Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Avropa İttifaqının aparıcı təmsilçilərindən olan İtaliya ilə Azərbaycan arasında münasibətlərdə yeni dönəmin başladığı müşahidə edilir. Azərbaycanın Avropada maraqlarının təminatı baxımından bu əlaqələrin effektivliyi haqqında nə demək olar?
- İtaliya-Azərbaycan münasibətləri böyük əziyyət tələb edən, mühüm səylərin nəticəsində mümkün ola bir məsələ kimi qiymətləndirilməlidir. Azərbaycan üçün Avropa Birliyinin içərisində ən aparıcı ölkələrdən olan İtaliya ilə strateji əməkdaşlıq səviyyəsində münasibətlər qurması yeni imkanlar açır. Bu, ölkəmiz və İtaliya üçün böyük dividentlər deməkdir. Çünki bu əlaqələr hər iki tərəfə böyük xeyir və müsbət nəticələr gətirən bir hal kimi qiymətləndirilməlidir. Azərbaycan öz torpaqlarını azad etdikəddən sonra bu əlaqələrin önəmi daha da yüksəlib. Tarixi Zəfərdən sonra Avropada bunu başqa cür təqdim etməyə çalışan qüvvələr də az deyildi. Ona görə də Azərbaycanla İtaliya arasında bu şəkildə əlaqələrin qurulması o qüvvələrə də açıq bir cavabdır. İtaliya vasitəsi ilə biz Avropa, dünya ictimaiyyətinə həqiqətləri çatdıra bildik. Prezidentin İtaliyadakı görüşündə də buna maraq olduqca böyük idi. Çünki illər boyu erməni lobbisi elə bir imic yaradıb ki, bunu darmadağın etmək üçün bu olduqca vacibdir. Eyni zamanda İtaliya-Azərbaycan əlaqələri iqtisadi sferada yüksələn xətlə inkişaf edir. İtaliya Avropa İttifaqında Azərbaycan üçün önəmli tərəfdaşdır. TAP, Tanap, BTC kimi iri həcmli layihələr xüsusi ilə Cənub Qaz dəhlizinin mövcudluğu olduqca vacibdir. Bu yaxınlarda Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı çox yüksək səviyyəli görüşlər keçirilib. Burada bir niyyət də ortaya qoyulub. Bu da Avropa çatdırılacaq qazın həcminin 20 milyard kub-metrə çatdırılmasıdır.
- Azərbaycan-İtaliya Universitetinin yaradılmasının ölkədə təhsilin inkişafına təsirini necə qiymətləndirirsiniz?
- İki ölkə arasında təhsil sahəsində əldə edilən əməkdaşlıq xüsusi ilə qeyd edilməlidir. Azərbaycan-İtaliya Universitetinin yaradılması 5 universitetlə birlikdə layihənin icrası tarixi bir hadisədir. Azərbaycan-İtaliya Universiteti iqtisadi əlaqələrin başqa bir müstəviyə yüksəlməsinə təkan verəcək. Bu əlaqələrin mədəniyyət, elm-təhsil və digər sahələrdə inkişafı deməkdir. Bu bizim üçün vacib olan amillərdəndir. Dünyada neftlə zəngin olan ölkələr çoxdur. Amma onların dəyərlərini qəbul etmək baxımından və bu istiqamətdə həyata keçirilən siyasəti dəstəkləmək bəlkə də neftin özündən də vacibdir. Bu baxımdan Avropa ilə əlaqələrdə dəyərlər və intellektual mübadilə olduqca önəmlidir. Məhz bu baxımdan da Azərbvaycan-İtaliya Universitetinin formalaşması ölkəmiz üçün böyük nailiyyət hesab edilir.
- Azərbaycanın Avropada mövcudluğu və təmsilçiliyinin güclənməsində əsas prioritetləri necə dəyərləndirmək olar?
- Azərbaycan bu gün Avropada özünün təmsilçiliyini genişləndirir. Bu yalnız müasir və göz oxşayan səfirliyimizin istifadəyə verilməsi ilə bağlı deyil. Bu əslində İtaliya vasitəsi ilə Azərbaycanın Avropadakı təmsilçiliyinin genişləndirilməsi deməkdir. Təbii ki, Azərbaycan digər ölkələrlə də əlaqələr qurur. Ölkəmizin Polşa ilə də əlaqələri yüksək səviyyədədir. Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında münasibətlər normal səviyyədədir.
- Avropada formalaşmaqda olan yeni geostrateji strukturda Azərbaycanın maraqlarının təminatı ilə bağlı gözləntiləri necə qiymətləndirirsiniz?
- Bu gün Avropada yeni bir geosiyasi struktur formalaşır. Yeni təhlükəsizlik arxitekturası məhz burada özünü daha qabarıq göstərir. Tarixən bu geostrateji arxitekturanın aparıcı qüvvələri Fransa və Almaniya idi. İndi formalaşacaq arxitekturanın içərisində Böyük Britaniya, Şərqi Avropa və Baltikyanı ölkələr də yer alır. İtaliyanın bu ənənəvi təhlükəsizlik arxitekturasındakı hədəfi bu ölkələrlə birlikdə olmasıdır. Bu baxımdan Azərbaycan Böyük Britaniya ilə əlaqələrini genişləndirir. Digər tərəfdən isə kontinental Avropanın içərisində İtaliya ilə əlaqələrin bu səviyyəyə qaldırılması Azərbaycan üçün həddindən artıq vacibdir. Görünən odur ki, Avropanın içərisində münasibətlər dəyişəcək. Bu dəyişən münasibətlərin içərisində İtaliyanın rolu artan dinamikada gedəcək. Cənubdan Italiyanın şimal-Qərbdən Böyük Britaniyanın rolunun artması gözlənilir. Hər iki ölkə ilə də Azərbaycanın münasibətlərinin olması yeni hədəflərdən xəbər verir. Bununla da Azərbaycanın kontinental Avropa qitəsində İtaliya vasitəsi ilə təmsilçiliyi genişlənir.