Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, türk dövlətləri arasında yeni əlaqələr formalaşır. Özbəkistanın ardınca Qazaxıstanla Azərbaycan arasında imzalanan strateji sənədlər var. Bölgədə Türkiyə faktorunun fonunda izlənən geostrateji siyasi xəttin əsas hədəflərini necə görürsünüz?
- Bu günə qədər ölkəmizin müstəqilliyi üçün olan təhdidlər kifayət qədər böyük idi. Amma gücləndikcə bu təhdidləri adlamaq olur. Biz yanvar ayında Qazaxıstanda baş verən hadisələr fonunda bunun nə dərəcədə vacib olduğunu gördük. Eyni zamanda 30 il öncə Azərbaycanın başına gələnlər eyni qaydada müstəqilliyin kövrəkliyini göstərdi. Amma indi müstəqillik potensialı güclənməyə başlayıb. Güclənməyə başlayanda isə hər kəs özünə bir köynək yaxın doğması ilə münasibət qurmağa çalışır. Qazaxıstanın bir sıra məsələlərdə olan davranışına, dirənişinə də diqqət yetirmək lazımdır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin cəsarətlə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, konkret olaraq Donbas və Luqanskla bağlı mövqe ortaya qoyması təbii ki, Rusiyada çoxlarının xoşuna gəlmədi. Amma mövqe əslində bir az da güvənli idi. Çünki artıq anladılar ki, müstəqilliyin qorunması üçün buradan o tərəfə yol yoxdur. Yəni bir yerdə dayanmalı və dirəniş göstərməlisən.
Eyni şeyi Azərbaycan Qarabağ müharibəsindən sonra etdi. Bu savaşdan sonrakı dövrdə Azərbaycanın siyasətdə əl-qolu açılmağa başladı. Bu, xarici siyasətdə özünü daha qabarıq göstərir. Çünki biz əvvəllər daha gileyçi mövqedən çıxış edirdik. “Bizə baxmırlar, ədalətsizlikdir” kimi mövqelər eşidilirdi. Amma indi ədalətin təhqiqatçısı özümüzük. Qazaxıstanla formalaşan əlaqələrdə olan bütün bu məsələlərin arxasında həm də Türkiyənin bölgədə güclənən imkanları faktoru durur. Bu faktor bizə imkan verir ki, bir-birimizlə daha rahat və uzunmüddətli münasibət quraq. Eyni proses Özbəkistanla həyata keçirildi. Bunun hamısı onu göstərir ki, gələcəyimiz birlikdə olmaqdan keçir və bunu da artıq dərk etməyən qalmayıb. Ola bilsin ki, bir-iki dövlətdən bu çağırışlara hələ də reaksiya yoxdur. Amma Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu reallığı dərk edib. Bu reallıq üzərində də artıq cəsur addımlar atmağa başlayıblar. Azərbaycan onsuz da bu addımı atırdı. Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq, müttəfiqlik səviyyəsində Şuşa Bəyannaməsinin imzalanması bu göstərdi. Amma indi bunun daha da genişlənməsi anlamlı bir prosesdir. Sözsüz ki, bu proses də yüksək səviyyədə yekunlaşacaq.
- Zəngəzur dəhlizi ətrafında gedən prosesdə biz Azərbaycan-Türkiyə və Rusiyanın rolunu daha qabarıq müşahidə edirik. Ermənistanın bu prosesdən kənarda saxlanması kimi görüntü izlənilir. İranın mövqeyi ilə bağlı dəyişiliklik gözlənilirmi?
- Yol çəkiləndə onun altında çoxlu həşəratlar qalır. Amma buna xüsusi bir cihazla baxan olmur. Hamı yolun üstünə baxır ki, oradan maşınlar necə gedir? İndi isə yolun altında qalan iki həşərat anlayışı çox qabarıq görünməyə başlayıb. Amma yolun üstündə olanlar məsələ ilə bağlı qərar verir. Biz artıq o qərarın reallaşması ərəfəsindəyik. Bu, qaçılmazdır. Çünki bunu etməmək Ermənistan üçün intihara bərəbər bir şeydir. Hətta İranın belə bu məsələdə ona dəstək verməsi elə bir əhəmiyyət kəsb etmir. Bir məsələyə münasibət bildirəndə ən azı ədalətli bir tərəfi düşünmək lazımdır. Məsələn, Rusiya Ukraynaya hücum edəndə ədalətli olduğunu göstərə bilmədi. Yəni dünya Rusiyadan ona görə üz çevirdi ki, o, ədalətli olmadı. Ən azı hər hansı bəhanə belə ədalətli olmalıdır. Hətta Krımın alınıb-verilməsinə hamı bir qədər laqeyd qarşılaya bildi. Bir balaca hüquqi baxımından əsaslandırılmış nələrsə ortaya qoymağa çalışdılar. Amma Donbas və Luqanska hücum keçmişlə, tarixli heç bir əsaslandırma olmadan atılan bir addım idi. Demək bu mərhələdən sonra ədalət anlayışı işləmədi. Təbii ki, Krım da Ukrayna ərazisidir. Amma Rusiya Krımla bağlı siyasi qərar və başqa məsələlərdə bir az manipuliyasiya edə bildi.
- Zəngəzur məsələsində hansı ədalətli mövqe ola bilər?
- Bu yolu açmaq istənilir. Amma kimlərsə deyir ki, “mənim yolumu heç kəs kəsə bilməz”. Sual vermək lazımdır ki, “sənin yolunu kim kəsir ki?”. İrana körpünün altından nə qədər istəyirsə, keçib getmək olar. Haradansa körpü çəkiləcəksə, onun altından sənə də yol veriləcək. Buradan keçib getmək olar. Ona görə də, həyasızcasına bir bəhanə gətirmək və gətirib orada hansısa bir konsulluq açmaq, nəyəsə maneə olmağa çalışmaq sadəcə gülüş doğurur. Ona görə də, biz bu prosesi bölgədə ciddi, gələcəyə daha ağıllı baxan dövlətlərə edirik. Kimlərsə, bura sonradan qoşulacaqsa, biz yenə də bunu alqışlayacayıq. Ermənistanın özü belə burada xoş iradə göstərəcəksə, ona da deyiləcək ki, “çox doğru qərar verdiniz”. İran da bu addımı atacaqsa, o da alqışlanacaq. Amma onlar bu addımı atmayacaqlarsa, onlara görə biz prosesi dayandıra bilmərik. Bu proses irəliləməlidir. Bunun da nəticələri yaxınlarda özünü göstərəcək. Ermənistan da planı təqdim edəcək və bunun əsasında da gedəcək. Çünki Azərbaycan artıq Laçına nəzarəti tam ələ alıb. Bundan sonra isə Ermənistana yerinə yetirmədiyi öhdəliklərə görə təzyiq imkanları da ikiqat artmağa başlayacaq. Bundan da ağıllı şəkildə istifadə olunacaq.
- Laçın şəhəri, Zabux və Sus artıq Azərbaycanın tam nəzarətinə keçib. Bundan sonrakı dönəm üçün hansı strategiyanı izləməli olacağıq?
- Önəmli olan odur ki, müharibəsiz biz bu əraziləri geri qaytara bildik. Bir əsgərimiz şəhid oldu, onun qisası alındı və biz hədəfimizə çatdıq. Burada söhbət Azərbaycanın imza atdığı sənədə istinad edərək, tələblərimizi yerinə yetirməyə qadir iradəmizdən gedir. Bu, hər dövlətə nəsib olmur. Bu sənədin həyata keçirilməsi üçün onun arxasında güc olmalıdır. Düşmən də bilməlidir ki, bu güc hər an tətbiq edilə bilər. Necə ki, qisas əməliyyatında bu tətbiq edildi. Əgər bizə hansısa bir yolda problem yaratmaq istəyirlərsə, o yolu da tam nəzarətimizdə saxlayacağıq. Zəngəzura hansı status veriləcəksə, Laçındakı yola da o status veriləcək. Əgər onlar Zəngəzura dəhliz deməyəcəklərsə, biz də Laçına dəhliz deməyəcəyik. Bunu da adi bir yol kimi nəzarətimizdə saxlayacağıq. Yəni hər şey qarşılıqlı olacaq. Ona görə də, burada narahatlıq üçün heç bir əsas yoxdur.