Brüsseldə Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşün nəticələri yüksək qiymətləndirilir. Görüş tərəflər arasında sülh prosesi üçün mühüm irəliləyişdir. Aİ Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata bəyanatında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiq edir. Vurğulanıb ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırığı verilib. Noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi isə Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Ermənistan xeyli vaxtdır qeyri-konstruktivlik nümayiş etdirsə də, Azərbaycan Prezidentinin barışmaz və qətiyyətli mövqeyi ilə danışıqlar uğurla gedir: “Ermənistan son iki il ərzində vaxt qazanmağa çalışıb, nəyəsə nail olmağa cəhd edib. Amma hər dəfə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında duruş gətirə bilməyib. Bu dəfə də belə oldu. Ən önəmli məqamlardan biri də odur ki, sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət şərtlər əsasında imzalanacaq”.
Deputat danışıqlar zamanı Qarabağ, “status” və ya ATƏT-in Minsk qrupu ilə bağlı heç bir ifadə işlədilməməsinin əhəmiyyətindən bəhs edib:
“Bu bir daha onu göstərir ki, masada şərtləri Azərbaycan diqtə edir. Azərbaycan Prezidenti İlham Əliyev bu konteksdə konkret mövqeyini bildirib. Qarabağda yaşayan ermənilərin “status”undan söhbət gedə bilməz, Minsk qrupu adlı qurum artıq tarixdə qalıb. Bu, Azərbaycan liderinin yaratdığı yeni reallıqdır. Bu reallıqları bütün dünya qəbul edir və Azərbaycanın haqqlı mövqeyinə hörmətlə yanaşılır. Ermənistan da artıq yeni reallıqları anlamaq, həzm etmək məcburiyyətindədir. Çünki, başqa çıxış yolu yoxdur”.