13 İyul 2022 22:09
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəlişi Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişaf və intibah yoluna qədəm qoydu. O dövrdə istər sosial-iqtisadi, mənəvi-psixoloji tənəzzül yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər bir sahədə dirçəldi, eləcə də mənəvi-psixoloji mühit sağlamlaşdı, milli şüurda oyanış baş verdi. Bununla da Azərbaycanın müstəqilliyinin gerçək təməlləri atıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dahi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub:

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Məhz azərbaycançılıq məfkurəsinin müəllifi kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu öndər Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb”.

Millət vəkili hesab edir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə Heydər Əliyev dövlətimiz üçün ən böyük xidmətlərindən bir oldu:

“O diqqətə çatdırıb ki, müstəqil dövlət quruculuğu prosesində ölkənin xarici siyasət kursu da əsas amillərdən biri idi. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndərimiz bütün fəaliyyəti boyu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atdı, qəbul olunan beynəlxalq sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını azad etməsində həmin sənədlər də hüquqi baza rolunu oynadı”.

Sevin Fətəliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib:

“Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində dövlətimiz parlaq qələbə qazanmaqla Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Artıq bütün dünya bu reallıqları qəbul edir. Qazanılan şanlı zəfər dövlətimizin qarşısında yeni üfüqlər, perspektivlər açır. Beləliklə, Azərbaycanı qarşıda da yeni – yeni zəfərlər gözləyir. Bu nailiyyətlərin əsasında isə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır”.


Müəllif: Tapdıq Qurbanlı