11 Mart 2022 12:51
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin ikiüzlülüyün ən açıq forması olduğunu deyə bilərik. Halbuki, Rusiya-Ukrayna müharibəsində beynəlxalq birliyin hücuma məruz qalanın yanında olması, beynəlxalq hüququ əsas götürməsi başqa ölkələrə münasibətdə də bu prinsiplər üzərindən yanaşılacağına dair ümidlər doğurmuşdu. Axı işğalçının milliyəti, yaxud kimliyi əsas deyil, işğalçı işğalçıdır və eyni münasibətə layiqdir.

Lakin birinə yanaşmada beynəlxalq hüququ əsas götürmək, digərinə yanaşmada bu hüququ çiynəmək, yumşaq desək, saxtakarlıqdan başqa bir şey deyil. Avropa Parlamentinin qəbul etdiyi qətnamə bunu bir daha ortaya qoydu və ikiliyanaşma siyasətinin dəyişmədiyini göstərdi.

Qətnamədə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərdində də eyni addımların atdıldığı yalanı ortaya atılır.

Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa “Baqramyan 33”-də hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu ancaq illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər.

Və elə Avropa Parlamentinin qətnaməsini də avroparlamentarilər yox, elə erməni yalan maşının hazırladığını əminliklə deyə bilərik. Sirr deyil ki, Azərbaycana qarşı qərəzli, hətta düşmən mövqe sərgiləyən bu qurum erməni lobbisinin əsirinə çevrilib.

İndi, qlobal toqquşmanın yaşandığı və Avropa üçün istər enerji təhlükəsizliyi, istərsə Cənubi Qafqaz bölgəsində tərəfdaşlıq baxımından əhəmiyyəti hər kəs tərəfindən qəbul edilən Azərbaycana qarşı bu qədər açıq düşmənçiliyin səbəblərinə dair ehtimallar irəli sürmək çətin deyil:

Birincisi və başlıcası beynəlxalq hüquq və dəyərlərə xidmət etməli olan Avropa Parlamentini erməni maraqlarının yuvasına çevirən erməni lobbisidir: qətnamənin müəlliflərindən olan hollandiyalı deputat Peter Van Dalen ermənipərəstliyi ilə məşhurdur, misal üçün o, 44 günlük müharibə dövründə AP-nin tribunasından alovlu çıxışları ilə işğalçı Ermənistanı müdafiə edir, Azərbaycana qarşı erməni leksikonu ilə “türklərin hücumu dayandırılmalıdır” çağırışları səsləndirirdi; Azərbaycan beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etdi, lakin Peter Van Dalen kimi Avropa dəyərlərinə yox, erməni maraqlarına xidmət edən korrupsiyalaşmış siyasətçilər hücumlarını dayandırmayıb, əksinə, yalan dolu ittihamlarını bir az da genişləndirirlər. Erməni lobbisi AP-nin tribunasını zəbt edib - son qondarma qətnamə bunu bir daha sübut edir;

İkincisi, diqqət hazırda Avropa Birliyinə sədrlik edən Fransanın üzərinə yönəlir: bu ölkənin rəhbərliyindən siyasətçilərinə qədər ermənipərəst mövqeyi bəllidir, Fransa prezident seçkiləri ərəfəsində ermənipərəstliyin həm də daxili siyasətə hesablandığı da sirr deyil, lakin Avropanın enerji təhlükəsizliyinin heç olmadığı qədər risk altına düşdüyü vaxt əsas alternativ mənbələrdən olan Azərbaycana qarşı bu qədər açıq düşmənçilik təəccüb doğurmaya bilmir; görünür, Avropanın kulislərini zəbt edən erməni lobbisi üçün qitənin təhlükəsizliyi yox, Ermənistanın maraqları daha önəmlidir…

Bu və digər səbəbləri sıralamaq olar, hərçənd, ortada bir gerçək var: Avropa Parlamenti illərdir etdiyi kimi, yenə də bütün beynəlxalq hüququ, ədaləti və dəyərləri ayaqlar altına atdı.

İllərdir bu rasist davranış davam edir. İllərdir korrupsioner AP üzvləri erməni vandalizmi haqda bir cümlə belə işlətməyib. Və illərdir Ermənistan Azərbaycanın madi-mədəni irsini məhv edib. 30 il sonra Azərbaycan torpaqlarını işğaldan azad edəndə qarşılaşdığı mənzərə böyük müharibələrin xaraba qoyduğu ərazilərdən daha dəhşətli idi. Çünki müharibələrin viran qoyduğu şəhərlərdə qalan dağıntılar orada nə vaxtsa həyatın olduğunun nişanəsidir. Azərbaycanın işğal altında olan torpaqlarında isə şəhərlər, qəsəbələr, kəndlər yer üzündən silinib, səhralığa çevrilib və bu torpaqlarda cəmi 30 il öncə həyatın olduğunu demək çətindir. Bunu yalnız vəhşi qəbilələr edə bilərdilər.

İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi-dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Və bu dini abidələr arasında təkcə islam yox, həm də bu gün Avropa Parlamentində oturanların inandığı xristian irsi də var. Ermənistanın dağıtdığı qəbiristanlıqların sayı 900-dan çoxdur. İnsanlar o torpaqlara qayıdarkən təkcə qoyub getdikləri evlərini yox, həm də doğmalarının məzarlarını da tapmadılar. Əsl vandalizm budur.

Vandalizm odur ki, dini məbədlər - Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı, Cümə, Ağoğlan, Gəncəsər məscidləri, Xudavəng monastırı erməniləşdirilib, tarixini məhv ediblər, məscidlərdə donuz və ev heyvanları saxlayıblar.

Vandalizm odur ki, Azərbaycana məxsus minlərlə maddi-mədəni irs nümunəsini məhv edən Ermənistan öz ərazisində qalan tarixi abidələrimizi məhv etməyə, dəyişdirməyə davam edir.

Avropa Parlamenti və orada əyləşən erməni diasporu/lobbisinin quluna çevrilmiş, beynəlxalq dəyərləri deyil, aldıqları mükafatları əsas götürən parlamentarilər bu qədər faktın qarşısında bir dəfə də olsun Ermənistana irad belə tutmayıb. Bunun adı riyakarlıq və ikiüzlülükdür. Avropa Parlamentinin qondarma qətnaməsi Avropanın ikiüzlü siyasətindən əl çəkmədiyini və həqiqəti yox, siyasi və şəxsi maraqlarını əsas götürdüyünü bir daha sübut etdi.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər