23 May 2022 18:04
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Boran müəllim, mayın 23-ü görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin vəfat etdiyi gündür. Cəmi 36 il ömür sürməsinə baxmayaraq böyük bir dövlət qurmuş Şah İsmayılın Azərbaycan tarixindəki rolunu və yerini necə qiymətləndirirsiniz?

– Azərbaycanın dövlətçilik tarixində Səfəvi dövlətinin özünəməxsus yeri vardır. Bu imperatorluğun qurulması, möhkəmlənməsində isə əlbəttə, sosial-iqtisadi və digər amillərlə yanaşı o dövrdə yaranan qızılbaş ideologiyasının da çox əhəmiyyətli rolu olub. Bu dövlətin qurucuları sırasında Şah İsmayılın xüsusi yeri vardır. Şah İsmayıl dağınıq olan Azərbaycan torpaqlarını bütöv bir imperatorluqda birləşdirərək Yaxın və Orta Şərqdə böyük gücə malik olan bir dövlət qura bilib. O dövlət Azərbaycan dilinin, mədəniyyətinin, iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, istər Şah İsmayılın dövründə, istərsə də ondan sonrakı zamanlarda bu torpaqlara gəlmiş Avropa səyyahları bütövlükdə Səfəvi sarayında danışıq dilinin türk dili olduğunu, Şah İsmayılın özünün də türkcə incə şeirlər yazdığını xatirələrində qeyd edib. Bu baxımdan deyə bilərik ki, Şah İsmayılın dövründə mərkəzi Təbriz olan Azərbaycan dövlətinin yaradılması Azərbaycan iqtisadiyyatı, mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynayıb. Məhz bu fundament üzərində qurulduğuna görə təsadüfi deyil ki, bu dövlət təxminən iki əsr yarıma qədər mövcud olub və regionda baş verən ictimai-siyasi proseslərin gedişinə əhəmiyyətli təsir göstərib.

– Şah İsmayılın yaşının çox az olmasına baxmayaraq dövlətçilik bacarığı və böyük sərkərdəlik potensialına malik olduğu hər zaman tarixçilər tərəfində xüsusi qeyd olunur. Siz bu barədə nələri qeyd edə bilərsiniz?

– Şah İsmayıl çox gənc yaşlarından lələləri, yəni tərbiyəçiləri tərəfindən təkcə dövlət idarəetməsi sahəsində deyil, eyni zamanda hərbi sahədə də gözəl təcrübə qazanıb. Ona görə də 1499-cu ildən başlayaraq, Kür çayını keçərək şirvanşah I Fərrux Yasarın üzərinə hücuma keçməsindən sonuncu döyüşünə qədər, demək olar ki, həmişə döyüşün ən qızğın yerlərində olub və hər zaman döyüşçülərin, əsgərlərin yanında olmaqla onlara döyüş ruhu bəxş edib. Bilirsiniz ki, 1500-cü ildə Şamaxı yaxınlığındakı Cabanı adlanan yerdə şirvanşah I Fərrux Yasarla qızılbaşlar arasında həlledici döyüş olub. Həmin döyüş ərəfəsində Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə “Qoyun ölümü” keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermir. Hüseyn bəy Lələ Kür çayının daşmasının keçməsinə qədər gözləməyi məsləhət görür. Lakin Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaradır və ardınca qoşun da çayı keçməyə müvəffəq olur. Mənbələrdə qeyd olunur ki, Şah İsmayıl atını Kür boyu aşağı-yuxarı səyirdərək çaya baxmış və “Qoyun ölümü” deyilən ərazidə atını çaya vurub. Hamı heyrət qalıb və elə güman ediblər ki, çayın suyu Şah İsmayılı aparacaq. Amma o sağ-salamat keçdikdən sonra əsgərləri də “Allahu-əkbər” deyib özlərini Kür çayına vurub və sağ-salamat o biri tərəfə keçiblər. Yəni cəsarətli, ürəkli, qətiyyətli şəxs olmaqla həm də əsgərlərinə və sərkərdələrinə bir nümunə olub.

Onun sərkərdəlik bacarığından biri də Gülüstan qalasının mühasirəsi zamanı baş verib. Qalanın mühasirəsinin uzun zaman alacığını və buna qədər rəqibinin qüvvələrini yenidən cəmləyərək Kürün ətrafına gətirəcəyi xəbərini alır və buna görə də o əsgərlərini yığaraq onlara bildirir ki, aləmi-röyadan mənə xəbər gəlib, siz Gülüstan qalasını, yoxsa Azərbaycan taxtını istəyirsiniz? Bu zaman sərkərdələri bir ağızdan “Azərbaycan taxtını” deyərək ona cavab veriblər. Bu ifadənin də elmi əhəmiyyəti ondan ibarətdir ki, Şah İsmayıl həm döyüşçü, sərkərdə kimi göz önündə canlanır, həm də məqsədinin nədən ibarət olduğunu üzə çıxaran amillərdən biri idi. Ona görə də Şah İsmayıl sadəcə sərkərdə deyildi, eyni zamanda onun sərkərdəlik qabiliyyəti bu dövlətin yaradılmasında istifadə olunurdu. Həmçinin, onun sərkərdəlik qabiliyyəti özünün və ətrafında olan insanların məqsədini anlatmaq baxımından da çox əhəmiyyətlidir.

Şah İsmayılın sərkərdəlik qabiliyyətinin daha çox üzə çıxdığı döyüşlərdən biri 2 dekabr 1510-cu ildə Mərv yaxınlığında Səfəvi dövlətinin Şeybani xanlığı üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüşdür. Şah İsmayıl bu döyüşdə də çox böyük bacarıq, qabiliyyət nümayiş etdirərək sayca özündən çox olan rəqibinə məharətlə qalib gələ bilib.

O, ümumiyyətlə, apardığı döyüşlər içərisində yalnız Çaldıran döyüşündə məğlub olub. Bundan sonra Şah İsmayıl dövlətin daxilində idarəetmə, quruculuq işləri ilə məşğul olub. Ona görə də əlbəttə, bəziləri onun fəaliyyətində müəyyən səhv axtarmağa çalışırlar. Şah İsmayıl həyatının sonlarında bildirib ki, siz mənim nöqsanlarımı axtarmayın, səhvlərimi təkrar etməyin, sizə üç böyük əmanət qoyuram, bunlar da dil, din və Vətəndir. Şah İsmayıl bu vəsiyyətlə nəyin uğrunda mübarizə apardığını, bizlərə nəyi miras qoyub getdiyini də açıq şəkildə göstərib.

– Boran müəllim, Şah İsmayılın qurduğu dövlətin indiki dillə desək, xarici siyasəti, diplomatik və beynəlxalq əlaqələri necə idi?

– Şah İsmayılın xarici siyasəti açıq dənizlərə çıxmaqdan ibarət idi. Bəziləri Səfəvi dövlətinin xarici siyasətində Osmanlı dövləti ilə müharibələri və sairi qabardaraq bunu qızılbaşlıq və ya digər təriqətlə, məsələn, sünni və şiə təriqətləri ilə izah etməyə çalışırlar. Bu, doğru yanaşma deyil. Əslində Osmanlı dövləti ilə münasibətlərində ziddiyyətlərin yaranması ilk növbədə Avropa ölkələri ilə açıq dənizlər vasitəsilə əlaqənin demək olar ki, kəsilməsi ilə bilavasitə bağlı idi. Şah İsmayıl Avropa ölkələri ilə əlaqəni də məhz bu səbəbdən yaratmağa çalışırdı ki, birbaşa açıq dənizlərə çıxış əldə etsin. Çünki əvvəlki illərə, məsələn Ağqoyunlu dövlətinin xüsusilə hakimiyyətinin ilk illərində Avropa ölkələri ilə əlaqələrə baxsaq görərik ki, o dövrdə Avropada kapitalın ilkin yığımı deyilən bir proses gedirdi. Ona görə də orada meydana gələn manufakturalar əsas etibarilə Şərqdən, o cümlədən Azərbaycandan aparılan ipək vasitəsilə təchiz olunurdu. Həmçinin, Çinə, Hindistana gedən ticarət yolunun ikisi də Azərbaycan ərazisindən keçirdi. Bu cəhətdən Azərbaycan dünya ticarətində əhəmiyyətli rol oynayırdı. Lakin sonrakı illərdə bu, aradan qalxmışdı və Azərbaycanın tədricən dünya ticarətindən kənarda qalması, açıq dənizlərə çıxışının qapanması onun iqtisadi vəziyyətinə təsir göstərmişdi. Ona görə də həmin dövrlərdə Şərqdə Səfəvi dövlətinin xarici siyasətinin Avropa ölkələri ilə yaxınlaşması başlıca olaraq bununla bağlı idi. Təbii ki, Şah İsmayıl həmin dövrdə Osmanlı dövləti ilə müharibəni də bu səbəbdən aparmışdı. Ona görə də bu ziddiyyətlərdə hansısa dini və digər motivlər axtarılması doğru deyil və bu istiqamətdə son illərdə Azərbaycanda çox əhəmiyyətli tədqiqatlar aparılıb. Bu tədqiqatlar da göstərir ki, Avropa, o cümlədən Osmanlı dövləti ilə münasibətlər və bu münasibətlərdəki ziddiyyətlər, qarşıdurmalar, müharibələr və sair məhz ticarət yolları üzərindəki ağalığı, üstünlüyü ələ keçirmək səbəbindən baş verib.

– Çaldıran döyüşünün baş verməsi və nəticələri ilə bağlı başqa nələri qeyd etmək olar?

– Şah İsmayılla Sultan Səlim arasındakı münasibətlərin müharibə həddinə gəlməsi və Çaldıran döyüşünün baş verməsi, əlbəttə, hamıda təəssüf doğurur. Hamı istərdi ki, onlar aralarındakı bu ziddiyyyəti danışıqlar yolu ilə həll edib, sonra öz qüvvələrini onların hər ikisini ayıraraq təklikdə məğlub etməyə çalışan ölkələrə qarşı birləşdirmiş olardılar. Bu cəhətdən də əlbəttə, Çaldıran döyüşünün baş verməsi təəssüf doğurur. Açığı, mən bu iki böyük türk sərkərdəsinin, dövlət adamının qarşı qarşıya qoyulması, birinin pislənməsi, digərinin təriflənməsini də doğru hesab etmirəm. Sultan Səlim də Osmanlı dövlətinin xilafətə çevrilməsi, xüsusilə Suriya, Fələstin və sair kimi torpaqları ələ keçirdikdən sonra bütövlükdə xilafətin mərkəzinə çevrilməsi kimi çox böyük addım atıb. Ona görə də Çaldıran döyüşü həm də islamın birləşdirilməsi, güclü islam birliyinin yaradılması yolunda təəssüf edirik ki, müəyyən ziddiyyətlər və qarşıdurmalar yaratdı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər