27 Avqust 2022 13:09
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 gün davam edən və Şanlı Qələbə ilə bitən Vətən müharibəsi bu gün də siyasi, diplomatik müstəvidə davam edir. Azərbaycan ötən müddət ərzində addım-addım öz mühüm vəzifəsinə doğru irəliləyir. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində tədricən məqsədlərimizə nail oluruq. Və bu gün artıq Laçındayıq, Zabuxdayıq, Susdayıq! Böyük minnətdarlıq hissi ilə bütün şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə can sağlığı, müharibə iştirakçılarına, rəşadətli ordumuza təşəkkür edirik! Azərbaycan bundan sonra daha da inkişaf edəcək, xalqımız öz əzəli torpaqlarına qayıdacaq. Biz bu gün çox xoşbəxtik öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın əsrarəngiz diyarı olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz: “Tarixdə sübut edirik biz öz haqlı mübarizəmizi aparırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan tək, öz gücünə yerinə yetirdi. İqtisadi imkanlarımız artmadan buna nail olmaq çətin olardı. Güclü ordu, ərazilərin bərpası, 30 ilə yaxın məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarında firavan, təhlükəsiz yaşaması üçün iqtisadiyyatın inkişafı mühüm məsələ idi. Müharibənin bitməsindən keçən qısa müddətdə bu qədər yollar, körpülər, tunellər çəkilib. Sosial infrastruktur qurulub, kəndlər, şəhərlər salınır, tarixi-dini irsimiz yenidən bərpa edilir. Füzulidə istifadəyə verilən beynəlxalq hava limanı Zəngilanda yaxın zamanda istifadəyə veriləcək, Laçında hava limanının tikintisi ölkəmizin güclü iqtisadi potensialından, xalqımızın qurub-yaratmaq əzmindən xəbər verir”.

Millət vəkili hesab edir ki, Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatının müddəalarına uyğun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: “Eyni zamanda bu razılaşma ilə Ermənistan da öz üzərinə öhdəlik götürüb. Bu öhdəliklər də icar edilməlidir. Laçın şəhərindən yan keçməklə inşa edilən yeni yolun çəkilməsi də üçtərəfli Bəyanatda öz əksini tapıb. Bu yolun çəkilib qısa zamanda istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması təmin edilib. Erməni tərəfi bu razılaşmaya da əməl etmək niyyətində deyildi. Amma bütün bunlara baxmayaraq Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır. 1994-cü ildə həmin ərazilərdə qanunsuz məskunlaşma aparan Ermənistan növbəti müharibə cinayəti törədib. Bu beynəlxalq hüququn, Cenevrə Konvensiyalarının ciddi pozuntusu deməkdir. Çünki bu ərazilərə köçürülən erməni ailələri heç zaman Qarabağda, hətta Ermənistanda belə yaşamayıb. Onlar Suriyada, Livanda yaşayan ermənilərdir. Ona görə də qarşı tərəfin apardığı bu qanunsuz məskunlaşma siyasəti müharibə cinayət olmaqla bərabər Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Bununla bağlı müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır”.

Hicran Hüseynova keçdiyimiz yolun şərəfli, qələbələr, uğurlar yolu olduğunu söyləyib: “Biz həmişə qələbə yolu ilə gedəcəyik. Bütün Laçınlıları və Azərbaycan xalqını bir daha təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər