Özünün terror və hərbi cinayət mahiyyətindən heç vaxt uzaq düşməyən Ermənistan 44 günlük Vətən müharibəsi dövründə də insanlıq əleyhinə qanlı qətliamlar törədib. Vətən müharibəsi günlərində döyüş meydanında rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyən və ağır məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri məğlubiyyətin acısını çıxmaq məqsədilə müharibə cinayətlərinə əl atırdı. Döyüş meydanından kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımız qadağan olunmuş silah və ballistik raketlərlə atəşə tutuldu. Tərtər, Goranboy, Bərdə, Gəncə, Mingəçevir, Qəbələ və Xızı erməni terrorundan zərər çəkmiş şəhər və rayonlarımızdandır. Erməni tərəfi mülki infrastrukturu və yaşayış məntəqələrini hədəf almaqla Azərbaycan xalqının mübarizə əzmini zəiflətməyi düşünürdü. Amma özünün mübarizlik əzmini bir an belə itirməyən xalqımız erməni tərəfinin çirkin əməllərinə cavab olaraq sona kimi Ordumuzun arxasında dayandı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Gəncə şəhəri 44 günlük hərbi əməliyyatlar dövründə bir neçə dəfə Ermənistan tərəfindən ballistik raketlərlə vurulub:
“Xalqımız zaman-zaman erməni terrorundan əziyyət çəkib. İki il öncə də Ermənistan Azərbaycan xalqına qarşı növbəti terror aktı törətdi. Ermənistan ərazisindən atılan ballistik raketlər nəticəsində onlarla dinc sakin şəhid oldu. Bu qanlı hücum zamanı şəhidlərimizlə yanaşı yaralılarımız da var idi. Şəhərin infrastrukturuna ciddi ziyan dəydi. Gəncəyə edilən raket hücumları Ermənistanın terrorçu mahiyyətinin daha bir sübutudur. Çox təəssüflər olsun ki, Ermənistanın Azərbaycana, xalqımıza qarşı zamanla törətmiş olduğu terror aktları, eyni zamanda, Vətən müharibəsi günlərində yol verdiyi müharibə cinayətlərinə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən ədalətli qiymət verilməyib. Bu isə dünyada ikili standartların mövcudluğundan xəbər verir”.
Deputat Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurduğunu söyləyib:
“Çünki Ermənistan dövlətinin xislətində uşaq, qadın, qoca öldürmək, terror törətmək, soyqırımı, etnik təmizləmə aparmaq kimi bir mahiyyət var. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də diplomatik müstəvidə möhtəşəm qələbə qazanaraq tarixi ədaləti bərpa etdi. Aktiv hərbi əməliyyatlar, eyni zamanda, post-münaqişə dövründə Azərbaycan özünün hüquqi dövlət olduğunu nümayiş etdirdi”.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terror aktları nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.