13 Sentyabr 2022 16:35
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın növbəti təxribatı göstərdi ki, onlar danışıqlarda, sülh müzakirələrində heç vaxt səmimi olmayıb. Ona görə də Ermənistanın bu addımı indiyə qədər aparmış olduğu danışıqlar prosesini imitasiya etmək xarakteri daşıyıb. Onların beyinlərini havadarları növbəti dəfə zəhərləyib. Havadarlıq edənlər Minsk qrupu, “status”la bağlı cəfəng fikirləri ortaya atmaqla Ermənistanı növbəti fəlakətə sürükləyib.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, tarixin arxivinə göndərilmiş məsələləri yenidən dirçəltmək istəyənlər var:

“Məhz bu dairələr Ermənistana hələ də müharibənin bitmədiyini, həll olunmalı “məsələlərin” olduğu ilə bağlı şirnikləndirici vədlər verir. Əslində isə bütün bunlar boş və mənasız məsələlərdir. Hər kəsə aydındır ki, ermənilər başqalarının sözü ilə oturub-durur və bu cür təxribatlara əl atır. Amma bütün bunlardan da həmişə özləri ziyan çəkirlər”.

Komitə sədri bildirib ki, Aprel, Tovuz döyüş döyüşləri, Goranboy və ən nəhayət 2020-ci ilin 27-i sentyabrında başlayan təxribatla Ermənistan layiq olduğu cavabı aldı:

“Amma Ermənistan tərəfi birdəflik anlamalıdır ki, onun-bunun sözü ilə oturub-durmağın axırı yoxdur. Bu ölkənin yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə dil tapmaqdan ibarətdir. Onlar həmçinin bəlkə də “qaytardılar” kimi absurd xülyalardan əl çəkməlidirlər. Çünki qarşı tərəfin bu hərəkətlərinin və ümidlərinin heç bir perspektivi yoxdur”.

Ziyafət Əsgərov hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cür hərəkətlərlə öz ölkələrinin gələcəyini şübhə altına alır:

“Eyni zamanda Ermənistan tərəfi bir daha sübut etdi ki, onlarla siyasi-diplomatik yollarla danışmağın heç bir mənası yoxdur. Görünür onlar Azərbaycanın Dəmir Yumruğunun zərbəsini seçib. Ona görə də bundan sonra ancaq onların anladığı dildə danışılacaq. Ermənistan özü üçün bundan başqa seçim yeri qoymur. İndiyə kimi Ermənistanla siyasi-diplomatik müstəvidə danışıqlar aparılırdısa, bundan sonra o da olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər