16 Avqust 2022 16:40
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünya bazarında taxılın qiymətinin artması və taxıl qıtlığı müşahidə edilir. Bu, bir sıra amillərlə bağlıdır. Son zamanlar baş verən qlobal quraqlıq, bəzi bölgələrdəki hərbi, siyasi qarşıdurmalar dünya bazarında buğdanın qiymətinin artmasına səbəb olub. Eyni zamanda buğda ixracı ilə daha çox ad qazanmış ölkələr də hazırkı mərhələdə bazara daha az məhsul təqdim etməklə ehtiyatlı davranmağa çalışırlar. Bu da öz tələbatını idxal üzərində formalaşdıran ölkələrdə avtomatik qiymət artımına gətirib çıxaran amillərdən hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, hazırkı mərhələdə dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstanın xaricə satışa limit qoyması əlavə problemlər yaradıb: “Rusiya-Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracına yaranan problemlər dünya üçün əlavə təhdidlər formalaşdırıb. Paralel olaraq artıq bir neçə ildir ki, dünyada görünməmiş quraqlıq taxıl əkinlərinə əhəmiyyətli dərəcədə təsir göstərib. Tələb-təklif amili üzərində formalaşan bazarda isə qiymətin stabil saxlanılması qeyri-mümkün olub.

Belə olan halda qlobal ərzaq böhranı və taxıla olan tələbatın qarşılanması üçün yeni imkanlar və yollar nəzərdə keçirilir”.

Deputat hesab edir ki, taxıl qiymətini dünya bazarının müəyyənləşdirməsi əlavə qiymət artımını qaçılmaz edir: “Azərbaycan da taxılı idxal edən ölkələr sırasındadır. Bu mənada unun qiymətinin dünya bazarında formalaşan yeni reallığa uyğunlaşması da mümkündür. Bu günə qədər dövlət subsidiyalar hesabına bunun qarşısını alıb. Amma Rusiya-Ukrayna müharibənin uzanması gec-tez qiymətə öz mənfi təsirini göstərəcək”.


Müəllif: Tapdıq Qurbanlı