Qanunverciliklə şəhidin ata-anası, həyat yoldaşı, 18 yaşına çatmamış övladları və uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailə üzvləri hesab edilir. 18 yaşdan sonra hər bir şəxs əmək qabiliyyətli sayıldığına görə onlara şəhidlə bağlı təminatlar deyil, özünüməşğulluqla proqramlar nəzərdə tutulur. Ona görə də, şəhid ailəsi məhz şəhidin saxlamağa borclu olduğu ailə üzvləri və 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları nəzərdə tutulur.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O hesab edir ki, hər bir təminatın hüquqi və məntiqi əsası olmalıdır: “Şəhidimiz Səbuhi Əhmədovun qardaşı ilə bağlı da məsələ məhz bu qaydada həll olunmalıdır. Şəhid qardaşı da özünüməşğulluq və kiçik biznes yaratmağa imkan yaradan proqramlara cəlb edilə bilər. Ona məhz uşaq evində böyüdüyünə görə bir otaqlı mənzil verilib. Ola bilsin gələcəkdə ailə iki otaqlı mənzillə təmin oluna bilər. Amma ümumilikdə bu məsələlərlə bağlı problemlər var”.
Komitə sədri bildirib ki, bu problemləri uşaq evində böyüyənlər, şəhid ailəsinin üzvləri, Qarabağ qaziləri də qaldırır: “Demək köhnə normativlər artıq özünü doğrultmur. Çünki əvvəlki qaydalara görə, bir nəfərə düşən kiçik həcmli mənzil sahəsi mövcud olduğu halda onun sonrakı dövrdə mənzil sahəsi böyüdülmür. Biz şəhidimizin qardaşını başa düşürük. Əlbəttə ki, mənəvi-sosial cəhətdən 1 otaqlı mənzildə üç nəfərlik ailənin yaşaması çətindir. Hesab edirəm ki, bu cür normativlərə yenidən baxıla bilər. Ümumilikdə şəhid ailəsi üzvlərinin dairəsinin genişləndirilməsi bir o qədər də məntiqə uyğun deyil. Amma mənzil şəraiti ilə bağlı konkret məsələyə yenidən baxmaq olar. Millət vəkili olaraq çağırış edirik ki, Nazirlər Kabineti sovet dövründən qalmış normaları dəyişsin”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki,şəhid ailələri, qazilərin sosial durumunun yaxşılaşdırılması, evlə təminatı və digər zəruri addımların atılması Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşdığını göstərir: "Amma görünür, kimlərsə, reallığı fərqli formada təqdim etməyə çalışır. Əslində isə real mənzərə tamam fərqlidir və dövlətimizin başlıca məqsədi bu kateqoriyadan olan insanlara daha çox diqqət və qayğı göstərməkdir”.
Deputat qeyd edib ki, şəhid ailələri ilə bağlı hər bir məsələ Milli Məclisin də diqqətindədir: “Ümumilikdə isə şəhid ailələri və qazilərlə bağlı Milli Məclisdə əlavə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Hansısa təkliflər, ideyalar, təşəbbüslər olarsa, dövlətin dəstəyinin olması mümkündür. Şəhidimiz Səbuhi Əhmədovun qardaşı var və onun hüquqi varisi də o hesab edilir. Ev məsələsi də məhz mövcud qanunvericiliyə uyğun tənzimlənib. Ailə üzvlərinin sayından asılı olaraq evlər 2-3 otaqlı və daha artıq verilə bilər. Qanunverici orqan isə hər zaman təkliflərə, təşəbbüslərə açıqdır. Təklif və təşəbbüslər millət vəkilləri və cəmiyyət tərəfindən də irəli sürülə bilər”.