31 Mart 2022 12:02
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırımı hadisəsindən 104 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Bu qanlı hadisəni xatırlamaq, erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti, siyasi prosesləri dəqiq analiz etmək lazımdır. Ən vacib prinsip isə bu vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bununla bağlı Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımılar həyata keçirib: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb. Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilib. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdılıb”.

Millət vəkili bildirib ki, ermənilərin azərbaycanlılara qarşı qanlı soyqırım olayları 1918-ci ilin martın 30-dan, aprelin 2-ə qədər Bakıda davam edib: “Bu qanlı olaylar tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalıb. Soyqırımı təkcə Bakıyla deyil, aprelin ilk ongünlüyündə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrini əhatə edib. Şamaxıda törədilmiş kütləvi qırğınlar xüsusilə fərqlənib. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq amansızlıqla qətlə yetirilib. Faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıb. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub”.

Deputat bildirib ki, Mart soyqırımına hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin tərəfindən verilib: “1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu sənədin ermənilər və havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti var. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Prezident İlham Əliyevin 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına Sərəncam imzalayıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb”.

Tamam Cəfərova hesab edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə tarixi ədaləti bərpa edib: “Tarixi qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi”.

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər