19 Avqust 2022 19:27
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, "Qisas" əməliyyatı bir daha sübut etdi ki, Ermənistan üçtərəfli razılaşmaya heç də könüllü əməl etmək istəmir. Bunun səbəbləri hansı amillərlə izah edilə bilər? Erməni tərəfini bu məsələdə arxayın salan məqamlar nədən ibarətdir?

- Təbiidir ki, üçtərəfli bəyanatın bəndlərinin icrası Ermənistan əhalisinin beynində dərin kök salmış təfəkkürün qəliblərinə uyğun deyil. Ona görə də razılaşmanın hər bir bəndinin icrası onlara ağır gəlir. Bu öz növbəsində daxili narazılığa, ittihamlara, kimdir günahkar? - kimi sualların ortaya çıxmasına səbəb olur. Ona görə də Ermənistan hakimiyyəti çalışır ki, bu maddələri icra etməsin. Əslində Rusiya tərəfi də bu mövqeyi “müsbət” qarşılayır. Rusiya bunu üzdə olmasa da, arxada dəstəkləyir. Amma hadisələrin gedişi elə cərəyan edir ki, Rusiyanın özü də Ermənistanın himayəsindən geri çəkilməli olacaq. Ermənistan da bu maddələri icra etməlidir. Sadəcə olaraq Ermənistan hakimiyyəti bunu öz xoşu ilə etdikdə o saat qışqır-bağır düşür ki, “xainsiniz”. Ona görə də bu bəndlərin icrası üçün Ermənistanı mahmızlamaq lazımdır. Bu mahmızlama da Azərbaycan Ordusunun əlindədir. Ermənistan tərəfindən bir iki nəfər öldükdən sonra onlar deyirlər ki, bunu məcbur etməliyik, çünki gücümüz yoxdur. Ona görə də bunun izahı çox sadə bir məntiqə əsaslanır.

- Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndinin təhvil verilməsi məsələsi qalır. Bu prosesin icrasının da Azərbaycanın növbəti zərbələri ilə yekunlaşacağı ehtimalı varmı?

- Bunu heç kəs deyə bilməz. Bu yalnız rasional gediş, yaranacaq şərait və hakimiyyətlərin iradəsindən asılıdır. Onlar asan qərar verib prosesin dinc yolla həlinə nail ola bilərlər.

- Son baş verən gərginliklər fonunda Azərbaycan-Ermənistan arasında mümkün sülhün bir qədər də uzaqlaşdığını söyləmək olarmı?

- Ümumi sülhə doğru irəliləmələr mövcuddur. Biz istərdik ki, bu daha sürətlə baş versin. Amma bu çox çətindir. Çünki erməni tərəfinin təfəkküründə güclü "əsatirlər” hələ də qalır. Məhz bu amillər imkan vermir ki, qısa zamanda sülhə nail olmaq mümkün olsun. Eyni zamanda bu yanlış əsatirləri dəf etmək üçün hansısa bir fövqəladə hadisə baş verməlidir.

- İrəvandakı son partlayışlar bir zaman Ermənistan parlamentindəki terror hadisələri fonunda qarşı tərəfin sülhdən uzaqlaşması və danışıqları uzatması üçün bəhanə olması ehtimalı yarada bilərmi?

- Hansısa bir fövqəladə hadisə və zorakılıq ola bilər. Amma bu o demək deyil ki, Ermənistan üçtərəfli bəyanatın icrasından boyun qaçıra biləcək. Bu mümkün deyil. Ermənistan bundan boyun qaçıra bilməyəcək.

- Zəngəzur dəhlizi və yeni Laçın yolu arasında paralellik məsələsi gündəmə gəlir. Bu yanaşmaları necə şərh etmək olar?

- Prezident İlham Əliyev də bu məsələni gündəmə gitirib. Bu oxşarlıq, eynilik qabardılıb. Laçın yolu ilə Zəngəzur dəhlizi arasında status baxımından oxşarlıq olmalıdır. Buna nail olmaq məsələsi hələ qalır. Amm fakt odur ki, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunları nəzarət edir. Ermənistanın isə burada hansısa bir xidmət strukturu yaradacağı isə hələ ki, bəlli deyil.


Müəllif: Tapdıq Qurbanlı