10 May 2022 20:27
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Ermənistandakı aksiyalarla bağlı fərqli fikirlər var. Kemçiş müdafiə naziri, hərbi cani Seyran Ohanyan da Rusiyanın onlara dəstək verməməsindən gileylənib. Qarşı tərəfdə proseslərin gözlənilən ssenerisi ilə bağlı hansı ehtimallar var?

- Görünən odur ki, Ermənistanda vəziyyət qeyri-sabitdir. Hazırda Ermənistanı fəlakətli durumdan çıxarıb onun gələcək varlığını və inkişafını təmin etmək üçün Nikol Paşinyan komandası bütün imkanlarını ortaya qoymağa çalışır. Məsələyə obyektiv qiymət verəsi olsaq, Paşinyanın bu baxımdan rolunu unutmaq olmaz. Sözsüz ki, o, Azərbaycanın maraqları üçün deyil, məhz erməniləri və Ermənistanı xilas etmək üçün bu yolu tutur. Görünür, Paşinyan revanşistlərdən fərqli olaraq öz xalqına daha səmimi hisslərlə bağlıdır. Çünki hazırda Paşinyan onların içərisində nisbətən normal bir siyasətçi kimi tanınmağa çalışır. Amma bununla bərabər 44 günlük müharibədən sonra Ermənistanda Paşinyana qarşı ən müxtəlif aksiyaları təşkil edən, dalğavarı bir formada onun istefasına çalışan revanşistlər məqsədlərinə nail ola bilmədi.

- Paşinyana qarşı cəmləşmiş qüvvələrin iqtidara gəlmək şansını necə dəyərləndirirsiniz?

- Onların imkanları 44 günlük müharibədən sonra Ermənistanda keçirilən parlament seçkiləri vaxtı ola bilərdi. Çünki Paşinyan müharibədən məğlub çıxmışdı. Əslində çox nadir hadisə idi ki, məğlub ölkənin hökumət başçısı yenidən seçkilərdə etimad qazanaraq iqtidarda qala bilir. Ona görə də, bu şansı erməni cəmiyyəti revanşistlərə vermədi. Bundan sonra yenə də ambisiyalarını reallaşdırmaq, xüsusilə Köçəryan-Sərkisyan cütlüyü özlərini xilas etmək üçün hərəkətə keçdilər. Çünki onlar yaxşı bilir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu iki hərbi cani üçün faciəli günlər başlayacaq. Hər iki hərbi cani haqqında Azərbaycanda cinayət işi açılıb. Ona görə də, onlar çalışırlar necə olur-olsun Paşinyan iqtidarını devirsinlər.

- Revanşistlərin Paşinyana qarşı açıq mübarizəsində əsasən hansı istiqamətlərdən “hücum” təşkil edilir?

- Erməni baş nazir Brüssel razılaşmasından sonra açıq şəkildə bəyan etdi ki, onlara deyirlər “Qarabağla bağlı iddialardan imtina edin. Sülh sazişi imzalamağa çalışın və bundan sonra sizə köməklik edəcəyik”. Bunu Paşinyan açıq şəkildə etiraf etdi. Məhz bundan sonra revanşistlər Paşinyana qarşı açıq hədəflə mübarizəyə başladılar. Burada Paşinyanın xüsusi bir səviyyə ilə müəyyən etdiyi Avropa müstəvisinə istinad edən mövqeyi də diqqət çəkir. Beləliklə o, Rusiyanın moderatorluğundan da imtina etməyə çalşır. Çünki onun özü Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş bir adamdır.

- Rusiyanın Ermənistan daxilindəki proseslərdəki rolu haqqında nə düşünürsünüz?

- Təbii ki, bu məsələlərdən kifayət qədər narahat olan, Qarabağ problemindən öz maraqlarına uyğun istifadə etməyə çalışan Rusiya Ermənistandakı dayaqlarını artıq hərəkətə gətirib. Təbii ki, indi başqa bir formata əl atılıb. Köçəryan və Sərkisyanın hakimiyyətə gəlmək şansları demək olar ki, yox dərəcəsindədir. Ona görə də, Rusiyaya daha çox meyilli başqa bir şəxs vaxtilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Artur Vanetsyan “hərəkətə” gətirilir. Məqsəd qısa zamanda Paşinyan iqtidarını devirib Vanetsyanı hakimiyyətə gətirməkdir.

- Sizcə, real vəziyyətdə Paşinyan iqtidarını devirmək istəyində olanlar nə dərəcədə şanslı görünür?

- İndiki durumda nə Rusiya, nə də Ermənistandakı ruspərəst qüvvələr buna nail olacaq. Çünki Paşinyanın Ermənistan cəmiyyətində kifayət qədər ciddi dayaqları var. Bu gün Ermənistandakı mitinqlərdə edilən çağırışlara baxmayaraq 10 mindən yuxarı adam toplana bilmir. Ona görə də, Ermənistandakı hazırkı aksiyaların nəticəsiz bitəcəyi gözlənilir. Əgər başlanan bir hərəkat ilk on günlükdə nəyəsə nail oldusa, bu, ciddi uğurdur. Yerdə qalan vaxtda isə bu proses içəridən çürüməyə başlayır. Bu proses artıq Ermənistandakı aksiyalarda gedir. Elə prosesin əvvəlində də biz proqnozlaşdırmışdıq ki, Paşinyanın bu məsələlərdən qalib çıxmaq şansı olduqca böyükdür. Rusiyanın indiki çətin dövründə, Avropanın və ABŞ-ın mövqeyinin gücləndiyi zaman kəsiyində Paşinyan Azərbaycanın ona təqdim etdiyi 5 təməl prinsipləri qəbul etmək məcburiyyətinə qalacaq. Ola bilsin ki, burada hansısa bir yeni təkliflər səslənsin. Onlar iddia etsinlər ki, Qarabağda yaşayan ermənilər üçün hansısa bir hüquq və “status”lar olsun. Bu mövzuda danışmağa cəhdlər ola bilər. Amma burada heç bir “status”dan söhbət gedə bilməz. Azərbaycan dövləti öz ərazisində yaşamaq üçün ölkə qanunlarını qəbul edən ermənilərə şərait yaradacaq. Bütün ölkə vətəndaşları kimi dinc və sivil qaydada yaşayan ermənilərin də hüquqları qorunacaq. 30 mindən artıq erməni bu gün Azərbaycanda dinc şəraitdə yaşayır. Bu baxımdan Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflər Ermənistan tərəfindən də qəbul edilərək, ilin sonuna kimi ortada olan məsələlərdə ciddi irəliləyişə nail olmaq mümkün olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər