3 Oktyabr 2022 14:57
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri və burada keçirdiyi görüşlər mühüm tarixi dövrə təsadüf etməklə yanaşı, vacib əhəmiyyət kəsb edir. Azərbaycanla Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqələrə malikdir. Bu mənada 2015-ci ildə Azərbaycanla Bolqarıstanla arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın davamlılığına təminat verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O hesab edir ki, ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir: “Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Sözsüz ki, indiki şəraitdə bunun əhəmiyyəti daha da artıb. Azərbaycan qazı artıq Bolqarıstana ixrac edilir. Eyni zamanda onun həcminin artırılması nəzərdə tutulur. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Bu mənada Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin”.

Deputatın fikrincə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir: “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsinin enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Burada birmənalı olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun əhəmiyyəti önə çıxır. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu nəzərə alsaq, yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin etməyə imkan verəcək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Həmçinin enerji sahəsində təkcə təbii qazın ixracı ilə kifayətlənmək olmaz. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə bu ölkənin enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması mühüm əhəmiyyətə malikdir”.

Tamam Cəfərovaya görə, yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir: “Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu formalaşdırmağa nail olub. Bu sıradan müasir dəmir və avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanının inşası imkan verir ki, Azərbaycan üzərindən tranzit yüklərinin həcmi daha da artırılsın. Bolqarıstanın da məhz Azərbaycanın formalaşdırdığı tranzit imkanlarından geniş şəkildə yararlanması mümkündür. Bununla bağlı hər iki ölkə arasında tranzit imkanlarından birgə istifadə ilə bağlı mühüm müzakirələr aparılacaq. Eyni zamanda iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsində aktiv yer ala bilər. Daha geniş spektrdə işğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər