3 Mart 2022 12:04
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda, dünyada sabitliyin və əməkdaşlığın bərqərar olması Azərbaycanın prioritet vəzifələrindəndir. Bu təkcə hakimiyyətin həyata keçirdiyi sülhpərvər siyasətin tərkib hissəsi deyil. Sabitlik Azərbaycanın 2007-ci il tarixli Milli Təhlükəsizlik Konsepsiyası ilə müəyyən edilmiş vacib prioritetdir. Ölkəmizin Təhlükəsizlik Konsepsiyasında da Azərbaycan və erməni icmasının dövlətimizin hüquqları çərçivəsində dinc birgəyaşayışı öz əksini tapıb. Müşahidə etdiyimiz bu prioritet 2007-ci ildə, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə müəyyən edilib. O dövrdən bu konsepsiyanın özü heç bir dəyişikliyə uğramayıb. Bütün bunlar Azərbaycanın sabitlik yaradan ölkə imicini həm münaqişə, həm də postmünaqişə dövründə nümayiş etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, sabitlik iqtisadi əməkdaşlığı, siyasi sabitliyi zəruri edir:

“Siyasi sabitlik və iqtisadi əməkdaşlıq bir-birini müəyyən edən anlayışlardır. Azərbaycanın regionun təbii lideri olması ilk növbədə onun yaratdığı hərtərəfli iqtisadi əməkdaşlığına söykənir. Gürcüstan və Türkiyə ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, İran və Rusiya ilə Şimal-Cənub marşrutu, Avropa ilə TANAP, TAP, TRASECA, Türkmənistan ilə isə Dostluq yatağının birgə istifadəsi və İran ərazisi vasitəsilə qaz nəql etməsi Azərbaycanın regionda yaratdığı iqtisadi əməkdaşlığın əyani sübutudur. İqtisadi əməkdaşlıq siyasi sabitlik tələb etdiyi qədər, siyasi sabitliyi şərtləndirir. İqtisadi əməkdaşlıqlar bizim siyasi sabitlik yaradan ölkə imicimizi bir daha möhkəmləndirir”.

Millət vəkili bildirib ki, Vətən müharibəsindəki tarixi qələbəsi ilə Azərbaycan regionda və dünyada yeni geosiyasi reallıq formalaşdırıb:

“Bu reallıq beynəlxalq hüquq baxımından haqlı tərəfin ədalətin öz-özünə gerçəkləşməsini gözləmək əvəzinə ədalət mühakiməsini öz əlinə alma presedentindən ibarətdir. Dünyada hələ də çox sayda dondurulmuş münaqişə ocaqları mövcuddur. Bizim nümunə onlara aktiv fəaliyyətə keçməyin əhəmiyyətini izah etdi. Lakin Azərbaycanın nümunəsi müharibə variantını seçməkdən ibarət deyil. Biz hücum edən yox, müdafiə olunan tərəf olmuşuq, tarixi zəfər dövlətimizin əks-hücumu ilə başlayıb. Acı reallıqdan müdrik dərslərin çıxarılma bacarığında, uzun illər müharibəyə hazırlaşmaq qabiliyyətində və strateji məqamı gözləmək fərasətindədir. II Qarabağ müharibəsi zamanı Azərbaycanın həyata keçirtdiyi uğurlu taktiki əməliyyat və manevrlər isə hal-hazırda dünyanın bir çox strateji tədqiqatlar mərkəzində öyrənilməkdədir”.

Deputatın fikrincə, Azərbaycanın yaratdığı digər reallıq Avropa və Asiyanın kəsişməsində yerləşən vacib Cənubi Qafqaz regionunda qüvvələr balansının dəyişdirilməsidir:

“Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsini imzalayıb. Bununla ölkəmiz özünün və regionun təhlükəsizliyini daha da gücləndirib. Postmüharibə dövrü o cümlədən, Zəngəzur dəhlizi və türkdilli dövlətlərin inteqrasiya layihələrini aktuallaşdırdı. Artıq ölkəmizin bölgədə vasitəçilik missiyası daha aktiv görünür. Hazırda Rusiya Ukrayna müharibəsi müstəvisində Azərbaycanın əsas mövqeyi və prioriteti dinc əhalinin hədəf olmaması, hərbi əməliyyatların yekunlaşmasıdır. Azərbaycan həm dövlət, həm də cəmiyyət səviyyəsində müharibədən əziyyət çəkən Ukrayna əhalisinə humanitar yardım göstərir. Azərbaycanın müdrik siyasətini lazımınca dəyərləndirən Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya ilə mümkün danışıqlar məkanı qismində Bakı, Ankara və Budapeştin adını çəkməsi heç də təsadüfi deyil. Azərbaycanın adının təklif olunması olduqca əhəmiyyətlidir. Bu ölkəmizin beynəlxalq təhlükəsizliyə uzun illər verdiyi töhfənin, beynəlxalq hüquqa hörmətinin məntiqi nəticəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər