6 İyul 2022 12:09
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Bu reallıq sülhü, əməkdaşlığı təşviq edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Artıq bölgədə sülhə başlıca əngəl yaradacaq heç bir təhlükə qalmayıb. Məhz bu mənada Azərbaycan Ermənistanla müharibə səhifəsini çevirməyə, yeni bir müstəvidə münasibətləri bərpa edərək, regionda sülhə, əməkdaşlığa töhfə verməyə çalışır. Bu məqsədlə ölkəmiz tərəfindən Ermənistana beynəlxalq hüququ özündə ehtiva edən 5 maddədən ibarət təklif göndərilib. Bu təklif Ermənistan rəhbərliyi tərəfindən də müsbət qarşılanıb. Amma hələ də Ermənistan tərəfi sülh müstəvisində konkret addımlar atmaqda maraqlı görünmür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycanın post-münaqişə reallıqları ilə bağlı bütün təklifləri beynəlxalq birlik tərəfindən də dəstəklənir:

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngində də bu məsələ açıq şəkildə ifadə edilib. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün səylər göstərir. Bu mənada Brüssel formatı çərçivəsində keçirilən görüşləri, verilən mühüm qərarları xüsusi ilə qeyd etmək olar. Sözsüz ki, hər zaman olduğu kimi Azərbaycan öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret addımlar atır, real işlər görür. Regionun davamlı inkişafına xidmət edəcək sülh gündəliyinin də müəllifi məhz ölkəmizdir. Rəsmi Bakının sülh sazişi üçün irəli sürdüyü 5 baza prinsipi üzrə aparılan danışıqların əsas mahiyyəti ortadadır”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin ABŞ-ın müstəqillik günü münasibətilə amerikalı həmkarı Cozef Baydenə göndərdiyi təbrik məktubunun əhəmiyyəti olduqca böyükdür:

“Məktubda Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin təminatı üçün atılan addımlardan bəhs edilib. ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, kommunikasiyaların açılmasında, sülh prosesinin irəliləməsində rolunun önəmi vurğulanıb. Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində ABŞ-ın mühüm rol oynayacağı söylənilib. C.Baydenə göndərilən məktubda həmçinin həllini gözləyən humanitar məsələlər də qeyd edilib. Bununla yanaşı Azərbaycanın azad edilmiş ərazilərdə üzləşdiyi mina problemi diqqətə çatdırılıb. Eyni zamanda itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi məsələsində ABŞ-ın səylərini daha da artıracağına əminlik ifadə olunub”.


Müəllif: Tapdıq Qurbanlı