31 Avqust 2022 19:58
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci il razılaşmasından sonra Azərbaycan addım-addım öz hədəflərinə doğru irəliləyir. 27 sentyabr 2020-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsini əsas tutaraq Ermənistanın təxribatlarına cavab olaraq əsk hücum əməliyyatına başladı və özünün beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. 30 illik erməni işğalına son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan öz gücünə beynəlxalq hüququ təmin etdi. Son Qisas əməliyyatı da məhz Azərbaycanın 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmanın müddəalarının təminatına yönəlmişdi. Bu əməliyyat da Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni silahlılarının təxribatına cavab olaraq başlamışdı. Güclü Azərbaycan Ordusu cəmi bir neçə saatda erməni təxribatına sarsıdıcı zərbə vurmaqla Vətən Müharibəsindən sonra da Silahlı Qüvvələrimizin hər an suverenliyimizi, və ərazi bütövlüyümüzü, təhlükəsizliyi təmin etməyə hazır olduğunu nümayiş etdirdi. Üçtərəfli razılaşmada öz əksini tapan Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə verilməsi prosesi uğurla başa çatdı. Artıq Brüsseldə 4-cü dəfədir ki, baş tutan görüşə də Azərbaycan tam yeni bir reallıqda qatıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin Ordumuzun tərəfindən nəzarətə götürülməsi ölkəmizin növbəti qələbəsi idi: “Bu Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, prinsipiallığının və qətiyyətinin sübutudur. Sülh və sabitliyin tərəfdarı olan Azərbaycan növbəti dəfə beynəlxalq hüququ və ədaləti təkbaşına bərpa etdiyini nümayiş etdirdi. Proseslərin gedişi bir daha sübut etdi ki, Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdləri əhəmiyyətsizdir. Reallıq odur ki, indi şərtləri diqtə edən tərəf qalib Azərbaycandır. Ona görə də, İrəvan sadəcə olaraq mövcud reallıqları qəbul etməli, üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Ermənistan üçün çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh müqaviləsinə imza atıb, onun üçün yaradılan şansdan istifadə etməsidir. Eyni zamanda bu ölkə qardaş Türkiyə ilə də münasibətləri qısa zamanda bərpa etməklə bundan sonrakı mövcudluğu üçün imkan qazanmalıdır”.

Millət vəkili II Qarabağ müharibəsindən sonra regionda və qlobal müstəvidə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etdiyini söyləyib: “Azərbaycana hər zaman açıq və birmənalı qardaş dəstəyini ifadə edən Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannamsəi türk xalqları və dövlətləri arasında da yeni zərurət formalaşdırıb. Biz bu gün Avrasiya məkanındakı geosiyasi proseslərdə Azərbaycanın daha ciddi mövqedə çıxış etməsinə şahidlik edirik. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi, geoiqtisadi əməkdşalıq formatı yaranıb. Məhz bu baxımdan Mərkəzi Asiya ölkələrinin Azərbaycanla sıx əməkdaşlıq qurmaq istəklərini açıq müşahidə etmək olar. Bu mənada Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Bakıya səfərinə Azərbaycanın formalaşdırdığı yeni siyasi, iqtisadi reallıqlar kontekstindən yanaşmaq lazımdır. Mərkəzi Asiya ölkələri ilə üçtərəfli münasibətlərdə yeni bir dönəm başlayıb. Eyni zamanda Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatında olan əlaqələrin yeni prizmada hədəfləri olduqca diqqət çəkəndir. Qazaxıstan prezidentinin Bakıya səfəri zamanı imzalanan sənədlər isə münasibətlərdə yeni bir situasiyanın formalaşmasına zəmin formalaşdırır. Əsas diqqət isə sözsüz ki, Avrasiya məkanında yaranmış duruma uyğun olaraq nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafıdır. Azərbaycanla Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığı inkişaf etdirmək genişləndirmək üçün böyük potensial və zəruri infrastruktur mövcuddur. Bu amil Azərbaycan-Qazaxıstanın və region ölkələrinin əməkdaşlığına, Orta Dəhlizin effektivliyinə mühüm töhfə olacaq. Təbii ki, hazırda Azərbaycanın qarşısında duran hədəf Zəngəzur dəhlizinin reallaşmasıdır. Bu dəhlizin reallığa çevrilməsi ilə Cənubi Qafqazda yeni bir eranın başlanğıcı üçün mühüm imkan yaranır. Nəticə etibarı ilə Türk dünyası ilə inteqrasiya prosesi dərinləşir və əlaqələr daha intensiv xarakter alır”.

Eldar Quliyev son zamanlar ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək üçün bəzi dövlətlər tərəfindən atılan addımların da mahiyyətinə toxunub: “Bu yaxınlarda ABŞ dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməsi və ona “Qarabağ məsələləri” ilə bağlı status verməsi heç bir məntiqə uyğun gəlmir. Çünki artıq Qarabağ münaqişəsi adında bir problem yoxdur. Bu problemin həlli üçün formalaşdırılmış ATƏT-in Minsk Qrupu isə 30 ilə səmərəsiz fəaliyyət göstərib. Minsk Qrupunun faəliyyətsizliyi nəticəsində 30 ilə yaxın dövrdə Azərbaycanın bir qarış torpağı azad edilməyib. Ona görə də, II Qarabağ müharibəsindən sonra Minsk Qrupunun taleyi ilə bağlı Azərnaycan Prezidenti açıq ünvan göstərib. Bu qrum artıq Azərbaycan üçün ölü bir təşkilatdır. Yenidən kimlərinsə bu təşkilatı reanimasiya etmək cəhdləri də uğursuluğa məhkumdur. Hazırda isə Azərbaycanla Ermənistan arasında Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə effektiv danışıqlar, müzakirələr aparılır. Brüssel də baş tutan görüş də məhz iki dövlət arasında sülhə nail olmaq üçün atılan növbəti addımlardan hesab edilir. Azərbaycan sülhə hazır olduğunu və Ermənistana bu müstəvidə 5 bənddən ibarət sülh təklifini göndərib. Ermənistan da öz növbəsində bu təkliflərə müsbət yanaşıb. Sadəcə olaraq indiki məqamda tələb olunan prinsip Ermənistan rəhbərliyinin siyasi mövqeyidir. Çünki Brüssel və Moskvada əldə edilmiş razılaşmalardan sonra biz İrəvanda Ermənistan rəhbərliyindən fərqli mövqelər görürük. Ona görə də, Ermənistanın siyasi rəhbərliyi regionda daimi sülhə və sabitliyə, öz ölkəsinin gələcəyinə təminat yaratmaq üçün qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalamaldır. Cənubi Qafqazda yaranacaq yeni şərait inkişaf və canlanma məhz Azərbaycanla Ermənistan arasında formalaşacaq sülhdən asılıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər