Mixail Delyaqini Rusiyanın özündə belə ciddi iqtisadçı kimi qəbul etmirlər. Martın 26-da o, RTR kanalında çıxışı zamanı Azərbaycan neft infrastrukturuna zərbə endirməyə dair çağırış edib. Aydındır ki, Azərbaycan neft sənayesi müasir hava hücumundan müdafiə sistemi ilə etibarlı şəkildə əhatə olunub. Bütün bunlar məlumdur. Bu adam qeyri-ciddi fikirlər işlədir. Görünür iqtisadçı kimi ciddi qəbul olunmadığı üçün indi geopolitik mövzulara, hərbi təhdidlərə üstünlük verir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Musabəyov deyir ki, ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələrinin Ukraynanın işğalı ilə əlaqədar Rusiyanın enerji resurslarının alınmasına dair elan etdiyi embarqo kontekstində Moskva neft və neft tədarükünü süni şəkildə məhdudlaşdırmaqdan daha yaxşı bir şey ortaya qoymadı:
“Onlar hədə-qorxu gəlirlər. Əslində məqsəd sadədir. Onların neftinin satışına embarqo qoyulub. Bunlar da çalışırlar ki, bazarda qıtlıq daha çox olsun ki, nəticədə sanksiyalardan qaça bilsinlər. Qazaxıstan sakit durub və bu da anlaşılandır. Çünki Qazaxıstan neftinin “Novorossiskidən” ötürülməsinin önünü cığallıqla kəsiblər. Düşünür ki, bizə də hədə gəlsin. Aydındır ki, vurmaq məsələsi yoxdur. Anlayırlar ki, burada həm də Türkiyə var. Türkiyə boğazları bağlayar və rus nefti ümumiyyətlə Qara dənizdən çıxmaz. Odur ki, sadəcə bizi qorxutmaq üçün hədə gəlir. Mənasızdır”.
Azərbaycanlı analitik qeyd edir ki, Delyaqini əslində Jrinovskinin bir tayıdır: “Jrinovski öz sözünü deyirdi? Buna da söz dedirdirlər. Amma özü ciddi adam deyil”.
Rasim Musabəyov xatırladıb ki, Azərbaycan MDB məkanında ən müasir və zəngin hava müdafiə və raket sistemlərinə malikdir:
“Bu insanların məlumatı üçün bildirirəm ki, Azərbaycan postsovet məkanında ən müasir və zəngin hava hücumundan müdafiə və raketdən müdafiə sisteminə malikdir. O, Rusiyanın özündə alınmış ən son S-300PMU2 Favorit-in iki bölməsinə, çoxlu sayda Buk-MB, Tor-M2E, həmçinin İsrailin Dəmir Günbəz və Barak-8-ə əsaslanır. Azərbaycanın hava və raket hücumundan müdafiəsi 2020-ci ildə 44 günlük müharibə zamanı enerji infrastrukturu obyektlərini etibarlı şəkildə əhatə edib. Delyaqinin Rusiya Federasiyasında siyasi və sosial çəkisi çox kiçikdir. Odur ki, bu adam belə məsulkiyyətsiz bəyanatlar səsləndirməməli idi”.