11 Avqust 2022 09:05
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin lideri Ərsin Tatarla görüşdü. Bu görüş və bundan sonra ikitərəfli münasibətlərdəki mümkün gəlişmələr haqda fikriniz necədir? Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?

- Əslində, belə bir görüşün baş tutması dünya birliyinə verilən mesajdır. Məncə, bu mesaj “Ərsin Tatarı beynəlxalq birliyin müstəqil subyektinin bir prezidenti kimi tanıdım” xarakterlidir. Bu, məsələnin çox önəmli tərəfidir. Çünki adətən, belə görüşlər başqa formalarda təqdim olunur. Ancaq bu görüş Azərbaycan prezidenti ilə digər bir dövlətin – Şimali Kiprin prezidenti arasında keçirilmiş görüş kimi təqdim edildi.

Qənaətimə görə, bu, əvvəlcədən düşünülərək atılan bir addımdır. Eyni zamanda, beynəlxalq birliyə artıq Şimali Kiprin tanınmasının zamanının gəldiyi mesajıdır.

Düşünürəm ki, bu, qardaş Şimali Kipr Cümhuriyyəti adına çox önəmli dəstəkdir. Bu, eyni zamanda, iki dövlət və iki türk toplumu arasında gələcək perspektivə hesablanmış əməkdaşlığın artırılması mesajıdır. Artıq türk cümhuriyyətlərində ciddi toparlanma hiss olunur. Fikir verin ki, türk dövlətlərinin strukturları arasında müxtəlif səviyyələrdə intensiv görüşlər keçirilir.

Hədəf bəllidir və bu yöndə ciddi fəaliyyətin olduğu qənaətindəyəm. Bu fəaliyyətin önündə də iki qardaş dövlət – Türkiyə və Azərbaycan gedir.

- Prezident Əliyevin Türkiyəyə səfəri və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü bir sıra ölkələrdən Azərbaycana təhdid və hədələrin gəldiyi bir dönəmə təsadüf etdi. Məsələni bu baxımdan dəyərləndirsək, Türkiyə və Azərbaycan bu kimi təhlükəli çağırışlara hansı formada reaksiya verə bilər? Son gəlişmələr Türkiyənin Azərbaycandakı rolu və yerini daha da gücləndirə bilərmi?

- Əvvəla, bu səfər Konyada keçirilən İslam Oyunları idman yarışına dövlət başçısı səviyyəsində dəstək məqsədilə edilmişdisə, düşünürəm ki, bunun bir də ciddi siyasi səbəbi var. Məlumdur ki, Türkiyə Prezidenti Ərdoğan bir neçə gün əvvəl Rusiyada olmuşdu. Bəzi ekspertlərin fikirlərinin əksinə olaraq, Qarabağ məsələsinin Rusiya və Türkiyə liderləri arasında ciddi müzakirə predmeti olduğunu düşünürəm. Çünki gündəmin əsas məsələlərindən biri də Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə keçirdi “Qisas” əməliyyatıdır.

Əlbəttə, bunun ciddi hərbi-siyasi nəticələri olmalı idi. Çünki bu əməliyyat Soçi görüşündən əvvəl keçirilmişdi. Hesab edirəm ki, bu, Azərbaycan və qardaş Türkiyənin danışıqlarda mövqeyini gücləndirən amildir. Bu səbəbdən də bu əməliyyatın siyasi və hərbi nəticələri barədə Türkiyə və Azərbaycan liderləri arasında müzakirə və məlumat mübadiləsi olmalıydı. Məncə, Azərbaycan prezidentinin Türkiyə səfərində məqsəddən biri də budur.

Səfərdən sonra qalan məsələlərin həlli istiqamətində müsbət addımların atılacağını gözləmək olar. Qənaətimə görə, bütün reallıqlar Putinlə görüşündə Ədoğan tərəfindən ortaya qoyulub. Rusiyanın bundan sonra doğru seçim edəcəyi ehtimalı böyükdür. Çünki bunun alternativi Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı çıxması anlamına gəlir ki, bu da geosiyasi mövqelərinin zəiflədiyi indiki məqamda Rusiyaya qazanc gətirməyəcək.

- Bəs bu yeni gəlişmə Qarabağla bağlı qalan məsələlərin həlli prosesinə necə təsir göstərə bilər?

- Ermənistan və separatçıların qanunsuz hərbi birləşmələrinin Qarabağdakı varlığına son qoyulmaq üzrədir. Baxmayaraq ki, bəyan olunmayıb, amma artıq bu yöndə siyasi anlaşmanın olduğu qənaətindəyəm. Adətən, belə məsələlər bağlı qapılar arxasında razılaşdırılır və bunların gələcəkdə nəticələri bəlli olur.

Zənnimcə, bu anlaşma çərçivəsində yaxın gələcəkdə Qarabağdakı qanunsuz silahlı birləşmələr məsələsi arxivə qarışacaq və gündəmə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində olan mövzular gələcək. Yəni Qarabağ məsələsi Azərbaycanın xeyrinə tam həll ediləcək.

Hesab edirəm ki, Ermənistanın və separatçı rejimin qanunsuz birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla yetinmək lazım deyil. Separatçı rejimin Qarabağdakı varlığına tamamilə son qoyulmasının vaxtı çatıb. Bundan sonra ermənilərin kompakt yaşadığı bu ərazilərin Azərbaycanın əsas hissəsinə inteqrasiyası prosesinə rəvac verilməlidir. Bunun üçün istər geosiyasi, istərsə də beynəlxalq hüquq baxımından imkan var. Üstəgəl, Azərbaycan və qardaş Türkiyənin mövqeləri çox güclüdür. Bu nöqteyi-nəzərdən, separatçı rejimin ləğvi və ermənilərin yaşadıqları Xankəndi və ətraf ərazilərin ana Azərbaycana inteqrasiyasının zamanı çatıb. Ermənilərin qanunsuz hərbi birləşmələrinə verilən vaxt bitib.

- Rusiya sülhməramlılarının Ermənistandan olan jurnalist və siyasətçiləri Qarabağa buraxmaması da ermənilərin ölkəsində müzakirə mövzusudur. İndiyədək bu məsələyə etinasız münasibət sərgiləyən rus sülhməramlıları niyə birdən-birə belə bir qərara gəldi?

- Burada iki məsələ var. Birincisi, Azərbaycanın qətiyyətli siyasi iradəsidir. Bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi və sülhməramlıların komandanlığına xəbərdarlıq edilmişdi. Azərbaycanın bununla bağlı zarafat etmədiyi ciddi şəkildə ortadadır. Ən azı son “Qisas” əməliyyatı bunu göstərdi. “Qisas” əməliyyatı məhz sülhməramlıların sabitliyi təmin etmək üçün məsul olduğu ərazilərdə keçirildi. Bu o deməkdir ki, müzakirə mövzusu Azərbaycanın təhlükəsizliyinin təmin edilməsidirsə, onun ordusunun qarşısını heç bir qüvvə ala bilməz. Ona görə də sülhməramlılar daha ehtiyatlı davranmaq məcburiyyətindədirlər.

İkinci məsələ Laçın dəhlizinə alternativ yolun hazır olması ilə bağlıdır. Artıq Rusiya sülhməramlıları öz dayaq məntəqələrini yeni yola köçürürlər. Bu o deməkdir ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən çıxmağa başlayıb. Çünki Azərbaycan zaman məhdudiyyəti məsələsini təkcə ermənilər yox, həm də ruslar qarşısında qoyub. Bu da hüquqi cəhətdən əsaslıdır. Bu məsələ 10 noyabr sənədində də aydın göstərilir.

Üçüncü bir məsələ də var, bu da Ermənistanın siyasi rəhbərliyinin iradəsi ilə bağlıdır. Görünür ki, bu yöndə rus sülhməramlılarına konkret siyahı və xəbərdarlıq gəlib ki, bu insanlar Qarabağa buraxılmasın. Bu gün Qarabağda hansısa təxribatın böyük zərbəsi təkcə oradakı separatçılara yox, Ermənistandakı Paşinyan hökumətinə də dəyəcək, dəyir. Buna görə də, indiki məqamda belə təxribatlar Paşinyan hökumətinin maraqlarına uyğun olmadığı üçün sülhməramlılara belə bir siyahı verilib və xəbərdarlıq edilib. Buna görə də rus hərbçiləri Qarabağda təxribat törədə biləcək insanları artıq Azərbaycanın bu ərazilərinə buraxmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər