ya digər məqsədə nail olmaq üçün itgilər az olsun. Yenidən qurbanlar vermək arzulanan məsələ deyil. Belə məsələlər mövcuddur. Siyasət də bu şəkildə qurulur ki, məqsədlərə nail olmaqla yanaşı itkilərimiz də olmasın. Ona görə də, sülh təklifləri də məhz bu məqsədə hesablanıb. Amma hələ ehtimal, ümid var ki, ermənilər normal qonşuluq siyasətini seçəcək. Beləliklə də, 30 illik ərazi iddialarından əl çəkəcəklər. Bu baxımdan da sülh çağırışları hələ də qalır.

- Sizcə, sülhü əngəlləyən başlıca amil nədən ibarətdir?

- Real mənzərəni qiymətləndirmək lazımdır. Amma başa düşmək lazımdır ki, 30 il ərzində Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddiaları ruhunda formalaşıb. Hətta bunu özləri üçün “uğurlu” sayırdılar. 30 il ərazində Azərbaycan ərazilərini nəzarətdə saxladıqlarını özlərinəməxsus “əsaslandırmağa” çalışırdılar. 2020-ci ilin 27-i sentyabrından isə hər şey dəyişdi. İndi isə erməni tərəfi bu reallığı psixoloji baxımdan dərk etməyə hazır deyil. Erməni cəmiyyətinin bir hissəsi isə siyasi cəhətdən bunu qəbul etmək istəmir. Ona görə də, bu çox mürəkkəb bir prosesdir. II Dünya müharibəsinin nəticəsində məğlub olmuş Almaniyaya qarşı xüsusi bir proqram həyata keçirildi. Bu nasizimdən azad olma proqramı idi. Proqram çərçivəsində cəmiyyətin bir çox təbəqələrinə aid işlər görüldü. Proses bir neçə il çəkdi. Yəni bu baxımdan Ermənistanla sülh məsələsinə də bir qədər geniş baxmaq lazımdır. Görünür, erməni cəmiyyəti hələ də sağalmayıb. Xəstə təfəkkür onların zehniyyətində hələ də hakimdir. 30 il ərzində də bu xəstəliklə yaşayıblar. Onları sağaltmaq üçün də zaman lazımdır. Bu bir günə, bir çağırışa, bir bəyanta həll olunan məsələ deyil.

- Erməni cəmiyyətinin qeyri-sağlam təfəkkürdə qalmasında kimlər maraqlıdır?

- Burada üçüncü tərəflər var. Onlar istəmirlər ki, erməni cəmiyyəti bu xəstəlikdən qurtulsun. Əksinə onları təhrik edirlər ki, yenidən münaqişəyə qoşulsunlar. Bu baxımdan məsələnin nə qədər mürəkkəb olduğunu da unutmaq olmaz.

- Ermənistan özü üçün hansı sülh “şərtlərini” məqbul hesab edir?

- Erməni cəmiyyəti reallıqdan uzaq istəklərlə yaşayır. Xəyallar onları məhv edir. Bu baxımdan onların istədiyi “sülh” ifrat millətçilik şəklində olan xəyallardan, uydurmalardan formalaşır. Onları real həyata qaytarmaq üçün aktiv siyasət aparmaq lazımdır. Eyni zamanda təzyiqin olması da vacibdir. Bu təsirlər hərbi-siyasi yollarla da ola bilər. Bəlkə bunların nəticəsində nəsə normal cəmiyyət formalaşdırmaq mümkün olsun.

- Son günlər erməni tərəfi yenidən təxribatlar edir. Bunlar nədən qaynaqlanır?

- Qarabağ ərazisinin real xəritəsinə nəzər salsaq biz başa düşərik ki, orada onların vəziyyəti acınacaqlıdır. Müharibənin nəticəsi olaraq onlar artıq başa düşməyə çalışır ki, hansısa siyasi oyunların qurbanı olub. Orada yaşayan əhali məhz bu düşüncələr içindədir. Başa düşürlər ki, indi də Azərbaycanla düşmənçilik siyasətinin davam etməsi kənar qüvvələrin istəyindən ortaya çıxır. Artıq bu ərazilərdən böyük axın da var. İnsanlar artıq bu oyunlarda iştirakdan imtina edir. Onları da bu oyunlara xarici və daxili qüvvələr cəlb edir. Istəkləri odur ki, orada hərbi qanunlara əsaslanan bir cəmiyyət yaratsınlar. Hətta ola bilsin ki, sonradan belə bir qərar da çıxarsınlar ki, o ərazilərdən çıxmaq mümkün olmasın. Amma kənar qüvvələr də başa düşür ki, bu cür cəhdlər perspektivsizdir. Təxribatlar da onların son çırpınışlarıdır. Hər şeylərini uduzublar. Darmadağın olmuş, insanları olmayan bölgədə nəsə yaratmaq mümkün deyil. Siyasi gələcəyi olmayan bir ərazidə hansısa bir ideyaları gerçəkləşdirmək qeyri-realdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər