Dörd ədəd müasir Su-30 təyyarəsi sanki Ermənistana verilən oyuncaq idi, verdilər oynadı, indi isə əlindən aldılar.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan Rizvan Hüseynov bildirib.
O qeyd edib ki, halbuki hüquqi baxımdan bu təyyarələr Ermənistana aiddir:
“Bu təyyarələrin Ukraynada gedən müharibəyə qoşulması Ermənistanın Rusiya və Belarusla birgə tərəf olaraq həmin cinayətə şərik olması deməkdir. Bu da Rusiya üçün çox vacib bir məqam idi. Ukraynada baş verən müharibədə, orada törədilən cinayətlərdə şəriklər tapılmalı idi. Rusiya tərəfi sabah iddia edə bilsin ki, təkcə özü yox, bir qrup ölkələr guya Ukraynada nəsə bərqərar edirdi və sair. Artıq bir qrup formalaşdı – Rusiya, Belarus və Ermənistan. Burada maraqlı bir məqam odur ki, birincisi, Qərb mətbuatının yazdığına və Ukrayna tərəfinin təsdiq etdiyinə görə, bir ay ərzində Rusiya hərbi təyyarələrinin təxminən 50 faizi məhv edilib. Onların pilotları da ya məhv edilib, ya əsir götürülüb. Bunlar əsasən ən təcrübəli, Suriyada və digər yerlərdə döyüşlərdə iştirak edən pilotlardır. Sözsüz ki, bu kritik dönəmdə Rusiyaya imkan daxilində böyük rezervlər lazımdır. Rusiya istər təyyarələrə, istərsə digər rezervlərə böyük ehtiyac duyur. Yəqin ki, qarşıdakı günlərdə Rusiya tərəfi əlindən gələni edəcək ki, Ukraynanın cənub-şərq bölgələrində, əsasən də Mariupol istiqamətində sonadək hansısa əməliyyat keçirib, hansısa ərazini zəbt edib, sonra danışıqlara otursun. Ermənistan bu cinayətə faktiki olaraq şərik olur. Bu üəsuliyyəti öz üzərinə götürür”.
Qeyd edək ki, ABŞ başqa olmaqla Qərb ölkələri Rusiyaya hərbi, iqtisadi və digər yardım göstərən istənilən ölkəyə qarşı ciddi tədbirlər görüləcəyini bəyan ediblər. Bəs Qərb blokuna daxil olan ölkələr Ermənistanın bu addımına reaksiya verəcəklərmi? Bu ölkəyə də sanksiyalar tətbiq olunacaqmı? Bu istiqamətdə də suallarımızı cavablandıran Rizvan Hüseynov deyib ki, burada çox maraqlı vəziyyət yaranıb:
“Ümumiyyətlə, Ermənistan dövlət deyil. Bir dövlətin ki, ərazisində başqa ölkənin hərbi bazaları var və həmin ölkə pulla alınan istədiyi təyyarəni istədiyi müharibəyə aparır, ona necə dövlət demək olar?! Ermənistanın heç sərhəd qoşunları yoxdur, əvəzində rus sərhədçiləri və xüsusi orqanları bu işlə məşğuldur, bu, birbaşa Ermənistanın müstəqil ölkə olmamasına dəlalət edir. Qərb isə Ermənistanı həmişə dəstəkləyib və dəstəkləyəcək. Burada həm Fransadan, həm də ABŞ-dan söhbət gedir. Guya Paşinyan demokrat liderdir, liberal düşüncəyə sahibdir. Amma görürük ki, demokrat pərdəsi altında əslində Rusiyaya hər cür dəstək verir”.
Rizvan Hüseynov qeyd edib ki, Qərb bundan öncə də Ermənistanı dəstəkləyirdi:
“Vaxtilə Robert Köçəryan, Serj Sərkisyan kimi anti-demokratik qüvvələr hakimiyyətdə olanda da Qərb Ermənistanı dəstəkləyirdi. İndi də dəstəkləyir. Buna arxayın olan Ermənistan ümid edir ki, ona heç bir sanksiya tətbiq olunmayacaq. Ancaq Azərbaycan hansısa addım atan kimi qərbdəkilər sanksiya barədə danışmağa başlayırdılar. Bunun özü də Qərbin ikili standartlarla yaşadığının növbəti sübutudur”.