Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Azərbaycanla Ermənistan arasında erməni tərəfinin son təxribatları fonunda danışıqlar davam edir. Sülh gündəliyinin əhəmiyyətini, perspektivini necə görürsünüz, qısa zamanda iki ölkə arasında nəhayət düşmənçiliyi bitirəcək sazişin imzlanamasına ümidlər qalırmı?
- Prezident İlham Əliyevin sülh gündəliyini müəyyənləşdirməsi Vətən müharibəsindən dərhal sonra başladı. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi: "Bu, çox az hallarda düşmən xalqlar və dövlətlər arasında özünü göstərən hadisədir". Bu sadəcə bir xalqın yüksək humanist baxışı, dünyaya sülh nəzərləri ilə yanaşması, təhlükəsizliyi önə qoyması ilə bağlı deyil. Eyni zamanda Prezident İlham Əliyevin lider kimi regional və beynəlxalq təhlükələri, riskləri və çağırışları görərək ən düzgün qərarları, addımları müəyyənləşdirmək bacarığı ilə əlaqədardır. Məhz ona görə də biz Qələbəmizin beynəlxalq legitimliyinə hər hansı şübhə görmədən onun tanınması əleyhinə müxtəlif aksiyalar, tədbirlərə baxmayaraq prosesin irəliyə getdiyini görürdük və ona görə də Ermənistanla məlum danışıqlar başlanıldı. Bu gün açıq və aydın bir şəkildə demək lazımdır ki, Azərbaycan xalqını millitaristləşmədə, böyük ərazi iddialarında, hansısa bir aqresiyyada ittiham edən dairələr son iki ildə bizim dövlətin ilk növbədə rəhbərinin, eləcə də məsul nümayəndələrinin dilindən sülhlə bağlı tezislərin, fikirlərin, açıqlamaların deyildiyini onlar məhz müxtəlif texniki mexanizmlərlə müəyyənləşdirə bilərlər. Digər bir məsələ isə onunla bağlıdır ki, ermənilər yenə də son maliyyə imkanlarını da səfərbər edərək, xalqın boğazından kəsərək, onlara ciddi iqtisadi, sosial zərbələr vuraraq, müxtəlif dağıdıcı silahlar topladıqlarını bəyan edirlər. 30 il ərzində bizim torpağımızın bağrını, varlığını zəhərləyib basdırdıqları minaların uzantısını erməni tərəfi indi şərti sərhəd xəttinə döşəyirsə, vaxtilə Rus-Yapon müharibəsində Port Artur qalası ətrafında olduğu kimi minalar müharibəsini həyata keçirirlərsə, təxminlərimiz odur ki, bu halda dövlət rəhbərinin Brüssel görüşlərindəki düşüncəsində məhz bu amil əsas diqqət mərkəzində olacaq.
- Sizcə Ermənistanın sülhə, ən sonda müqavilə imzalamağa iradəsi çatacaqmı?
- Düşündürücüdür ki, onlar bunu istəyirlərmi, həqiqətənmi onların məramlarında və gündəliyində məhz bu məsələ durur? Yoxsa necə ola bilir ki, bir tərəfdən iki dövlət arasında kommunikasiyanın açılmasına razıyıq söylənir, punkt yaradırlar. Danışıqlarda da məhz belə bir məramı göstərməyə cəhd edirlər. Amma əvəzində şərti sərhəd xətləri boyunca bu cür tədbirlər həyata keçirilir, minalar basdırılır. Bunun adını nə qoymaq olar? Bəs buna necə reaksiya olmalıdır? Məhz buna görə də, ondan əvvəlki zamanlarda necə ki, Qisas Əməliyyatı keçirilərkən, əks zərbələr vurularkən, Azərbaycan Prezidenti yenə də strateji xətti sülh üzərində saxladı. Amma müxtəlif qüvvələrin, ilk növbədə isə Nikol Paşinyanın çevrəsinin və daxili qüvvələrin iradəsini yenmək üçün əl atmaq istədiyi təxribatların neytrallaşdırılmasına gedildi. Lakin əsla bizim 12-14 sentyabr tarixlərindəki toqquşmalarda xüsusi olaraq hərbi təyinatlı məqsədlər qarşıya qoyulmamışdı. Həmin iki günün yekununda hərbi taktiki toqquşmaların nəticəsində belə bir vəziyyət hasil oldu.
- Bəs nə üçün biz belə söyləyirik? Sizcə, bundan sonra erməni cəmiyyətinin görməyə adət etmədiyi hansı reallığa uzlaşması lazımdır?
- İlk növbədə ona görə ki, Basarkeçər-Kəlbəcər, Zod-Kəlbəcər ondan sonra irəli xətt boyunca Gorus-Qubadlı, Qafan-Qubadlı, Zəngilan-Zəngəzur xətti boyunca 600 km-lik bir yeni sərhəd xətti meydana çıxıb. Təəssüflər olsun ki, ermənilər onu təmas xətinə, döyüş bölgəsinə döndərməyə çalışdılar. Ona görə də ölkə rəhbəri tərəfindən müəyyənləşdirilmiş baş nazirlərin müavinləri səviyyəsində işçi komissiyanın formalaşdırılması ilə bağlı atılan addımların və keçirilən iki danışığın yekununda məhz sülh yolu ilə qan tökülmədən, hər hansı bir şəhid vermədən prosesi dinc vasitələrlə yoluna qoymağa çalışırdı. Artıq hər gün yuxudan oyanan erməni ailəsi, vətəndaşı gözünün qarşısında yamacda, dağda, təpədə və bizim üçün müqəddəs olan o məkanlarda Azərbaycan hərbçilərini, insanlarını görür. İnşaat və böyük quruculuq tədbirlərinin səsini eşidir. Bu onlar üçün tamamilə fərqli bir situasiyadır. Ona görə də internet resurslarına, informasiya məkanına yansıyan çoxlu kadrları görmək olur. Bu onlar üçün diskomfort yaradır. Qorxu keçirdiklərini, narahat olduqlarını bəyan edirlər. Eyni zamanda təsərrüfat fəaliyyətlərinə “zərbə” olduğundan və s. danışırlar. Məsələnin də əsas mahiyyəti bu nöqtədir. Yəni bu gün şərti sərhəd üzərində baş verən lokal toqquşmalar həm də erməni cəmiyyətinin özünün prosesi sona qədər həzm edə bilməməsi ilə bilavasitə bağlıdır.
- Amma son erməni təxribatları fonunda yenə də ittihamlarla üz-üzə qalan Azərbaycan tərəfi oldu. Bunu az qala 44 günlük müharibənin davamı kimi şərh edənlər də var. Bu arqumentləri nə dərəcədə məntiqli hesab etmək olar?
- Azərbaycanın Ali Baş Komandanı həmin gecədən başlayaraq Ordumuza o təxribatların qarşısında əks-həmlə zərbəsi vurmağa əmr edərkən mənə görə, 44 günlük savaşın davamını aparmış oldu. Bunu məhz belə qarşılamalıyıq. Sentyabr ayının müqəddəsliyini və siyasi zəfər təqvimi kimi formalaşan bu günləri əlimizdən almağa çalışan qüvvələrə növbəti dəfə öz yerləri göstərildi. Burada 44 günlük zəfər hərəkatımız zamanı hərbi əməliyyatların tamam fərqli bir savaş nümunələrinin, XXI əsr döyüşlərinin yeni növlərinin tətbiqini gördük. Təəssüflər olsun ki, bu amil bir sıra qüvvələrin nəzərlərindən sanki qaçır. Amma bunu qabartmaq lazımdır. Şanxay görüşləri öncəsi Tacikistan-Qırğızıstan sərhədində baş verən əməliyyatlarda Bayraqdarların tətbiqindən danışılır. Rusiya-Ukrayna savaşı dünyanın təhlükəsizliyini təhdid etdiyi bir şəraitdə bu hava məkanına daha çox yansıyır. İndi Rusiyanın İrandan pilotsuz uçuş aparatları aldığı bəyan edilir. Kollektiv Qərb isə Ukraynanı silahla təmin edir. Burada sadaladığımız genişmiqyaslı təxribatlar qarşısında Azərbycanın tətbiq etdiyi model Ermənistana, onun elitasına, hərbi rəhbərliyinə ən böyük zərbə oldu. Azərbaycanın Hərbi Hava Qüvvələri, yeni formalaşan Komando birlikləri və Xüsusi Təyinatlıların birgə gücü ilə 57 hərbi mövqe, 8 strateji yüksəklik əldə edildi. Düşmənin hərbi texnikasına, texnologiyasına, S-300-lər daxil olmaqla elə zərbələr vuruldu ki, heç şübhəsiz bunun iqtisadi-maliyyə əvəzini ödəmək 10 illər aparacaq.
- II Qarabağ müharibəsindən sonra Ermənistan həmin silahları Azərbaycanla şərti sərhəd xəttinə cəmləşdirməkdə nə məqsəd güdürdü? Həmin silahlar azad edilmiş ərazilərdə məskunlaşma üçün hansı əngəllər yarada bilərdi?
- Sözsüz ki, bu, Böyük Qayıdışı əngəlləmək üçün mümkün variantlardan biri hesab edilir. Bu, II Qarabağ müharibəsi zamanı Gəncəyə və Bərdəyə qarşı həyata keçirilmiş qanlı terrorla eynilik təşkil edir. Azərbaycan o dövr onların bir hissəsini zərərsizləşdirmişdi. Bir daha məlum olur ki, sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan Müdafiə Nazirliyinin brifinqində və açıqlamasında ərazi və təminat yollarının Ermənistan tərəfindən minalanması xəbəri xüsusi qırmızı xətlə keçirdi. Bu da başa düşüləndir ki, onların sanki gücü bu minalardadır. Onlar bunun vasitəsi ilə savaş aparmaq istəyirlər. Bu da bizim üçün itkilər yaradır. Beləliklə həmin zərbələrdən sonra Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh prosesinə təbii ki, kölgə düşdü, xələl gəldi. İndi onu irəliyə aparmaq üçün müəyyən qədər güc və iradə tələb olunacaq. Amma dövlət başçısının Şanxay sammitindəki iştirakı və oradakı çıxışı, dünyaya səslənişi, ardınca Rusiya rəhbəri ilə görüşü, aparılan danışıqlar, verilən bəyanatlar prosesin Qarabağ hövzəsində, bu arealda deyil, ondan kənarda baş verdiyini göstərdi. Erməniləri də xüsusi olaraq narahat edən o idi. Bu foksda Xankəndi və onun ətrafındakı üç bölgədəki insanların “yox” edilməsi kimi təhlükə, nəzəriyyə və onun tanıtdırılması kimi “planlar”, “ssenarilər” işə düşə bilmədi. Lakin həmin əməliyyatlardan sonra dünyada müxtəlif dairələr II Qarabağ savaşında Azərbaycana vura bilmədikləri siyasi zərbələri, müxtəlif iqtisadi təzyiq və təsirləri hərbi təhdidləri məhz indi ələ keçmiş bir fürsət kimi dəyərləndirərək hərəkət etdilər.
- Şərti sərhəddə baş vermiş toqquşmalardan sonra Nensi Pelosinin Ermənistana səfəri və verilən bəyanatlar var. İki hadisə arasında bir bağlılıq var?
- ABŞ Konqresinin erməni foksu üzrə dostluq qrupuna daxil olan 45-ə qədər üzvü, o cümlədən Nensi Pelosinin səfəri oldu. Bu qəti bir şəkildə həmin şərti sərhəddə baş verən toqquşmadan öncə planlaşdırlmış bir aksiya idi. Faktiki olaraq N.Pelosinin Tayvan səfəri öncəsi onun İrəvana da gələcəyi nəzərdə tutulurdu. Şübhəsiz ki, burada siyasi lobbiçi dairələr və onların ödədiyi böyük vəsaitlər mühüm rol oynayıb. Amma ondan əvvəl də “Anka”nın, yəni erməni milli komitəsinin fəaliyyətləri fonunda bu danışıqların aparıldığı vurğulanırdı. Beləliklə, N.Pelosi ölkəsinə dönərkən ayrıca bir açıqlama ilə çıxış edərkən səfərinin əvvəldən nəzərdə tutulduğunu özü vurğuladı. Çünki daxildə bu gün müəyyən qüvvələr Amerikanın Azərbaycana qarşı gələcəkdə tətbiq edəcəkləri hər hansı sanksiyaları, ağır hərbi təhdidləri və N.Pelosinin Ermənistana gəlişini məhz 12-14 sentyabr hadisələrinə bağlayırlar. Bu onların nəinki təkcə informasiyasızlığından, məsələlərə siyasi, diplomatik baxışdan baxmamaqdan, bu protokolun necə formalaşdığını bilməməklərindən irəli gəlir. Digər tərəfdən bu həm də məqsədli həyata keçirilir. Amma Tayvan kontekstində artıq prosesdə bir nifaq tərəfi kimi rol oynamağa çalışan N.Pelosinin bu səfəri təkcə Azərbaycana hədəfli deyildi. Ona görə də verilmiş bəyanatlar müəyyən qədər balanslı sayıla bilər.
- Bunu nə üçün belə qiymətləndirmək olar?
- İlk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dağıdılması - çünki zəif bənd olaraq ayrı-ayrı nöqtələrdən Rusiyanı mühasirəyə alaraq əzmək və bu hərbi formatı, NATO-nun əksi iddiasında çıxış edən bu qurumu sıradan çıxarmaq niyyəti burada önəmli yer alırdı. Kiçik anti-Rusiya bloklarını artırmaq, gücləndirmək, genişləndirmək burada başlıca məqsəddir. Bununla da Ermənistanı öz qanadları altına almaq çox mühüm strategiyalarından biri idi. Məhz bunu Gürcüstanda və Azərbaycanda həyata keçirə bilmirlər. Tarixi bir faktı xatırladaq ki, 1943-cü ildə Tehran konfransında anti-Hitler koalisiyasını formalaşdırmaq üçün aparılan görüşlərlə bunu müqayisə etmək olar. Orada qərarlar verilmiş olsa da, Qərb dövlətləri prosesi 1944-cü ilə qədər uzatdılar. Sonra isə Normand çölünə çıxma əməliyyatı baş verdi. Artıq qalibin hansı tərəf olacağı bəlli idi. Burada da başa düşürlər ki, Moldovada da müəyyən bir siyasi cəbhə açılır. Yunanıstanı qardaş Türkiyənin üzərinə qaldırmaqla, təşviq etməklə bu cəbhədə onun Rusiya ilə normal münasibətlərinə zərbə vurmaq məqsədləri güdülür. Çinin orada Tayvanla diqqəti qarışdırılır və gücü aşağılanır ki, proseslər o müstəvidə cərəyan etsin. Bura da xüsusi olaraq Rusiya əleyhinə bir plasdarm formalaşdırılması yönündə Ermənistanın onun orbitindən çıxarılması və Kreml preferiyasında əlavə ikinci cəbhələrin açılması yönündə addımlar atılır. Əslində Alen Simonyan Ermənistan parlamentinin rəhbəri kimi N.Paşinyanın demək olar ki, 3-4 il ərzində apardığı o xətti tam ifşa etdi. O bəyan etdi ki, Rusiyadan onlar gözlədiklərini almırlar. Bu gün Rusiya əsgəri ermənilərin maraqları üçün döyüşmür. Bu onları şübhəsiz ki narahat edir. Məhz N.Pelosinin səfərində də Rusiyanın media cameəsində o cümlədən müxtəlif yüksək rütbəli siyasilər tərəfindən çox kəskin reaksiyalar verilmiş oldu. Faktiki olaraq bu mövqe yüz il əvvəl çarizm imperiyasi çökərkən Vudro Vilsonun qanadları altına sığınmağa çalışan bir Ermənistan xislətini və mövqeyinin sanki yüz il sonra da təkrarlandığını biz görməkdəyik. Onlar həmişə qəyyumlarını və himayədarlarını bu cür mühüm keçid anlarında dəyişirlər. Bu da onlara əslində geniş mənada zərbə vurur. Əksər situasiyalarda fayda vermir. Amma bəzi dövrlərdə isə ondan qazanırlar. Çünki formasiyalar dəyişəndə onlar xeyli irəliyə düşüblər.
- Azərbaycanın şərti sərhəddə qarşı tərəfin təxribatına qarşı zərbələri Ermənistan cəmiyyətinin “sülhdən başqa yol ölümdür” düşüncəsini hansı istiqamətdə dəyişdi?
- İndi tarixə Prezident İlham Əliyev fenomeni daxil olub. O xalqını və Ordusunu səfərbər edərək bu savaşı udub. Ona görə də Laçına gedərək bilavasitə bayrağımızı qaldırmaq, “Murovdan Arazadək” ifadəsini bəyan etmək, o nöqtələrdə, strateji zirvələrdə Azərbaycan mövqeyinin gücləndiyini bəyan etmək mühüm əhəmiyyətə malik idi. “Bizə buyurun sərhədi göstərin” mesajını verən Lider Azərbaycan xalqına onun içərisində bu və ya digər məsələlərə yanaşmalarında şübhəsi olan və yaxud ictimai fikri parçalamağa xidmət edən dairələrin “hə biz indi işğalçılıqmı siyasətinə başlayırıq?”, “o xəttimi aparacayıq?”, “o aqresiyya bizə dünya birliyində mövqelərimizə zərbə vurar” deyənlərə də reaksiyasını göstərmiş oldu. Əslində bu dünya ilə birbaşa dialoq idi, qlobal miqyaslı bir brifinq sayıla bilərdi. Digər tərəfdən isə Laçının vaxtilə erməniləşdirilməsi istəyində olanlar, ATƏT-in Minsk qrupu və digər formatların göz yumduğu bəyan edildi. Əslində isə Azərbaycanın mövqeyi son zərbələrdən sonra Ermənistan içərisində onları sülhə gətirən mövqeləri gücləndirmiş olacaq. N.Paşinyan BMT tribunasında 21 dəqiqəlik çıxışının 20 dəqiqə 55 saniyəsini bütövlükdə Azərbyacana həsr etdi. Bununla biz tarixin başqa bir əks formada təkrarlandığını görürük. İndi onlar bizim epitetlərimiz, arqumentlərimizlə silahlanıblar. Ərazi bütövlüyü terminindən sonra ermənilər çox danışmağa başlayıblar. Hətta II Qarabağ savaşında bunu eşitməmişdik. Bu çox unikal bir evolyutsiyadır.
- Nə əcəb onlar belə inkişaf ediblər?
- Zamanında biz ərazi bütövlüyünə toxunmayın dedikdə onu bir hüquq predmeti kimi tanımırdılar. əslində sual vermək lazım idi ki, nə yaxşı bunlar gəlib o nöqtəyə çatdılar ki?.. Məhz 12-14 sentyabr zərbələri olmasa idi erməni “steblişmenti”, onun rəhbər heyəti bu cür düşüncəyə gəlməzdi. Ayın 13-də bəyan edirlər ki, Azərbaycan sərhədi tanımırsa, sovet xəritələri üzrə Qarabağın onun tərkibində olmasını da tanımır? Məşhur “Roma prinsipi” var ki, biz də elə bunu sübut etmək istəyirik. Onlar buyursun göstərsinlər. N.Paşinyan Azərbaycan rəhbərliyinə müraciət edir ki, hansı Ermənistanı tanıdığınızı göstərin. Yəni onların baxışı ilə 29,8 min kv km deyil də başqa hansı ərazini tanıyırıq? Burada heç bir problem yoxdur. Prezident İlham Əliyev çarizm dövrünün, sovet illərinin də son zamanların da xəritəsini topladıqlarını və bunu danışıqların predmetinə çevirmək istədiyini bəyan etdi. Çünki Azərbaycan sülhün region üçün qazanc olduğunu görür.