Praqa görüşündə əsas məsələ, sazişin dəsti-xətti və ərazi bütövlüyü idi. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Burada problem ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıdığını açıqlasa da, reallıqda belə bir fakt yox idi. Çünki N.Paşinyanın özü də 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır” demişdi. Eyni zamanda müxtəlif forumlarda Ermənistanın Xarici İşlər nazirliyinin nümayəndələri, səfirləri, diplomatları iddia edirdilər ki, “Dağlıq Qarabağ” müstəqil dövlət olub. Ona görə də bu cür bəyanatlardan sonra paradiqma dəyişməli idi.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, nəticəni bəyanatdan sonra gedən proseslərin yekununda tam bilmək mümkün olacaq:
“Çünki bu bəyanatlara son qoyulmalı, əsas məsələ icra olunmalıdır. Əgər bu baş verməsə, demək ki, birmənalı olaraq Ermənistan Praqada verilən bəyanatdan boyun qaçırır. Beləliklə də bu ölkə faktiki olaraq bəyanatda olan öhdəliyini yerinə yetirmir. Hazırda əsas məsələ budur”.
Fərid Şəfiyev hesab edir ki, ümumilikdə Praqa görüşü sülhə doğru çox vacib bir dönüş nöqtəsi ola bilər:
“Regionda təkcə Ermənistan-Azərbaycan arasında deyil, ümumiyyətlə real mənzərə dəyişə bilər. Prezident İlham Əliyev də 3 ölkə arasında mühüm platformadan danışıb. Bunun təsiri təbii ki, tutarlı olacaq. Amma burada da Ermənistanın davranışları, götürdüyü öhdəliklərə nə dərəcədə ciddi riayət edib-etmədiyi məsələsi var. Ona görə də bu məsələlərlə bağlı konkret bir nəticədən danışmaq hələ tezdir”.