Belarusda Müstəqil Dövlətlər Birliyi (MDB) təsis edilərkən bura digər dövlətlər də dəvət edilmişdi. MDB-yə isə ən son daxil olan ölkə Azərbaycan olub. 1993-cü ildə Azərbaycanın MDB-yə daxil olması ilə bağlı qərar verildi. MDB-yə üzv olan dövlətlərin ərazi bütövlüyü ilə bağlı isə Azərbaycanla Ermənistan arasında heç bir danışıq, müzakirə aparılmayıb. Çünki həmin dövr Azərbaycanla Ermənistan arasında dərin bir böhran var idi.
Bunu Teleqraf.com-a Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü MDB-yə daxil olarkən tanımışıq” mövzusunu şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, həmin vaxt Ermənistan Qarabağdakı separatçılara açıq dəstək göstərirdi: “Əgər Ermənistan iddia etdiyi kimi MDB-yə daxil olarkən Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o zaman separatçıların məskunlaşdığı keçmiş Dağlıq Qarabağı da Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etməli idi. Əksinə ermənilər 1989-cu ildə keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ilə bağlı saxta bir qərar qəbul etmişdilər. Halbuki həmin vaxt SSRİ mövcud olub. Belə bir qərar verməyə heç kəsin ixtiyarı yox idi. Çünki ərazi və sərhəd yerdəyişmələrini yalnız SSRİ Ali Soveti təsdiq edib, təyin edə bilərdi. Burada həmçinin Azərbaycan Respublikasının mütləq razılığının olması başlıca şərt idi. Amma bunların heç biri baş verməyib. Ermənilər sadəcə olaraq əl altından bu “işləri” edib. Sonradan məlum oldu ki, Ermənistan ali soveti keçmiş “Dağlıq Qarabağ”ın Ermənistan sovet sosialist respublikasına birləşdirilməsi haqqında qərar qəbul edib. Azərbaycan da dərhal keçmiş “Dağlıq Qarabağ” muxtar respublikasının muxtar vilayət statusunu ləğv edib. Beləliklə, keçmiş “Dağlıq Qarabağ” Azərbaycanın ayrılmaz tərkib hissəsi elan edilib. Belə bir şəraitdə müxtəlif yerlərdə hüquqi prosedurlara sığmayan hərəkətlər baş verib”.
Qabil Hüseynli qeyd edib ki, erməni tərəfi “biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq” deyərkən SSRİ dağıldıqdan sonra olan əraziləri nəzərdə tuturlar: “Belə bir faktın olmasını isə biz deyə bilmərik. Çünki bu olmayıb. Sadəcə olaraq iddia edəcəklər ki, 1991-ci ildə keçmiş “Dağlı Qarabağ” Azərbaycanın tərkibinə daxil edilməyib və s. Bunu da həmin vaxt keçirdikləri saxta referenduma əsaslanaraq deyəcəklər. Əslində isə indiki halda erməni tərəfi çoxgedişli bir fənd işlətmək istəyir. Sadəcə olaraq Ermənistan tərəfi yenidən Azərbaycan ərazilərinə qarşı yeni bir diplomatik “fəndlərə” əl atmağa cəhd edir. Amma Azərbaycan BMT üzv olarkən keçmiş “Dağlıq Qarabağ” onun tərkib hissəsi kimi təşkilata daxil olub. BMT-də Azərbaycan suveren ərazilərini tam olaraq bu sərhədlər daxilində tanıyıb. Digər beynəlxalq qurumlara Azərbaycan üzv olarkən da eyni prosedur baş verib. Münaqişə dövründə də Azərbaycanın ərazi bütövlüyü dedikdə BMT-yə üzv olduğumuz sərhədlər daxilində olan suverenliyimiz nəzərdə tutulub. ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə öz əksini tapıb”.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, MDB-və BMT-yə daxil olarkən hər bir dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır:
“Lakin burada Ermənistan tərəfinin bir hiyləsi var. Onlar iddia edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Amma eyni zamanda 1991-ci ilin sentyabrında Qarabağ ermənilərinin keçirdiyi saxta referendumla guya öz müstəqilliklərini elan etdiklərini gündəmə gətirirlər. Digər məqam isə xalqların öz müqəddəratını təyin etmə hüququ ilə dövlətlərin ərazi bütövlüyü məsələsi bərabərləşdirilir. 1993-cü ildə bununla bağlı mən bir məqalə ilə çıxış etmişdim. Burada iki müddəanın ziddiyyətini qabartmışdım. Unutmaq olmazdı ki, gündəmə gətirilən bu məsələ çox ciddidir, beynəlxalq hüquqda eyni səviyyədə qəbul edilir. Amma bununla razı olmaq olmaz. Çünki dünyada maddələrin, müddəaların dəyəri onun kəmiyyəti ilə ölçülür. Dünyada qızılın dəmirdən baha olması onun çox az olması ilə bağlıdır. O şey ki, nadir tapılır, onun qiyməti sözsüz baha olur. Bu gün BMT-yə üz olan 193 dövlət var, təbii ki, dövlətlərin sayı azdır. Bu baxımdan da dövlətlərin ərazi bütövlüyü, suverenliyi daha dəyərlidir. Bunu xalqların və etnosların sayı ilə müqayisə etsək, dövlətlərin daha dəyərli olduğu qənaətini bir daha gücləndirmiş olarıq. Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqqədəratını təyin etmə məsələsindən daha dəyərli və vacibdir”.
Zərdüşt Əlizadəyə görə, bu gün hər bir etnosa öz dövlətini yaratmaq imkanı verilsə İslandiya və Yaponiyadan başqa bütün dövlətlər parçalanmış olardı: “ABŞ-da, Rusiyada, Meksika, İspaniyada, İngiltərədə və başqa ölkələrdə yüzlərlə etnoslar var ki, onlar da bir çox hallarda müstəqillik istəyir. Belə olan halda çox az sayda Qarabağ erməni”sinin “hüquqlarının tanınması absurd məsələdir. Sadəcə olaraq xalqların öz müqəddəratını təyin etmə məsələsi böyük dövlətlər üçün bir alətdir. Ona görə də, ABŞ prezidenti Cozef Bayden okeanın o tayından hoppana-hoppana gəlib deyir ki, “Qarabağ ermənilərinin hüquqlarını tanımaq lazımdır”. Ona demək lazımdır ki, “a, kişi sən get amerikalıların hüquqlarını tanı, sonra gəl”. Düşünürlər ki, burada uzun qulplu çömçə var və beləliklə Bayden siyasi şorba fırlatmaq istəyinə düşüb. Vaxtilə Amerika Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmə hüququndan” istifadə etdi. İndi Amerikanın məqsədi nədir? Bunu anlamaq çətindir”.