21 Aprel 2022 13:56
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər baş verən hadisələrə baxdıqda çox təəssüf ki, bir sıra Qərb ölkələrində islamafobiyanın sürətlə artmasını müşahidə edirik. Aparıcı Qərb ölkələrində də bu xətt özünü açıq şəkildə göstərir. Qurani-Kərim, Tövrat, İncil müqəddəs kitablardır. Bu kitabların Allah tərəfindən nazil olunduğu səmavi dinlərin nümayəndələri tərəfindən qəbul edilir. Amma çox təəssüf ki, Avropa ölkələrində İslama qarşı olan münasibət getdikcə kəskinləşir. Bu, özünü məscidlərin təhqirinə edilən cəhdlərdə, Qurani-Kərimin yandırılması kimi arzuolunmaz məsələlərdə biruzə verir.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

Komitə üzvünə görə, ümumi statistikaya nəzər salsaq görərik ki, heç bir müsəlman ölkəsində hansısa müqəddəs kitabın, Tövratın, İncilin yandırılması faktına rast gəlinməyib: “İndiyə qədər belə bir fakt qeydə alınmayıb. Amma Qərb ölkələrinin bəzilərində olan ümumi münasibət, hətta siyasətçilərin yanaşmalarına diqqət yetirəndə İslama qarşı sərt “ritorikanın” şahidi oluruq. Bu hal Qurani-Kərimin yandırılması halında son zamanlar özünü daha çox göstərir. Sözsüz ki, bu hallar dini baxımdan qəbuledilməzdir”.

Millət vəkilinin fikrincə, İslama qarşı dözümsüz yanaşmalar bir çox Qərb ölkələrində özünü açıq göstərir: “Müsəlmanlar digər dinlərə qarşı təmkinli yanaşdığı halda biz qarşı tərəfdən analoji münasibəti görmürük. Sözsüz ki, bu cür münasibət yolverilməzdir. Bu gün dünya ictimaiyyəti belə məsələlərdə daha həmrəy olmalıdır ki, dinlərarası qarşıdurmalar baş verməsin. Bütün dinlərə yüksək səviyyədə hörmət və ehtiramın olması vacib amildir. Çünki bunun əksinə olacaqlar heç bir yaxşı perspektiv vəd etmir”.

Ceyhun Məmmədov Azərbaycanda bütün səmavi dinlərə olan yüksək münasibətdən bəhs edib: “Ölkəmizdə bütün dinlərin təmsilçiləri dostluq-qardaşlıq şəraitində yaşayır. Dinlər və mədəniyyətlərarası məsələlərə yanaşmada Azərbaycanın təqdim etdiyi model var. Qərb liderləri, siyasi xadimləri də bu ənənələrə daha çox diqqət yetirməlidir”.


Müəllif: Tapdıq Qurbanlı