16 Sentyabr 2022 17:09
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 il Azərbaycan ərazilərini işğalda saxlayan, nəhayət Vətən müharibəsindəki tarixi qələbəmizlə bu torpaqlardan qovularaq kapituliyasiya aktına imza atan Ermənistan növbəti dəfə təxribatalara əl atır. Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara başlayan Ermənistan bu istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrini və o ərazilərdə tikinti, bərpa-quruculuq işlərini icra edən mülki şəxsləri, obyektləri hədəf alıb. Bu təxribat, hərbi və mülki obyektlərə Ermənistanın zərbə vurmaq məqsədi onun barbar xislətindən hələ də uzaqlaşmadığının növbəti təzühürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, müzəffər Azərbaycan Ordusu düşmənin bu təxribatına da layiqli cavab verib: "Qarşı tərəf yüzlərlə canlı qüvvə və hərbi texnika sarıdan itkilərə məruz qalıb. Bu təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Hərbi qulluqçularımızın şəhid olması bizim üçün çox ağrılı haldır. Sözsüz ki düşmənə vurulan sarsıdıcı zərbə sayəsində şəhidlərimizin qanı yerdə qalmayıb".

Sevinc Hüseynova qeyd edib ki, Ermənistan tərəfi 10 noyabr Bəyannaməsindən sonra növbəti dəfə təxribata əl atmaqla üzərinə götürdüyü öhədəliklərdən mümkün qədər boyun qaçırmağa çalışır: “Ermənistana təxribatları davam etdirəcəyi təqdirdə ən sərt şəkildə cavab veriləcəyi, Azərbaycanın "Dəmir yumruğu"nun yerində olduğu qarşı tərəfə xatırladılmışdı. Məhz avqust ayının əvvəllərində ermənilərin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusu tərəfindən “Qisas” əməliyyatının həyata keçirilməsi bunun bariz nümunəsidir. Amma görünən odur ki, Ermənistan tərəfi bundan da nəticə çıxara bilməyib”.

Millət vəkili hesab edir ki, Ermənistanın son təxribatları nəticəsində iki mülki şəxsin də yaralanması bir daha onların dəyişməyən xislət və xarakterinin mahiyyətini göstərir: “Biz 30 il ərzində erməni vəhşiliyinin mülki şəxslərə, uşaqlara, qadınlara, qocalara necə divan tutulduğunun şahidi olmuşuq. Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun qarşısından qaçan məkirli düşmən Gəncə, Bərdə, Naftalanda mülki şəhərləri, yaşayış məntəqlərini gecə vaxtı ballistik raketlərlə hədəf almışdı”.

Sevinc Hüseynova bildirib ki, Ermənistanın rəhbərliyinin qeyri-müəyyən mövqeyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün etdiyi “manevrlər” heç bir məntiqə sığmır: “Son Brüssel görüşünün ardınca sülh müstəvisində proseslərin irəliləyəcəyinə ümidlər artsa da erməni təxribatları tamam başqa məsələləri gündəmə gətirib. Əslində isə Ermənistanın bu cür “davranışları” bizim gözləntilərimizin əksinə olsa da, heç də təəcüblü qarşılanmadı. Görünən odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və bu ölkədə olan keçmiş “Qarabağ klanının təmsilçiləri, revanşistlər yeni reallıqla barışmaq istəmir. Amma onların nə istəməsindən asılı olmayaraq Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallıq məhz sülh və təhlükəsizlik müstəvisində qarşılıqlı əməkdaşlığı ehtiva edir. Eyni zamanda qarşı tərəf bir daha olanlardan və olacaqlardan nəticə çıxarmalı Azərbaycanın güc mövqeyini qəbul etməlidir. Ermənistanda olan bütün qüvvələr unutmamalıdır ki, hər hansı bir əks arqumentə və təxribata qarşı Azərbaycanın "Dəmir yumruğu" və güclü siyasi iradəsi mövcuddur. Qarşı tərəf bütün bunlardan nəticə çıxarmasa proseslərin sonrakı gedişi onlar üçün daha acınacaqlı ola bilər”.

Milli Məclisin deputatı Aqil Məmmədov məkrli və avantürist siyasətindən əl çəkməyən Ermənistanın növbəti təxribatlarının əsas mahiyyətindən bəhs edib: “Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə növbəti təxribatı bu ölkənin dağıdıcı missiyasından, qonşularla normal yaşaya bilməmək, başqalarının ərazilərində özləri üçün xəyal qurmaq niyyətindən qaynaqlanır. Sözsüz ki, güclü Azərbaycan Ordusu böyük qətiyyət nümayiş etdirərək düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və onlara layiq cavab verdi. Erməni təxribatının qarşısını alarkən böyük, qəhrəmanlıq və sücaət göstərən igidlərimiz şəhidlik zirvəsində yüksəlib. Allahdan şəhidlərimizə rəhmət xalqımıza, şəhid ailələrinə səbr, təmkin diləyirəm. Müzəffər Ordumuz döyüş meydanında şəhidlərimizin qisasını aldı”.

Deputat cəbhədə güclü ordumuzun düşmənə layiqli cavab verməsi fonunda Ermənistan tərəfinin böyük itgilər verir və törətdiyi təxribatın ağır nəticiləri ilə qarşılaşdığını söyləyib: “Amma çox təəsüf ki, daxildə olan bəzi qüvvələr Azərbaycan ordusuna, əsgərimizə sahib çıxmaq əvəzinə daha çox düşmən “dəyirmanına su tökməklə” məşğuldur. Xalqımız hər zaman belə məqamlarda birlik nümayiş etdirir. Təəcüblüdür ki, anti-azərbaycan mövqeli dairələrin əli ilə daxildə və xaricdə oturan bəzi şəxslər ölkəmizin uğurlarına kölgə salmağa çalışır. Bu cür yanaşmalar təbii ki, vətənə, xalqa, dövlətə açıq xəyanət hesab edilir. Cəmiyyətimizin belə şəxslərə qarşı münasibəti də birmənalıdır. Bu gün hər kəs Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi ilə bağlı məsələlərdə səfərbər olduğu bir ərəfədə anti-milli qüvvələrin sərsəm açıqlamaları sadəcə olaraq ikrah doğurur. Əslində bu yanaşmalar onların “mahiyyətini” bir daha açıb göstərir”.

Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının öz müdrikliyi və dövlətinin gücü qarşısında hər bir maneəni necə dəf edildiyinin dəfələrlə şahidi olmuşuq: “Bu məsələlərdə də geridə qalacaq. Amma unudulmayan məhz Azərbaycana dövlətinə xəyanət etmiş şəxslərin “davranışları” olacaq. Azərbaycan güclü dövlətdir. Biz öz hədəflərimizə doğru gedirik. Bu istiqamətdə heç bir maneə bizi öz yolumuzdan döndərə bilməyəcək. Gələcək regional və qlobal miqyasda güclü Azərbaycanladır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər