Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ötən həftəsonu Brüsseldə bir araya gəldi. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın iştirakı ilə baş tutan görüşdə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı yaxşı və əsaslı müzakirələrin olduğu bildirildi. Gözləntiləri necə şərh etmək olar?
- Hər bir belə görüş xeyirlidir. Çünki Azərbaycan konkret açıq, beynəlxalq qanuna və üçtərəfli razılaşmaya uyğun öz davranışlarını tənzimləyir. Bu baxımdan iki tərəf arasında bu cür təmaslar faydalıdır. Azərbaycan tərəfi hər zaman vurğulayıb ki, Avropa Birliyinin iştirakı ilə baş tutan belə görüşlərin yalnız xeyri var. Azərbaycan bu görüşlərdən heç vaxt imtina etməyib. Ölkəmiz əksinə olaraq bu cür görüşlərdə konstruktiv təkliflərlə çıxış edib. Bu görüşdən sonra daha yüksək səviyyədə dialoqun aparılması ola bilər. Dövlət rəhbərləri səviyyəsində də belə görüşlərin baş tutması mümkündür. Yaddan çıxarmaq lazım deyil ki, noyabr-dekabr aylarında Şərq Tərəfdaşlığı çərçivəsində növbəti toplantı keçiriləcək. Brüsseldə bu və ya başqa bir formatda görüşün olması da mümkündür. Ümumiyyətlə isə hər bir halda bu cür görüşlərin keçirilməsi müsbət qiymətləndirilir. Nəticələri də müsbət xarakterizə etmək olur.
- Azərbaycanın sülh gündəliyi ilə bağlı mövqeyi ortadadır. Sülhü müdafiə etmək üçün ölkəmizin mövqeyinə olan reaksiyaları necə qiymətləndirirsiniz?
- Azərbaycan özünün sülh davranışını bütün dünyaya nümayiş etdirir. Sadəcə olaraq sülh haqqında danışılmır. Azərbaycan öz növbəsində sülhü müdafiə etmək iqtidarındadır. Bu yaxınlarda erməni təxribatına cavab olaraq Azərbaycanın keçirdiyi Qisas əməliyyatı göstərir ki, ölkəmiz yalnız və yalnız sülhdən danışır, dövlətimiz sülh istəyir. Azərbaycanın bununla bağlı konkret proqramı var. Bu sülh proqramını, atılan addımları müdafiə etmək, qorumaq və israrla tələb etmək iqtidarı da Azərbaycana məxsusdur. Bu, çox vacib bir məsələdir. Ona görə də, məhz Qisas əməliyyatının nəticəsi kimi bu görüşləri müsbət qiymətləndirmək olar.
- Rusiya tərəfinin də Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü təşkil edəcəyi ilə bağlı informasiya yayılıb. Brüsseldə əsas diqqətin Laçın şəhəri və ətraf kəndlərinin boşaldılması ilə bağlı Ermənistanın götürdüyü öhdəliyin yerinə yetirməsini sürətləndirmək məsələləri ola biləcəyi ehtimalları gündəmdədir. Moskva görüşündə Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlı hansısa bir sənədlərin imzalanması gözləniləndir?
- Bu görüşün də əhəmiyyəti olduqca böyükdür. Burada Zəngəzur dəhlizi ilə bağlı məsələlər gündəmdə ola bilər. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması artıq realığa çevrilir. Bundan başqa bir seçim də yoxdur. Zəngəzur dəhlizinin artıq hamı üçün xeyri və faydası göz önündədir. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə açıq şəkildə bəyanat verib. Ölkəmiz üçün bu çox vacib olan bir məsələdir. Biz Naxçıvana olan blokadanı yarıb gedə bilirik. Eyni zamanda qardaş Türkiyə ilə birbaşa əlaqələr yaratmaq mümkün olur. Ermənistan üçün də bu həddindən artıq vacib bir məsələdir. Bu ölkə Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyə və Rusiya ilə birbaşa əlaqə qurmaq imkanı əldə edir. Bu qardaş Türkiyə üçün də olduqca mühüm əhəmiyyətə malikdir. Sözsüz ki, bu dəhliz Rusiyaya hava-su kimi lazımdır. Bu dəhlizin açılması, kommunikasiyaların yaradılması dünya üçün də vacibdir.
- Azərbaycan-Rusiya-Ermənistan və Avropa Birliyinin Zəngəzur dəhlizinin açılması istiqamətində ümumi mövqeyi nə dərəcədə yaxın hesab edilir?
- İmzalanan sənəd üçtərəfli mahiyyətə malikdir. Ona görə də, razılaşmanın bəndlərinin icrasını reallaşdırıb buna imza atan tərəflərdən birini kənarda qoymaq heç də düzgün deyil. Azərbaycan da öz növbəsində bu formatda işlərini yüksək səviyyədə qurmağa çalışır. Azərbaycan-Ermənistan-Rusiya və Azərbaycan-Ermənistan-Avropa Birliyi ilə əlaqələrinin bir-birinə ziddiyyət təşkil etmədiyini hər kəs görür. Əksinə bu əlaqələri bir-birinə konplimentar nöqteyi-nəzərdən köməklik və əlavə təkan kimi dəyərləndirmək olar.