4 Oktyabr 2022 20:29
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Prezident İlham Əliyevin cari ilin sentyabrında erməni işğalından azad edilmiş Laçın şəhərinə səfərindən bəhs edən “Azərbaycan Prezidenti Qarabağ bölgəsinin Laçın şəhərinə səfər edib” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə üçtərəfli Bəyanata əsasən cari il avqustun 26-da erməni işğalçı qüvvələrinin tərk etdiyi və Azərbaycan silahlı qüvvələrinin daxil olduğu Laçın şəhərinə Azərbaycan Prezidentinin sentyabrın 21-də səfər etdiyinə və şəhər mərkəzində Azərbaycan bayrağını dalğalandırdığına diqqət cəlb edilib.

Azərbaycanın Ermənistan torpaqlarında müharibə aparması ilə bağlı iddialara cavab olaraq Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında sərhədlərin demarkasiyası həyata keçirilmədiyi üçün Azərbaycan heç bir dövlətin sərhədlərini pozmayıb: “Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir... Biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq... Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanın istər Laçında, istərsə də Qarabağın digər rayonlarında vəhşiliklər törətdiyini, Laçında 1400-ə yaxın mina yerləşdirdiyini, müharibə başa çatdıqdan sonra da tarixi və dini abidələri dağıtdığını vurğulayıb. Ölkə Prezidenti Azərbaycanın Ermənistanla müharibə başa çatan kimi sülh müqaviləsi imzalamağı təklif etməsinə baxmayaraq, qarşı tərəfin nəinki sülh sazişini imzalamaqdan imtina etdiyini, hətta yeni təxribatlar törətdiyini qeyd edib.

Məqalədə Prezident İlham Əliyevin öz çıxışında BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu kimi beynəlxalq təşkilatların da fəaliyyətinə toxunduğu, Şuranın dörd qətnaməsini pozaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistana qarşı adıçəkilən qurumların heç bir sanksiya tətbiq etməməklə təcavüzkara dəstək verdiyini vurğuladığı diqqətə çatdırılıb. Azərbaycan Prezidenti çıxışının sonunda Laçında həyata keçirilən və qarşıda duran işlərdən danışaraq qeyd edib ki, yaxın vaxtlarda Laçında Qubadlı-Laçın dəmir yolunun tikintisinə başlanacaq. Murovdağdan Laçın şəhərinə qədər olan hissədə 12 tunelin tikintisi də həlli gözlənilən vəzifələr sırasındadır. Elektrik enerjisi ilə bağlı problemlərin qarşısının alınması məqsədilə Laçında “Güləbird” Su Elektrik Stansiyasının tikintisi də nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər